"Konpensasiyalar yaxın zamanda əhaliyə ödənilməyə başlanacaq" ÖZƏL - AÇIQLAMA

"Koronavirusla mübarizə sahəsində görülən işləri Avropa standartları ilə ölçmək və dəyərləndirmək olar". Bu sözləri SİA-ya açıqlamasında siyasi məsələlər üzrə ekspert, politoloq Qabil Hüseynli Azərbaycanda koronavirusla mübarizə fonunda görülən tədbirləri dünyada görülən işlərlə müqayisə edərkən deyib.

O bildirib ki, bu mübarizə fonunda Azərbaycan heç də Avropa ölkələrindən geri qalmır. Siyasətçi ölkə rəhbərliyinin həyata keçirdiyi, əhalinin vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş layihələri də dəyərləndirib: "Azərbaycanda aparılan tədbirlər dünya standartları səviyyəsində dəyərləndirilə bilər. Yəni, dünyanın bir çox qabaqcıl ölkələrində görülən işlərlə yaxın tədbirlər görülür. İstər əhalinin karantin vəziyyətində saxlanılması zamanı koronavirusun yayılmaması üçün görülən bir sıra profilaktik tədbirlər, istərsə də sosial planda dövlət tərəfindən ayrılan vəsaitin miqdarı və bu vəsaitin maddi vəziyyəti yaxşı olmayan sosial təbəqələrə ayrılması məsələsində Azərbaycan yerləşdiyi regionun sözsüz ki, lider ölkəsidir.

Eyni zamanda bu istiqamətdə görülən işləri Avropa standartları ilə ölçmək və dəyərləndirmək olar. Bu gün ziyan görmüş sahibkarlara və biznes qruplarına konpensasiyaların ayrılması, aztəminatlı və işsiz şəxslər sosial cəhətdən müfaviq layihələr istiqamətində əlavə müavinətlərin verilməsi, bütövlükdə isə koronavirusun yayılmasının qarşısının alınması üçün tibbi maddi texnikanın gücləndirilməsi, yeni xəstəxana kompleksinin açılmasını, rayon mərkəzi xəstəxanalarının koronavirusa qarşı mübarizədə yüksək səviyyəyə gətirilməsi, onlara avadanlıqların alınması və maddi texniki bazasının möhkəmləndirilməsi dövlət və ölkə prezidentinin koronavirusa qarşı ardıcıl təxirəsalınmaz və prinsipial tədbirlər həyata keçirdiyini göstərir".

Digər tərəfdən məcburi məzuniyyətə buraxılmış və yaxud əhalinin 5 faizini təşkil edən işçiz şəxslər, bu dövrdə maddi çətinliklərlə qarşılaşmış ailələr üçün konpensasiya ayırıldığını vurğulayan Qabil Hüseynli qeyd edib ki, yaxın zamanda bu konpensasiyalar əhaliyə ödənilməyə başlanacaq:

"Bütün bu proseslər fonunda Azərbaycanın Avropa standartlarına uyğun addımlar atdığını müşahidə etmək olar. Zənnimcə, Azərbaycan bir sıra Avropa ölkələrindən, eyni zamanda Avropa İttifaqına daxil olan Polşa, Çexiya, Monteneqro, Bolqarıstan kimi ölkələrdən daha yüksək səviyyədə işlər görür. Bunlar ölkənin siyasi rəhbərliyinin koronavirusla bağlı görülən tədbirlər sahəsində ciddi siyasi iradə ortaya qoyduqlarını, həmçinin bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət apardıqlarını göstərir. Bununla da koronavirusun yayılmasının qarşısını almaq tamamilə nəzarət altında olacaq".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...