İsrailli jurnalistlər Baş nazirin müavini ilə görüşüblər

"Azərbaycan bir tolerantlıq nümunəsi olaraq, mədəniyyətlər və dinlərarası dialoqa böyük əhəmiyyət verir. Ölkəmizdə nadir tolerantlıq mühiti var. Azərbaycanda bütün qeyri-millətlərin nümayəndələri əsirlər boyu yerli əhali ilə birgə sülh, əmin-amanlıq şəraitində yaşayır, onların hamısının ibadət yerləri mövcuddur". SİA-nın məlumatına görə, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov İsrail Dövlətinin Jurnalistlər İttifaqının nümayəndələri ilə görüşdə səsləndirib.

Əli Həsənov deyib ki, Bakıda yəhudilərin üç, Qubada isə bir sinaqoqu var. Yəhudilər Azərbaycanda əsrlər boyu bir yerdə yaşayıblar. Ölkəmizdə heç vaxt antisemitizm halı olmayıb. Onlar həmişə olduğu kimi, bundan sonra da ölkəmizdə rahat yaşayacaqlar. Azərbaycan Milli Məclisinin üzvləri sırasında yerli yəhudilərin nümayəndələri də var.

Qeyd edilib ki, son beş ildə Azərbaycanda dinlərarası dialoqa həsr edilmiş iki beynəlxalq tədbir keçirilib. Dünyanın 150-dən çox din xadimi bu tədbirdə iştirak edib. Onlar burada yüksək tolerantlıq mühitinin olmasını öz gözləri ilə görüblər. Azərbaycan olduqca müasir inkişaf etmiş müsəlman ölkəsidir və biz bununla fəxr edirik.

Görüşdə Baş nazirin müavini israilli jurnalistlərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin ictimai-siyasi, mədəni həyatında baş verən mühüm hadisələr, beynəlxalq aləmdə qazandığı uğurlar, Azərbaycan-İsrail əlaqələri haqqında məlumat verib.

Əli Həsənov deyib ki, ölkəmizin həll olunmamış əsas problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində öz dədə-baba torpaqlarından qovularaq qaçqın və məcburi köçkünə çevrilmiş 1 milyon 200 min insanın problemidir. Qalan problemlərimiz demək olar ki, öz həllini tapıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan öz inkişaf tempinə, tolerantlığına, sülhməramlılığına görə bu gün dünyanın diqqət mərkəzindədir, həmçinin təbii resurslarına, yerləşdiyi coğrafi mövqeyinə görə tanınır, sevilir. Hazırda ölkəmizdə istehsal olunan ümumi daxili məhsulun 70 faizi qeyri-neft sektorunun payına düşür. Hələ 2008-ci ildə Prezident İlham Əliyev hökumət qarşısında belə bir məsələ qaldırmışdır ki, neftdən gələn gəlirlər qeyri-neft sektorunun inkişafına yönəlməli və ölkənin neftdən asılılığı azalmalıdır. Gördüyünüz kimi, Azərbaycan Prezidenti dünyada baş verəcək prosesləri 8 il qabaqlayıb. Artıq qarşımızda belə bir hədəf də var

ki, 2020-ci ilə qədər ölkəmizin neftdən asılılığı sıfır vəziyyətinə düşməlidir. Bu iş də uğurla həyata keçirilir. Son 12 ildə Azərbaycanda bir milyon yarım iş yeri açılıb. Əgər 2003-cü ildə bütövlükdə ölkə üzrə yoxsulluq həddi 49 faiz idisə, bu gün 5 faizə enib. BMT-nin göstəricilərinə görə, bu gün Azərbaycan sürətlə inkişaf edən ölkələr sırasındadır. Məqsəd 2020-ci ildə qədər tam inkişaf etmiş ölkəyə cevrilməkdir. Həmçinin həmin ilə qədər ölkədə bir nəfər də yoxsul insan qalmayacaq.

Baş nazirin müavini deyib ki, ermənilərin dünyanın hər yerində diasporları var və onların yaranma tarixi 200 ili ötür. Ermənilər keçmiş sovetlər dönəmində ən mühüm dövlət vəzifələrində çalışıblar. Bu səlahiyyətlər və imkanlar nəticəsində mənfur qonşularımız Azərbaycan əleyhinə heç bir əsası olmayan informasiyalar yayıblar. Biz isə diaspor təşkilatlarımızı müstəqillik illərindən sonra yaratmağa nail olduq. Bu il yenidən qazandığımız müstəqilliyimizin 25 ili tamam olur. Hələ 1918-ci ildə də Azərbaycan ilk dəfə müsəlman Şərqində müstəqil respublika yaradıb. Biz müstəqilliyimizi 1991-ci ildə bərpa edə bildik. Bu, bizə ölkəmiz, dövlətimiz haqqında dünyada təbliğat aparmağa imkan yaratdı. Bu işi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev başlasa da, hazırda Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir. Görülmüş işlərin nəticəsidir ki, artıq dünya bizi tanıyır. Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilərkən 155 dövlət ölkəmizi dəstəkləyib. Bu, o deməkdir ki, Azərbaycan artıq dünya arenasına çıxıb.

Əli Həsənov bildirib ki, çar Rusiyasının və keçmiş sovet hökumətinin köməyi ilə ermənilər Azərbaycanın tarixi torpaqlarında özlərinə dövlət yaratdılar. Bu gün onların Yerevan adlandırdıqları torpaqda azərbaycanlıların İrəvan xanlığı olub və orada yaşayanların 95 faizini azərbaycanlılar təşkil edib. Lakin bütün bunlar onlara bəhs etmədi. Tədricən bizim digər torpaqlarımızı da işğal etdilər - Zəngəzur, Göyçə mahalları SSRİ tərəfindən ermənilərə hədiyyə verildi. Çar Rusiyası ilə İran arasında 1828-ci ildə başa çatan müharibə nəticəsində Azərbaycan ərazisi iki hegemon dövlət arasında bölündü. O vaxt çar Rusiyası İrandan qaçan erməniləri gətirib Dağlıq Qarabağda yerləşdirdi. Bu gün həlli çətinləşmiş Dağlıq Qarabağ problemi məhz elə o vaxtdan başladı.

Xarici jurnalistlərin diqqətinə çatdırılıb ki, Ermənistan ərazisində doğma torpaqlarında yaşayan azərbaycanlılar son 200 ildə 4 dəfə deportasiya edilib - 1905, 1918, 1948-1952 və 1988-1992-ci illərdə. Sonuncu deportasiya M.Qorbaçovun prezident olduğu dövrdə həyata keçirilib. O, deportasiya deyil, əslində etnik təmizləmə oldu. Nəticədə 250 min azərbaycanlı bu illərdə Ermənistandan çıxarıldı.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli naminə görülən işlərdən söz açan Baş nazirin müavini deyib ki, münaqişənin tənzimlənməsi üçün bütün beynəlxalq təşkilatlar sənədlər qəbul ediblər. Lakin Ermənistan tərəfi 23 ildir həmin sənədləri icra etmir. Yəni, heç bir beynəlxalq qurum qalmayıb ki, bu problemə münasibət bildirməsin, amma təəssüf ki, problem həll olunmur. Ermənistanın sabiq prezidenti Robert Koçaryan və hazırkı prezidenti Serj Sarkisyan Azərbaycan vətəndaşlarıdır. Onlar Dağlıq Qarabağda azərbaycanlıların qanlarını tökərək hakimiyyətə gəliblər. Bu gün Ermənistan aclıq, səfalətlə üzləşib. BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının məlumatlarına görə, son 15-20 ildə Ermənistanı bir milyon yarım erməni tərk edib. Çünki bu ölkədəki cinayətkar rejim öz xalqına heç nə vermir. Ermənistan torpaqlarımızı 23 ildir işğal altında saxlayıb, nə əldə edib? Heç nə. Əksinə çox şey itirib.

Əli Həsənov görüşdə aprelin 2-nə keçən gecə qoşunların təmas xəttində baş verən hadisələr barədə də məlumat verib. Bildirib ki, Azərbaycan ordusu erməni təxribatlarının layiqli cavabını verdi və Ermənistan Azərbaycanın gücünü gördü. ATƏT-in Minsk qrupu 20 ildən artıq problemin həlli ilə məşğuldur, amma bu illər ərzində nə əldə edib? Heç bir şey. Sadəcə olaraq turist kimi gəlib-gedirlər. Bizim Prezidentimiz, dövlətimiz sülhsevər siyasət yeridir. Biz müharibə istəmirik, problemin sülh yolu ilə həllini istəyirik. Amma Azərbaycan dövlətinin də xalqının səbrinin həddi var, artıq bizim səbrimiz tükənib. Son hadisələr göstərdi ki, əgər belə davam edərsə Azərbaycan beynəlxalq hüquqa söykənərək öz torpağını özü azad edəcək.

Əli Həsənov qeyd edib ki, son 20 ildə Azərbaycan 1 milyondan çox qaçqın, köçkünə 5,4 milyard dollar vəsait sərf olunub. Onun 1 milyard dolları beynəlxalq təşkilatların, 2 milyard yarımı dövlət büdcəsinin, 2 milyardı isə Dövlət Neft Fondundan ayrılan vəsaitdir. Neft Fondunun vəsaiti hesablına məcburi köçkünlər üçün 94 müasir qəsəbələr salınıb və onlar orada yerləşdirilib. Bu gün Azərbaycan öz qaçqın, köçkünlərinin problemlərini özü həll edir, ancaq bu, o demək deyil beynəlxalq təşkilatlara ehtiyac yoxdur. Problem öz həllini tapana qədər beynəlxalq humanitar təşkilatlar fəaliyyət göstərməlidir göstərirlər və göstərəcəklər. O cümlədən bizdə bir neçə yəhudi xeyriyyə təşkilatları fəaliyyət göstərir.

Baş nazirin müavini deyib: "Biz hesab edirik ki, bu problemin sonu olacaq, Azərbaycan və Ermənistan xalqları necə 200 il qonşuluqda yaşayıblar, problem həll olunandan sonra bu, yenə də davam edəcək. Ermənilər bunu nə qədər tez başa düşsələr, bu, onların özləri üçün də xeyirdir. Əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yaranmasaydı, neft-qaz kəmərləri Ermənistandan keçərdi və onlarda bundan bəhrələnərdilər. Onlar bu problemlə özlərini təcrid vəziyyətinə salıblar.

Sonra israilli jurnalistlərin sualları cavablandırılıb.

Görüşdə iştirak edən "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak ölkəmizdə yəhudi icması üçün yaradılan şəraitdən məmnunluğunu bildirib və arzu edib ki, təmsil etdiyi assosiasiyanın növbəti görüşü Şuşada keçirilsin. O, rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə yeni nəşri Əli Həsənova təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...