Elmar Məmmədyarov həmkarını təbrik edib

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ekvador Respublikasının xarici işlər naziri Xose Samuel Valesia Amores iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 15 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirib. XİN-dən SİA-ya verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov məktubda Azərbaycan Respublikası ilə Ekvador Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 15-ci ildönümü münasibətilə öz həmkarı Xose Samuel Valesia Amoresi təbrik edib.

Məktubda Elmar Məmmədyarov dostluq ruhuna əsaslanan qarşılıqlı faydalı əməkdaşlığın iki xalq arasındakı ikitərəfli və çoxtərəfli dialoqun gücləndirilməsinə imkan yaratdığını qeyd edib.

Nazir Elmar Məmmədyarov tənzimlənməsi BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874, 884 saylı qətnamələri ilə bir daha təsbit olunmuş, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həlli üzrə Ekvadorun dəyərli dəstəyini vurğulayıb.

Sonda Nazir Elmar Məmmədyarov hər iki xalqın rifahı naminə mövcud çoxşaxəli əlaqələrin gələcəkdə daha da inkişafı üçün birgə səylərin davam etdiriləcəyindən əmin olduğunu bildirib.

Ekvador Respublikasının xarici işlər naziri Xose Samuel Valesia Amores xarici işlər naziri Elmar Məmmədyarova ünvanladığı məktubunda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 15-ci ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb.

Məktubda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının xalqlarımızın inkişafına, ümumi birgə məqsədlərə nail olunmasına və iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət edəcəyi qeyd edilib.

Daha sonra Ekvador xarici işlər naziri Xose Samuel Valesia Amores Azərbaycan höküməti və xalqına ən xoş arzularını çatdırıb.

Azərbaycan Respublikası ilə Ekvador Respublikası arasında diplomatik münasibətlər 22 mart 2004-cü ildə qurulub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə