"Aİ Azərbaycanın ərazi bütövlüyünü tanıyan bir qurumdur" - SİYASİ EKSPERT AÇIQLADI

"Avropa İttifaqı Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində vasitəçilik missiyasını həyata keçirən ən neytral və etibarlı tərəfdaşdır". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov deyib.

Onun sözlərinə görə, məhz Avropa İttifaqının vasitəçiliyi ilə iki dövlətin başçıları arasında keçirilən görüşlərdə real nəticələr və irəliləyiş əldə olundu, sərhədlərin delimitasiyası ilə bağlı hər iki tərəfdə hökumət komissiyaları yaranaraq işə başladılar: "Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıyan bir qurumdur, açıqlamalarında Qarabağdakı ermənilərin status məsələsinə heç zaman yer verməyib, baxmayaraq ki, ermənilər buna çox çalışırlar. Ona görə düşünürəm ki, Avropa İttifaqının vasitəçiliyi ilə bizim danışıqları davam etdirməyimiz və əməkdaşlığımız ölkəmizin maraqlarına uyğundur. Avropa İttifaqının vasitəçiliyi ilə Ermənistanın baş naziri və Azərbaycan prezidenti arasında artıq üç görüş keçirilmişdir. Bu sözsüz ki, nəticəyə çatmaqda bizə kömək edə bilər. Digər tərəfdən Aİ-nin Ermənistana da təzyiq mexanizmləri mövcuddur. Aİ bu il Ermənistana geniş maliyyə yardımı paketi ayırıb. Digər vasitəçilərlə müqayisədə Avropa İttifaqının bölgədə sülh quruculuğu, etimad mühiti və insanlar-arası əlaqələri inkişaf etdirmək, iqtisadi və kommunikasiya layihələri üçün geniş maliyyə alətləri mövcuddur. Bu baxımdan arzu olunandır ki, Ermənistanla Azərbaycan arasında hər hansı irəliləyiş əldə olacaqsa, bu məhz Avropa İttifaqının vasitəçiliyi ilə baş versin. Hər iki icmada və cəmiyyətdə buna müəyyən ümidlər var, eyni zamanda bunu qısqanan və həzm edə bilməyən qüvvələr də təəssüf ki, mövcuddur".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə