Ermənistanda SEÇKİ KABUSU – TƏHLİL

Nikol Paşinyanın Milli Assambleyada istənilən qanunu qəbul edə biləcəyini və hansısa qüvvənin heç bir şəkildə onun hərəkətlərini məhdudlaşdıra bilməyəcəyini, erməni müxalifətinin isə birlikdə hakimiyyətə təsir etmək üçün heç bir alətə malik olmamasıni erməni cəmiyyəti çoxdan bilir. Çoxdan bilir ki, artıq Ermənistanın hazırki hakimiyyətinə məhz erməni cəmiyyətin alternativ yoxdur. Sözsüz ki, Paşinyan da bunu yaxşı bilir, erməni müxalifəti də qəbul edir, üstəlik Ermənistan ictimaiyyəti də bu reallıqla çoxdandır ki, barışıb.

Məsələ burasındadır ki, Ermənistada son günlər növbədənkənar parlament seçkiləri mövzusu aktuallaşıb. Bəzi KİV-lər də baş nazir Nikol Paşinyanın özünün bu il növbədənkənar parlament seçkiləri keçirməyi planlaşdırdığını və bu barədə qərarın bir neçə gün əvvəl hakim “Mülki Müqavilə” partiyasının iclası zamanı verildiyini yazmaqla bir növ, alovun üstünə neft əlavə etmiş olublar. Maraqlıdır ki, həmin KİV-lər hökumətdəki mənbələrinə istinadən izah ediblər ki, bununla Paşinyan guya müxalifət partiyalarının parlamentdəki yerlərinin sayını azaltmaq istəyir. Qeyd olunur ki, guya erkən seçkilər siyasi meydanı gözlənilməz şəkildə ələ keçirəcək və yeni müxalifət qüvvəsi yetişdirə bilən seçkilərə bununla imkan verilməyəcək. “Od olmasa tüstü çıxmaz” zərb məsəlində deyildiyi kimi, hər halda bu spekulyasiyaların arxasında nə isə var ki, bu şəkildə yayılmaqadır.

Diqqətə çatdıraq ki, Ermənistan Milli Assambleyasının vitse-spikeri Ruben Rubinyan jurnalistlərə öz fikirlərini və bununla bağlı münasibətini bildirib. “Dünyada seçkilər ona görə icad edilib ki, insanlar küçələrə çıxmasınlar və insanlar sivil şəkildə seçki məntəqələrinə gedib, səs versinlər, buna uyğun da hakimiyyət müəyyən olunsun”, deyə bəyan edən Rubinyan Ermənistanı guya bir demokratik ölkə olaraq sırımağa çalışıb və həmin ölkədəki seçki mexanizmi barədə də xatırlatma etməklə buna nail olmaq istəyib. Bəs 2018-ci ildə niyə küçələrə çıxıb hakimiyyət dəyişikliyi həyata keçirdiklərini soruşduqda, Ermənistan Milli Assambleyasının vitse-spikeri vəziyyətdən çıxmaq üçün bir cavab tapa bilib. “2018-ci ildə demokratik, azad və şəffaf seçki mexanizmi yox idi və ona görə də seçki nəticəsində hakimiyyət seçiləndə insanlar bunu legitim hesab etmirdilər. Buna görə də inqilab baş verdi”, deyən Rubinyan bununla fikirlərini əsaslandırmağa çalışıb. Görünür, elə onun özü də seçki ilə bağlı spekulyasiyalardan müəyyən dərəcədə “təsirlənib” və hansısa formada bəzi məsələlərdən də xəbərdardır deyə tam hazırcavablıqla suallar qarşısında özünü itirməyib.

Onu da qeyd etmək yerinə düşərdi ki, bir neçə gün əvvəl səhiyyə naziri Anahit Avanesyan özü də dolayısı ilə hakimiyyətin yeni seçkilər planlaşdırmadığını təsdiqləyib. “2026-cı il seçkiləri gələcək və xalqımız öz qiymətini verəcək. Bütün səlahiyyətlilər bəzi istiqamətlərdə uğur qazanırlar, digərlərində isə uğurlar o qədər də çox deyil. Seçkilər hakimiyyətin uğur qazanıb-qazanmadığını xalqın dəyərləndirdiyi mexanizmdir. 2026-cı il seçkiləri gələcək və xalqımız öz qiymətini verəcək”, deyə Avanesyan açıq şəkildə qeyd edib.

Çox maraqlı hal, müəmmalı vəziyyətin yarandığı qənaətinə gələnlər də az deyil. Məsələn, növbədənkənar seçkilərlə bağlı mətbuatda dolaşan şayiələr erməni müxalifətini əməlli-başlı çaşdırıb. Ermənistan müxalifəti məhz bu çaşqınlıq fonunda da dərhal absurd tələblər irəli sürməyə başlayıb. Deyirlər ki, Paşinyan baş nazir olaraq qalmasa da biz bu seçkilərdə iştirak etməyə hazırıq. Bu barədə Köçəryanın “Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan jurnalistlərlə söhbətində bildirib. "Nikol Paşinyan istefa verdiyini və baş nazir səlahiyyətlərini icra etməyəcəyini bəyan etməlidir", deyə Minasyan açıq şəkildə söyləyib. Yəni, fikirlər ortadadır. Bütün bunlar Ermənistanda bir seçki kabusu olduğunu deməyə əsas verir və erməni cəmiyyətinin də bu barədə müəmmalı vəziyyətdə olduğu da yəqin ki, bu baxımdan səbəbsiz deyil.

Erməni cəmiyyəti elə hesab edir ki, Ermənistan müxalifətinin ortaya atdığı kifayət qədər absurd tələbdir. İndi haylar elə hesab edirlər ki, bu, bir tərəfdən də müxalifətin yeni seçkilərdən qorxduğunu göstərir. Çünki haylar özləri hamıdan yaxşı bilirlər ki, müxalifətin ortaya qoyacağı bir dənə də olsun namizədi yoxdur. Yəni, hazırki hakimiyyətə alternativ olacaq bir qüvvənin, bir gücün olmadığını ermənilər özləri də, elə müxalifət qüvvələri də yaxşı bilirlər. Yaxşı bilirlər ki, nə Srbazan alternativ sayıla bilməz, nə də ermənilərin hansısa siyasətçisi bu gün erməni cəmiyyətinin gözündə belə nə isə demək deyil. Robert Koçaryan və Serj Sarkisyanı isə nümunə belə gətirmək mümkün deyil, çünki ermənilər bu cinayətkar rejimdən, Qarabağ klanından ona görə canlarını qurtarmayıblar ki, bir də onların hakimiyyətə gətirilməsi məsələsi barədə düşünsünlər. Bu baxımdan da müxalifətmilərin qorxuları tamamilə başadüşüləndir. Həm də haylar görürlər ki, müxalifət mandatından möhkəm yapışıb, əldən vermək fikrində də deyil və əldən vermək qorxusu da, kabusu da məhz buna görədir. Deməli, seçki kabusu deyilən qorxu erməni cəmiyyətini məhz buna görə bürüyüb.

Xatırladaq ki, parlamentdəki müxalifət hökumətə impiçment elan etmək cəhdlərində uğursuzluğa düçar olub. Onların bütün hərəkətləri, səyləri heç bir nəticə vermədi. Əlbəttə ki, bu, başadüşüləndir. Ona görə başadüşüləndir ki, həmin ölkədə indiki hakimiyyət getməsə, həmin hakimiyyəti heç olmasa müxalifətlə dialoqa getməyə məcbur edəcək güclü ictimai təzyiq belə yoxdur. Bu bir həqiqətdir. Hakimiyyətə həris olan, can atan Robert Koçaryan da, Serj Sarkisyan da bu həqiqəti çox yaxşı başa düşürlər. Onlar çox yaxşı xatırlayırlar ki, 2021-ci ilin iyununda keçirilən sonuncu növbədənkənar seçkilərdə cəmi 36 mandat qazana biliblər və Paşinyanın partiyası 44 günlük müharibədə məğlubiyyətdən sonra belə, 54% səs və parlamentdə 72 yer qazanıb. Düməli, bundan sonra da onların nəyə isə ümid etmələri ağılsızlıqdan başqa bir şey olmaz. Belə çıxır ki, az da olsa, zərrə qədər də olsa Robikin və Serjikin ağlı çatırmış ki, seçki ilə bağlı narahatlıqları yaranır və seşki kabusunun yaranmasını da bu mənada başa düşmək çətin deyil.

İndi erməni cəmiyyəti, lap elə müxalifət özü də açıq-aşkar şəkildə etiraf etməlidir və edir də ki, Nikol Paşinyan Milli Assambleyada istənilən qanunu qəbul edə bilər və heç bir şəkildə onun fəaliyyəti məhdudlaşdırıla bilməz və hem müxalifət də hansısa təsir etmək üçün heç bir alətə belə malik deyil. Açıq şəkildə ermənilər etiraf etməlidirlər ki, məsələn, əgər gələn bazar günü növbədənkənar seçkilər keçirilsə, “Ermənistan” əvvəlkindən də daha az səs toplaya biləcək. Ona görə ki, son üç ildə onlar yalnız öz mandatları uğrunda ayağa qalxan, ölkədə vəziyyətin yaxşılaşdırılması üçün çalışan kəs yox, səriştəsiz siyasətçi statuslarını gücləndiriblər. Ona görə də onlar erkən seçkilərin mümkünlüyündən əməlli-başlı qorxurlar. Hər halda, daha dəqiq qənaətə gəlmək üçün 2026-cı ildə keçiriləcək növbəti parlament seçkilərini gözləmək daha doğru olardı. Bununla belə seçki kabusu həmin vaxta qədər Serj Sarkisyanın da, Robert Koçaryanın özünün də, onların dəyirmanına su tökən erməni müxalifətinin də yuxusunu ərşə çəkəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə