Bir millət, iki dövlət, bir yumruq!..

Şuşa Bəyannaməsi bu müdrik kəlamların həyatiliyinin təsdiqidir

Şanlı Zəfərimizin reallıqları fonunda müstəqillik tariximizə möhtəşəm qürurverici səhifələr yazıldı və bu uğur epopeyası davam edir. 44 günlük İkinci Qarabağ müharibəsində dünyaya dostluğun, qardaşlığın, müttəfiqliyin nümunəsini nümayiş etdirən Azərbaycan və Türkiyə 2021-ci il 15 iyun tarixində - xalqımızın Milli Qurtuluş Günündə növbəti dəfə diqqəti Qarabağın tacı, türk dünyasının, eyni zamanda, İslam dünyasının mədəniyyət paytaxtı Şuşaya yönəltdi. İki qardaş ölkə arasında Müttəfiqlik Bəyannaməsi imzalandı.

Azərbaycan və Türkiyə prezidentlərinin imzaladıqları bu sənədin məhz Milli Qurtuluş Günündə, həmçinin Şuşada imzalanmasının böyük rəmzi mənası vardır. Bu mühüm addım bir tərəfdən müstəqilliyimizin daimiliyinin, sarsılmazlığının, digər tərəfdən isə tarixi Zəfərimizin yaratdığı reallıqların təqdimatının və beynəlxalq səviyyədə qəbulunun nümayişi oldu. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, qardaş Türkiyə Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkədir.

Onu da qeyd etməliyəm ki, Şuşa Bəyannaməsi Azərbaycanın müstəqilliyi tarixində iki qardaş ölkə arasında imzalanan, hərbi və siyasi təhlükəsizlik məsələlərini özündə ehtiva edən ilk rəsmi sənəddir. Şuşa Bəyannaməsi regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu. Dövlətimizin başçısının Şuşa Bəyannaməsinin imzalanması mərasimində söylədiyi “Bu gün həyatımızda əlamətdar gündür, tarixi bir gündür. Bu gün biz qardaş ölkənin əziz Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanı Qarabağ torpağında, Şuşa torpağında salamlayırıq. Mən fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqı adından əziz qardaşımı Şuşada, Qarabağda salamlamaq istəyirəm” fikirləri bu mühüm addımın hər iki tərəfdə yaratdığı sevincin, qürurun aydın ifadəsidir. Dövlətimizin başçısı bu məqamı da xüsusi qeyd etdi ki, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ilk dəfə olaraq Qarabağ torpağında - Şuşada bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var. İmzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatçısıdır.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, hər bir dövlətin digər ölkələrlə əlaqələrinin inkişafında iqtisadi amil xüsusi rol oynayır. Bu baxımdan deyə bilərik ki, Azərbaycan və Turkiyənin siyasi iradəsi, qətiyyəti sayəsində birgə həyata keçirilən enerji, nəqliyyat layihələri regionda əməkdaşlığın inkişafında, dövlətlər, xalqlar arasında əlaqələrin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan illər keçdikcə beynəlxalq miqyas alan bu əməkdaşlığın bariz nümunəsi olan TANAP-ı növbəti layihələrin müjdəçisi kimi dəyərləndirdi. Hazırda əsas hədəflərdən biri Cənub Qaz Dəhlizinin əsas tərkib hissələri olan TAP-ın və TANAP-ın genişləndirilməsi, Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayını artırmaqdır. Şuşa Bəyannaməsində də əksini tapan vacib məsələlərdən biri iqtisadi sahədə əməkdaşlıqdır. Belə ki, Bəyannamədə xüsusi vurğulanan Zəngəzur dəhlizinin açılması zərurəti iqtisadi, ticarət, nəqliyyat məsələlərinin həllində mühüm rol oynayacaq. Bu dəhliz daha çox iqtisadi əhəmiyyətə malik olacaq. Sənəddə qeyd edilir ki, tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edirlər. Bəyannamə, eyni zamanda, hər iki ölkənin iqtisadiyyatında şaxələndirmənin sürətlənməsinə, ölkələrarası mal daşımalarında, logistika məsələlərində yeni, mütərəqqi mexanizmlərin işlənib hazırlanmasına, tətbiqinə, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasına, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına böyük zəmin yaradır. Bu da İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıqların nəticəsidir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Türkiyə ilə Azərbaycanı dəmir yolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik Bəyannaməsində bu məsələnin əks olunması böyük məna daşıyır.

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Azərbaycan və Türkiyəni birləşdirən bir çox dəyərlər var. İlk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklərə malik olmağımız, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Reallıq budur ki, Azərbaycan və Türkiyə hazırda dünya miqyasında nadir əməkdaşlıq, işbirliyi, müttəfiqlik nümunəsi göstərir. İki ölkənin münasibətlərinin təqdimatında böyuk öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün tarixi qardaşlığa əsaslanan çağırışları əhəmiyyətli rol oynayır. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” tezisinin davamı olaraq Ulu Öndər Heydər Əliyev “Biz bir millət, iki dövlətik” müdrik kəlamı ilə qardaşlığımızın əbədiliyinə möhür vurdu. Bu müdrik fikirlərə söykənərək dövlət başçısı İlham Əliyev bildirir: “Heydər Əliyev demişdir ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Bu gün biz bunu isbatlayırıq. Bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə və Azərbaycan bir yerdədir. Atam demişkən, “Bir millət, iki dövlət”, əlavə etmək istəyirəm, bir yumruq!”.

Vüqar Rəhimzadə onu da bildirib ki, Şuşa Bəyannaməsi beynəlxalq hüquqa söykənən və 103 il bundan öncə imzalanan tarixi Qars müqaviləsinə əsaslanır. Sənəddə tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflərin birgə məsləhətləşmələr aparacağı və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcəyi, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəkləri öz əksini tapıb. Bu müddəa Ermənistana və ona havadarlıq edən dövlətlərə bir mesaj oldu. Türkiyə bununla açıq şəkildə bəyan etdi ki, Azərbaycanın yanındadır və bu müttəfiqlik yalnız iqtisadi-siyasi deyil, həm də hərbi amillə təsdiqlənir. Azərbaycanın ərazi bütövlüyünə hər hansı bir təhdid olacağı təqdirdə Türkiyə hərbi dəstəklə bizim yanımızda olacaq.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, Şuşa Bəyannaməsinin imzalanmasından ötən üç ildə iki müttəfiq ölkənin münasibətlərinin yüksələn xətlə inkişafı diqqətdən kənarda qalmır. Qarşılıqlı səfərlər, imzalanan sənədlər bu birliyi daha da möhkəmləndirir. Hələ bundan sonra imzalanacaq daha çox sənədlər olacaq. Şuşa Bəyannaməsi əbədi və sarsılmaz olan Azərbaycan-Türkiyə birliyini daha da gücləndirəcək. Dövlət başçısı İlham Əliyevin bu günlərdə qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfəri çərçivəsində keçirilən prezidentlərin təkbətək görüşündə də Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulandı. Ölkələrimiz arasında enerji, nəqliyyat, iqtisadiyyat, ticarət əlaqələrinin genişləndirilməsi, müdafiə, hərbi sənaye və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu. Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının genişləndirilməsi xüsusilə qeyd edildi. Orta Dəhlizin inkişafı ilə əlaqədar iki ölkənin birgə həyata keçirdiyi fəaliyyətin önəmi vurğulandı. Türk Dövlətləri Təşkilatı üzvü olan ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyəti bir daha qeyd olundu. Bu günlərdə dövlət başçısı İlham Əliyev TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən türk dünyasının birliyinin Azərbaycanın xarici siyasətinin prioritet məsələsi olduğunu önə çəkərək bu çağırışı etdi ki, Azərbaycan-Türkiyə müttəfiqliyi ən yüksək əməkdaşlıq formatıdır. Hər zaman bütün məsələlərdə bir-birimizin yanındayıq. Bir məsələ çıxan kimi, necə deyərlər, avtomatik rejimdə, gözüyumulu bir-birimizin yanındayıq. Bu birlik bütün Türk dünyasında olmalıdır və ondan sonra heç kim bizim işimizə müdaxilə edə bilməz.

YAP

Bütün xəbərlər Facebook səhifəmizdə