Millət vəkili: "Əkrəm Əylisli özünü yox etdi" MÜNASİBƏT

"Əkrəm Əylisli hər zaman xalqın yanında olmalı idi. Çünki Azərbaycan xalqı və cəmiyyəti onu yetişdirib yüksək səviyyəyə qaldırdı. Xalqımız ona öz adından danışmağa və maraqlarına rahat şəkildə ifadə etməyə səlahiyyət verdi. Bunun qarşılığında isə o, Azərbaycan xalqının düşmənləri tərəfinə keçərək xalqımıza qarşı daşlar yağdırmağa başladı". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə yazıçı Əkrəm Əylislinin Rusiyanın "Drujba narodov" jurnalında dərc olunmuş romana münasibət bildirərkən deyib.

"Biz ondan "Daş yuxuları" deyil, Xocalı, çadır yuxuları gözləyirdik. Bununla yanaşı, ondan "Şuşa ağrıları", süni Ermənistan dövləti yaratmış İrəvan torpağı ilə bağlı yazılar gözləyirdik. Cəbhə bölgəsində həyatını təhlükə qarşısına qoyan 18 yaşlı oğlanlarımız barəsində romanlar yazmalı idi. Bunun əvəzində isə düşmənin yalanlarına müəlliflik etmək çox ağır və heç bir ölçüyə sığmayan missiyadır. Hansı səbəbdən bu addımı atdığını bilmirəm. Bundan əvvəlki yazılarında da belə hallar olurdu. Hesab edirəm ki, bu yazısı ilə özünü Azərbaycan xalqının gözündən saldı",- deyə millət vəkili sözlərinə əlavə edib.

Əsərə münasibət bildirən digər millət vəkili Rasim Musabəyov vurğulayıb ki, bu vaxta kimi ermənilər tərəfindən hadisələrə bu cür baxan yazıçı görməyib: "Orxan Pamuk Türkiyədə olub. Əkrəm Əylisli isə burda var, ancaq daha özünü yox etdi. Təbii ki, yazıçı və ədəbiyyatçı deyiləm. Lakin o kitabı oxumuşam. Romandakı fikirlər heç xoşuma gəlmədi".

Millət vəkili Musa Qasımlı isə qeyd edib ki, romanı oxuyub, təəssüf hissi keçirib: "Azərbaycanın tanınmış yazıçısı belə roman yazmamalı və xalqımızı alçaltmamalı, tarixi həqiqətləri təhrif etməməli idi. Fikrimcə o, bu romanı ilə özünü Balayan, Kaputikyan, Xanzadyan və onlardan da əvvəl Şaqinyanla Azərbaycan xalqına qarşı mövqedə bir cərgədə qoydu".

Bütün xəbərlər Facebook səhifəmizdə