"Xalqımız 20 yanvar faciəsini və onun qurbanlarını heç zaman unutmur, unutmayacaq” Əli Əhmədov

"20 yanvar faciəsi sadcə olaraq Azərbaycan xalqının başına gətirilən faciə deyildi, bu, xalqımıza qarşı törədilən böyük qanlı bir cinayət idi". SİA-nın verdiyi məlumata görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov 20 Yanvar faciəsinin 30-cu il dönümü ilə bağlı Yeni Azərbaycan Partiyasında keçirilən anım tədbirində deyib.

Ə.Əhmədov bildirib, bu cinayəti törədənlər də o zamankı sovet imperiyası və sovet imperiyasının rəhbərliyində duranlar idi: “Tarixdə törədilən cinayətlərə görə cavab verilməməsi hallarına demək olar ki, rast gəlmək mümkün deyil. Yəqin ki, 20 Yanvar faciəsi yeganə haldır ki, bu faciəni və qırğını tördənlərin heç biri bu günə qədər cəzalarını almayıblar, nə bu qırğının törədilməsinə əmr verənlər, nə də onu icra edənlər.

Azərbaycan xaqının ümummilli lideri Heydər Əliyev faciənin törədilməsinin növbəti günündə bu faciənin əsl baiskarı və səbəbkarını, o zamanlar Sovet İttifaqına rəhbərlik edən Qarbaçovu ciddi şəkildə ittiham etdi və bu faciəyə qiymət verilməsi tələbini irəli sürdü. Hesab edirəm ki, biz 30 il bundan əvvəl törədilən faciəni sadəcə olaraq Azərbaycan tarixinin hüzn günü kimi qeyd etməli deyilik. Bu, Azərbaycan xalqının öz azadlğı uğruna mübarizəsinin şanlı və parlaq səhifələrindən biridir. 30 il ötüb, bu gün Azərbaycan müstəqil dövlətdir, həmin faciə törədiləndən təqribən bir il sonra sovet hakimiyyəti çökdü və Azərbaycan da öz müstəqilliyinə qovuşmuş oldu.

Bu gün ayrıca olaraq vurğulayırıq ki, Azərbaycanın müstəqillik qazanmasında, öz müstəqil inkişaf yolunu seçməsində 20 Yanvar faciəsi zamanı öz canlarını qurban vermiş şəhidlərimizin böyük rolu var. Azərbaycan xalqı 20 yanvar faciəsini və onun qurbanlarını heç zaman unutmur, unutmayacaq”.

Daha sonra tədbirdə çıxış edən Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində qanlı yanvar faciəsi kimi yazılıb: “1990-cı il 20 Yanvar hadisələri sovet ordusunun Azırbaycan xalqına qarşı həyata keçirdiyi misli görünməmiş hərbi təcavüz, insanlığa qarşı törədilmiş ən ağır cinayətdir. 20 yanvar hadisələrinə siyasi qiymət verilməsi sahəsində ilk və mühüm tarixi addımlar ümummilli liderin Heydər Əliyev tərəfindən atılıb. Ulu öndər 20 yanvar əlilləri, şəhid ailələrinin hərtərəfli qayğı ilə əhatə olunması üçün mühüm qərarlar qəbul edilib”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə