“Ermənistanın yenidən Azərbaycanla müharibə aparmağa cürəti çatmaz” MÜSAHİBƏ

Müsahibimiz Millət vəkili Azər Badamovdur

- Azər müəllim, Ermənistan yenidən aranı qarışdırmaq və Qarabağda müəyyən yerlərdə təxribatlar törətməyi planlaşdırır. Sizcə, Ermənistan məkrli niyyətini reallaşdıra bilərmi?

- Bir tərəfdən Ermənistan Azərbaycanla kommunikasiyaların açılmasından danışır və üçtərəfli bəyanatlara imzalar atır, digər tərəfdən isə özlərinin iyrənc, təxribatçı əməllərindən əl çəkmək istəmir. Görünür, bunlar 44 günlük müharibədə aldığı zərbədən hələ də nəticə çıxarmamışdır. Ermənilərin əməlləri ilə dedikləri heç vaxt uyğun gəlməmişdir. Ona görə də məhv olunub yer üzündən silinmək üzrədirlər. Amma yenə də aranı qarışdırmaq və təxribatlar törətməyini, sanki özləri üçün həyat amalı hesab edirlər. Bu gün Azərbaycanın ordusu ölkəmizdə düşmənin həyata keçirmək istədiyi hər bir təxribatın qarşısını ciddi şəkildə almağına hazırdır. Necə ki, 26 noyabrda Xocavənd rayonu ərazisində keçirilən antiterror əməliyyatı sayəsində onlarla erməni terrorçusunu əsir götürmüşük. Düşünürəm ki, bundan sonra belə fikirli erməni terrorçuları ərazimizdə müəyyən olunarsa yerindəcə məhv edilərək zərərsizləşdirilməlidir. Çünki beynəlxalq qanunlarla mühakimə olunmaq ermənilər üçün deyil. Ümumiyyətlə, bəşəriyyət bu erməni xəstəliyindən sağalmalıdır.

- Bu günlər Ermənistan Təhlükəsizlik Şurasının iclası keçirilib və iclasa A.Arutunyan da qoşulub. Sizcə, terrorçu başı A.Arutunyanın Təhlükəsizlik Şurasının iclasında iştirak etməsi nədən irəli gəlir?

- Ermənistan Təhlükəsizlik Şurasının iclasında Arutunyanın iştirak etməsini ermənilərin öz çirkin əməllərindən əl çəkmədiyinin göstəricisi hesab edirəm. Azərbaycan humanistlik göstərərək 10 noyabrda üçtərəfli bəyanat imzalayaraq Dağlıq Qarabağda yaşayan erməni vətəndaşlarının ölkəmizdə yaşamasının davamına imkan yaratdı. Bu məqsədlə Rusiya sülhməramlıların müəyyən müddətdə təhlükəsizliyin təmin edilməsinə razı olduq. Amma bu, o demək deyildi ki, ermənilər Rusiya sülhməramlılara arxalanıb öz köhnə fikirlərini yenidən gündəmə gətirməlidir. Əgər ermənilər özlərini tərbiyəli aparmasalar, Azərbaycan Rusiya sülhməramlıların ərazimizdə iştirakından imtina edə bilər. Təbii ki, bu, Dağlıq Qarabağda yaşayan arutunyanların sonunu gətirər. Nə qədər gec deyil ermənilər Azərbaycanın humanistliyindən nəticə çıxarıb tezliklə birgə yaşaması üçün təşəbbüs göstərməlidirlər. Əks halda bu, ermənilər üçün yaxşı heç nə verməyəcəkdir.

- Ermənistanda bəzi revanşist qüvvələr meydana çıxıb və yenidən Qarabağda müharibə aparılması çağırışı ilə çıxış edirlər. Buna münasibətiniz?

- Belə revanşist şüarların səsləndirilməsi ermənilərin gələcəyi üçün yaxşı heç nə vəd etmir. Ermənilər bəzi xarici dairələrin dəstəyinə arxayınlaşıb belə fikirləri səsləndirdiyini düşünürəm. Onu qeyd etmək istəyirəm ki, 44 günlük Vətən Müharibəsində Ermənistan ordusu məhv olunmuşdur. Baxmayaraq ki, onlar belə şüarlar səsləndirirlər, amma onların müharibə aparmağına güc yığması üçün uzun illər lazım olacaqdır. Bununla yanaşı, Azərbaycan da öz ordusunu daha da gücləndirir və müasir silahlarla təmini davam etdirir. Ona görə də Ermənistanın yenidən Azərbaycanla müharibə aparmağa cürəti çatmaz.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...