Səfərbərlik hazırlığı və səfərbərlik üzrə vətəndaşların vəzifələri açıqlanıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti səfərbərlik hazırlığı və səfərbərlik üzrə vətəndaşların vəzifələrini açıqlayıb. Xidmətdən SİA-ya verilən məlumata görə, ölkəmizdə səfərbərlik hazırlığı və səfərbərlik, hərbi hissələrə təhkim edilmə, səfərbərlik üzrə toplanışlar keçmək "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanunlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 sentyabr 2012-ci il tarixli 213 №-li Qərarı ilə təsdiq edilmiş "Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası"na əsasən tənzimlənir.

"Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaşların vəzifələri aşağıdakılardır:

8.1. Səfərbərlik hazırlığı və səfərbərlik sahəsində vətəndaşlar:

8.1.1. səfərbərlik zamanı və müharibə dövrü üçün öz təyinatlarını müəyyən etmək məqsədilə çağırış vərəqəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarına gəlirlər;

8.1.2. müvafiq icra hakimiyyəti orqanlarından aldıqları səfərbərlik sərəncamlarında, çağırış vərəqələrində və vəzifəli şəxslərin əmrlərində qeyd olunmuş tələbləri yerinə yetirirlər;

8.1.3. müharibə dövründə ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq vətəndaşlara vurulan zərərin əvəzinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada dövlət tərəfindən ödənilməsi şərtilə binaları, tikililəri, nəqliyyat vasitələrini və onların mülkiyyətində olan digər əmlakı təqdim edirlər.

8.2. Vətəndaşlar səfərbərlik zamanı və müharibə dövründə ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə aparılan işlərə cəlb olunur, habelə müəyyən olunmuş qaydada xüsusi birləşmələrə daxil edilirlər.

8.3. Səfərbərlik hazırlığı və səfərbərliklə əlaqədar üzərinə düşən vəzifələri yerinə yetirməyən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 sentyabr 2012-ci il tarixli 213 №-li Qərarı ilə təsdiq edilmiş "Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası"nın 4.3-cü bəndinə əsasən, Xidmətin yerli idarə, şöbə və bölmələrinə çağırış üzrə (ilkin hərbi qeydiyyat, həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə, hərbi hissələrə təhkim edilmə, səfərbərlik üzrə toplanışlar keçmək və digər səbəblər) çağırılmış çağırışçılar və hərbi vəzifəlilər şəxsi çağırış vərəqəsində göstərilmiş tələblərə ciddi riayət etməli, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəsi və ya hərbi bileti, şəxsiyyət vəsiqəsi üzərində olmaqla, təyin olunmuş yerə müəyyən edilmiş vaxtda gəlməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə