Çexiyada Xocalı küçəsi salınacaq

\"Çexiyada Xocalı küçəsi salınacaq\". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycanın Çexiyadakı "Azər-Çex" cəmiyyətinin sədri Elşən Nəzərov deyib. "Ötən qurultayda prezidentimizin verdiyi impuls, töhfə Azərbaycanın həm Çexiyada, həm də dünyanın digər yerlərində diaspor cəmiyyətlərinin genişlənməsinə imkan verdi. Eləcə də bizim cəmiyyətin də fəaliyyəti nəticəsində Çexiya prezidenti üç gün öncə bizə təbrik məktubu göndərdi, bizə fəaliyyətimizdə uğurlar arzuladı. Bir haşiyə çıxaraq onu da deyim ki, Çexiyanın Livitsa qəsəbəsində Xocalı küçəsi salınacaq. Eyni zamanda da burda Livitsa küçəsi salınacaq". Bundan başqa E.Nəzərov Çexiyada 1000-1500 nəfər azərbaycanlının yaşadığını bildirib və təmsil etdiyi cəmiyyətin həmvətənlərimizin problemləri ilə daim maraqlandığını vurğulayıb. Əsasən həmvətənlərimizin inteqrasiya, humanitar sahədə problemlər yaşadığını qeyd edən cəmiyyət rəhbəri milli bayramların keçirilməsi ilə bağlı müraciətlərin də olduğunu sözlərinə əlavə edib. Bundan əlavə Diasporlarla iş üzrə Dövlət Komitəsinin işindən razılığını bildirən E.Nəzərov bu qurumun işinin gələcək illərdə də uğurla davam edəcəyinə inandığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə