Naxçıvanda İran dronu - RAKURS

Tehranın qonşu ölkələrə yönələn təhlükəli strategiyanın növbəti siqnalı

İsrailin və körfəz ölkələrinin hava limanlarına, enerji infrastrukturlarına və otellərə hücum edən İran rejiminin bu qədər həddini aşacağını kimsə gözləmirdi. Xüsusən Azərbaycana qarşı xaincəsinə edilən dron hücumlarının ola biləcəyi ehtimalı barədə az adam düşünə bilərdi. Çünki, Azərbaycan İran ətrafında baş verənlərlə yaxından, uzaqdan heç bir əlaqəsinin olmadığı və üçüncü ölkələrin ölkəmizin ərazisindən istifadə etmək imkanının sıfır həddində olması barədə rəsmi şəkildə dəfələrlə bəyanatlar verilmişdi. İrana qarşı ABŞ və İsrailin hücumlarının davam etdiyi altı gün ərzində İran-Azərbaycan sərhədində dəyişən heç nə olmadı. İran dini liderinin ölümü ilə bağlı bu ölkənin prezidenti Pezeşkiyana Prezident İlham Əliyevin başsağlığı ünvanlandı, XİN də öz xətti ilə hadisəyə münasibət bildirdi. Üstəlik, Preziden İlham Əliyev İranın Azərbaycandakı səfirliyinə gedərək Xamneyinin ölümü ilə bağlı başsağlığı verdi.

Amma İran rejimi yenə Azərbaycan barədə yanlış düşündüyünü bir daha isbatlamış oldu. Körfəz ölkələrinə hücumlarla müharibənin arealını böyütməyi hədəfləyən rəsmi Tehran Türkiyəyə endirdiyi ballistik raket zərbəsinin ardınca Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana, həm də heç bir hərbi hədəf statusunu daşımayan hava limanına və məktəbə dronla hücum etməsi İranın əsl niyyətini ortaya qoyur.

Naxçıvan hava limanına hücum Azərbaycana qarşı birbaşa təhdid xarakterlidir. Bu hücum molla rejiminin mahiyyətini ortaya qoyur. Əminliklə söyləyə bilərik ki, molla rejimi təkcə İran xalqı üçün yox, həm də bütün region üçün təhlükə mənbəyidir.

Qeyd edək ki, İranın atdığı 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyib və iki nəfər mülki şəxs xəsarət alıb

İran ətrafında baş verənlər

İsrail və ABŞ-ın bu ölkəyə total hücumu barədə müzakirələrdə analitiklər adətən bir neçə əsas məqsədi qeyd edirlər. Bu məqsədlər dövlətlərə görə fərqli olsa da, ən çox danışılan strateji səbəblərdən biri nüvə proqramını dayandırmaq, İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. İranın nüvə fəaliyyəti uzun illər beynəlxalq mübahisə mövzusu olub. Birləşmiş Ştatlar və xüsusilə İsrail İranın potensial nüvə silahına sahib olmasını böyük təhlükə kimi görür. Bu mövzu ilə bağlı mühüm diplomatik razılaşma da olmuşdu. Hərbi ssenaridə məqsəd nüvə obyektlərini bombalamaq, uran zənginləşdirmə infrastrukturlarını məhv etmək, proqramı illərlə geri atmaqdır.

İkinci bir məqsəd İranın regional təsirini zəiflətməkdir. İran Yaxın Şərqdə müxtəlif silahlı və siyasi qruplarla əlaqələrə malikdir. Hezbollah (Livan), HAMAS (Qəzza) və Husilər (Yəmən) özlərini Tehran rejiminin proksi qüvvələri kimi təsdiq ediblər. Əksər regional və dünya ölkələri hesab edir ki, İran bu şəbəkə vasitəsilə regionda təsirini genişləndirir. Hərbi təzyiqin məqsədi bu şəbəkəni zəiflətməkdir.

Üçüncü bir məqsəd İranın hərbi infrastrukturu məhdudlaşdırmaqdır. İran regionda raket proqramı və hərbi texnologiyalar inkişaf etdirir. Mümkün hücumun hədəfləri raket bazaları, pilotsuz uçuş aparatları proqramları, hərbi sənaye obyektləridir. Bu tip əməliyyatların məqsədi İranın hərbi imkanlarını məhdudlaşdırmaqdır.

Dördüncüsü, daxili siyasi təzyiq yaratmaqdır. Bəzi analitiklər hesab edir ki, xarici hərbi təzyiq iqtisadi vəziyyəti daha da ağırlaşdıra, hakimiyyət daxilində parçalanma yarada və daxili narazılığı artıra bilər. Bu yanaşmaya görə, məqsəd birbaşa rejimi devirmək deyil, onu zəiflətmək və dəyişiklik üçün təzyiq yaratmaqdır.
Beşincisi, enerji və strateji nəzarət məsələsidir. İran dünya enerji marşrutları üçün çox strateji yerdə yerləşir. Xüsusilə Hörmüz boğazı və Fars körfəzi bölgəsindən dünya neftinin böyük hissəsi keçir. Bu səbəbdən İranın bu bölgədəki hərbi gücü bəzi dövlətlər üçün strateji risk kimi görülür.

Rejimi necə dəyişməli?

İranda rejimin dəyişməsi mövzusu həm siyasi analitiklər, həm də region ölkələri üçün çox müzakirə olunan mövzudur. Hazırda konkret olaraq “ABŞ və İsrailin vətəndaş müharibəsi planı var” kimi təsdiqlənmiş rəsmi plan açıqlanmayıb. Amma analitiklər müxtəlif mümkün ssenariləri müzakirə edirlər. Bunları ümumi şəkildə belə qruplaşdırmaq olar. Birincisi, daxili etirazlar və tədrici siyasi dəyişiklikdir. Bu, ən çox danışılan ssenarilərdən biridir. İranda artıq bir neçə dəfə böyük etiraz dalğaları olub. Məsələn, Mahsa Amini etirazları zamanı baş verənlər. Görünür ki, sosial, iqtisadi və siyasi narazılıq artdıqca sistem daxilində parçalanma yarana bilər. Hakimiyyət daxilində reformist qanad güclənərsə, rejim tədricən dəyişə və ya yumşala bilər. Burada üstünlük odur ki, daha az zorakılıq baş verər. Risk isə odur ki, sistemin İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) kimi güclü təhlükəsizlik strukturları var.

İkincisi, elita daxilində çevrilişdir. Bəzən analitiklər hesab edir ki, dəyişiklik hakimiyyət daxilindən gələ bilər. Siyasi və hərbi elitalar arasında parçalanma baş verər və dini rəhbərliklə dövlət strukturları arasında konflikt, o cümlədən iqtisadi sanksiyalar səbəbilə daxili narazılıq arta bilər. Bu halda rejim tam çökmədən yuxarıdan dəyişiklik ola bilər.

Üçüncüsü, kütləvi üsyan və vətəndaş müharibəsidir. Bu ssenari ən riskli hesab olunur. Etnik və regional qruplar (kürd, bəluç və s.) silahlı müqavimətə keçə bilər. Mərkəzi hakimiyyət zəifləsə, müxtəlif silahlı qruplar ortaya çıxa bilər. Belə bir vəziyyət müəyyən qədər Suriyada baş verən hadisələrin ssenarisinə bənzəyə bilər. Amma analitiklərin çoxu hesab edir ki, İranın güclü təhlükəsizlik aparatı buna imkan verməməyə çalışacaq.

Dördüncüsü isə, xarici hərbi təzyiq və ya müharibədir. Bəzən belə ehtimallar da müzakirə olunur. İranın nüvə proqramı ilə bağlı gərginlik, regionda müharibə eskalasiyası İsrailin və ABŞ-ın bu gün atdığı addımlar kimi, digər daha çətin, daha pis ssenarinin düyməsini sıxa bilər. Lakin açıq şəkildə “rejimi dəyişmək üçün birbaşa hərbi müdaxilə planı” rəsmi səviyyədə elan edilməyib. 2003-cü ildəki İraqdakı kimi bir ssenari hazırda çox riskli sayılır. Çünki, İran daha böyük və daha güclü dövlətdir, enerji bazarına böyük təsir imkanlarına sahibdir.

Analitiklərin ümumi fikri budur ki, İranda dəyişiklik ehtimalı varsa belə, ən real ssenari daxili siyasi proseslər və etirazlar nəticəsində tədrici transformasiya sayılır. Tam miqyaslı vətəndaş müharibəsi isə çox riskli və proqnozlaşdırılması çətin ssenaridir və böyük güclər adətən bundan qaçmağa çalışır.

Bəzi geopolitik analitiklər hesab edir ki, İranın gələcəyi müəyyən mənada SSRİ kimi daxili proseslərlə dəyişə bilər. Səbəblər dən biri demoqrafik dəyişiklikdir. İran əhalisinin böyük hissəsi gənclərdir. İnternet və qlobal mədəniyyət təsiri çox güclüdür. İqtisadi təzyiqlər də istisna deyil. Uzun illərdir sanksiyalar var, inflyasiya və işsizlik yüksək səviyyədədir. Elita daxilində parçalanma hökm sürür, siyasi sistemdə müxtəlif fraksiyalar - sərt xətt tərəfdarları, reformist siyasətçilər var ki, bu qruplar arasında mübarizə zamanla sistemin transformasiyasına gətirə bilər.

Bəzi geopolitik analizlərdə İranın etnik xəritəsi də müzakirə olunur. Ölkədə müxtəlif etnik qruplar - Azərbaycan türkləri, kürdlər, bəluclar, ərəblər və farslar yaşayır. Bu səbəbdən əgər mərkəzi hakimiyyət ciddi zəifləsə, regional separatizm yarana bilər. Amma əksər ekspertlər deyir ki, İranın dövlət strukturu çox qədim və güclüdür, bu səbəbdən tam parçalanma ehtimalı aşağıdır. Məsələyə real geopolitik yanaşsaq ilkin olaraq əsas məqsəd İranın nüvə silahı əldə etməsinin qarşısını almaq, regionda təsirini balanslaşdırmaq, amma böyük müharibədən qaçmaqdır. Çünki İranla müharibə ehtimalı Yaxın Şərqdə geniş müharibəyə, enerji böhranına və yeni qaçqın dalğasına səbəb ola bilər.

Bir faktı da deyək, bəzi geopolitik analitiklər hesab edir ki, İran rejiminin gələcəyini ən çox təsir edə biləcək üç hadisə maraqlıdır - dini liderdən sonra hakimiyyətin kimə keçəcəyi, böyük iqtisadi böhran, böyük regional müharibə.

İraq kürdləri İran sərhədini pozdu...

İraqda yerləşən kürd hərbi birləşmələri İran rejiminə qarşı hücuma başlayıb və İrana daxil olaraq quru əməliyyatı keçiriblər. Əməliyyatın özü 2 martda başlayıb. Bu barədə məlumatı 4 mart çərşənbə günü sosial mediada kürd silahlı qruplarındakı mənbələr verib. Məlumata görə, İraqdakı kürd qüvvələri İran İslam rejiminə qarşı quru hərbi əməliyyatına başlayıblar. Bazar ertəsi günü minlərlə kürd döyüşçüsü İranda döyüş mövqelərini tutmağa başlayıb. Məlumata görə, Kürdüstan Azad Həyat Partiyası (PJAK) ilə əlaqəli döyüşçülər İraqdan sərhədi keçiblər və hazırda birbaşa İran torpağında döyüş mövqeləri qururlar.
İran isə İsraili nüvə apokalipsis ilə hədələyir

İranın hərbi komandanlığı İsrail və ya ABŞ İslam Respublikasında rejim dəyişikliyinə cəhd göstərərsə, təhdidini həyata keçirməyə hazır olduğunu bəyan edib. İran xəbər agentliyi ISNA-nın məlumatına görə, Tehran ABŞ və İsrailin hazırlaya biləcəyinə inandıqları rejimi devirmək cəhdlərinə cavab olaraq İsraildəki nüvə obyektinə zərbə endirib. Agentliyin məlumatına görə, İran ordusu İsrailin nüvə proqramının əsas elementi olan və Negev səhrasında yerləşən Dimonadakı strateji obyektə hücum etməyi düşünür. Belə bir addım mövcud İran rəhbərliyinə qarşı hərəkətlər edildiyi təqdirdə həyata keçirilə bilər. Agentlik İranın mövqeyinə istinadən bildirir ki, "Rejim dəyişikliyi cəhdləri halında, İran strateji obyektlərə zərbə endirməklə cavab vermək hüququnu özündə saxlayır".

"Iran Nuances" tərəfindən istinad edilən adı açıqlanmayan yüksək vəzifəli İran hərbi rəsmisinin sözlərinə görə, raketlər Dimona nüvə reaktoruna və bütün regional enerji infrastrukturuna yönəldiləcək. "Biz artıq bu ssenariyə hazırlaşmışıq", - deyə o xəbərdarlıq edib.

Bu açıqlama ilə bağlı İsrail tərəfindən heç bir rəsmi açıqlama verilməyib. Ağ Evin sözçüsü Kerolin Livitt daha əvvəl ABŞ-ın İran ətrafındakı suları effektiv şəkildə idarə etdiyini bildirmişdi. O, həmçinin qeyd etmişdi ki, bir neçə saat ərzində ABŞ ölkənin hava məkanına tam nəzarət edəcək. Livitt əlavə edib ki, hazırda bütün İran gəmiləri hərəkətsizdir və heç biri üzmür. Eyni zamanda, Livitt İspaniyanın ABŞ-ı dəstəkləməyə razı olduğunu bildirsə də, İspaniya Xarici İşlər Nazirliyinin İrana qarşı zərbələr üçün bazalarından istifadənin qadağan edilməsi ilə bağlı dəyişməz mövqeyini vurğulayıb.

ABŞ prezidenti Donald Tramp isə İrana qarşı hərbi əməliyyatın gedişatını yüksək qiymətləndirib və Ağ Evdəki brifinqdə kampaniyanın effektivliyinin gözləntiləri aşdığını qeyd edib. O, ABŞ ordusunun göstəricilərinin "10 baldan 15-i" olduğunu bildirib.

V.VƏLİLİ

Bütün xəbərlər Facebook səhifəmizdə