Cənubi Qafqazda sülhü kim istəmir? - ANALİTİK

Rusiya, Avropa İttifaqı, Fransa, yoxsa ABŞ?

44 günlük müharibə bütün daşları yerinə oturtdu, bölgədə yeni geosiyasi mənzərə yaratdı. 30 illik erməni işğalının sona çatması Ermənistana və Azərbaycana beynəlxalq münasibəti kökündən dəyişdirdi. Qaliblər mühakimə olunmur, ifadəsi Ermənistanın ifasında tam ədalətsizliklə şəkillənsə də, 2020-ci ildə Azərbaycanın bütün dünya ölkələri tərəfindən tanınan suveren ərazilərini işğaldan azad etməsi və əldə etdiyi qələbə tam qanuni idi, sepatarizmi məhv etməkdə haqlı idi. Müharibənin elə ilk günündə bəlli oldu ki, dünyanın heç bir ölkəsi, heç bir beynəlxalq təşkilat Azərbaycanın öz ərazisində apardığı antiterror əməliyyatına qarşı çıxmağa hazırlaşmır. Bəzi təşkilatların arqumenti isə o qədər əsassız və reallıqdan uzaq idi ki…

Müharibə başa çatsa da erməni təxribatları səngimək bilmir, başqa formada regionun və dünyanın başqa-başqa nöqtələrində özünü göstərir. Üçtərəfli bəyanatın müddəalarından biri Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə paralel olaraq erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması ilə bağlı olsa da, adıçəkilən Azərbaycan ərazilərində xeyli miqdarda, təxminən 10 mindən çox Ermənistan vətəndaşı hələ də hərbi xidmət keçməkdədir. Laçın yolu yalnız humanitar yüklərin daşınması, Qarabağda yaşayan ermənilərin isə Ermənistanla əlaqələr yaratması üçün nəzərdə tutulsa da, ötən iki il ərzində bu yolla ermənilər Azərbaycan ərazilərinə qanunsuz yüklər, hərbi sursat və işğalçı ölkədə 2021-ci ildə istehsal olunmuş minalar daşıyır. Deməli, məğlubiyyət Ermənistana və Qarabağda yaşayan ermənilərə dərs olmadı, deyə bilərik. Əgər ermənilər baş verən hadisələrdən, itkilərdən nəticə çıxarmış olsaydılar bir daha müharibə hazırlığına başlamazdılar.
İrəvana dərs olsaydı sülhməramlıların himayəsi altında erməni separatçıları vasitəsilə Azərbaycan ərazilərindəki yataqlardan çıxardıqları qiymətli metalları, təbii sərvətlərimizi Laçın yolu ilə Ermənistana daşımazdılar. Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-də Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası isə ermənilərin “kürkünə birə salıb”. Ötən 44 gün ərzində ermənilər dünya birliyinə yalan məlumatlar verərək guya “blokada” səbəbindən Qarabağda, ermənilərin yaşadığı ərazilərdə humanitar böhran yaşanır. Azərbaycan tərəfi isə məsələ ilə bağlı yanlış mövqe tutanlara həqiqəti söyləməklə bərabər, həm də diqqəti Ermənistanın sadə ermənilər üzərindən oyun qurduğuna, Qarabağda taleyin ümidinə buraxılmış, separatçıların təzyiqi altında yaşamaq zorunda qalmış ermənilərin düşdüyü ağır vəziyyətə yönəltməyə çalışır.

Ermənistanla Azərbaycan arasında 30 ildən artıq davam edən münaqişənin sona çatmasında maraqlı tərəflər gözə dəyir. Bunlardan biri Rusiyadır. Rusiya sanki hadisələrə nəzarət edirmiş kimi yanlış təsir bağışlayır. Əslində isə Rusiya 30 ildən qabaq, yəni münaqişə başlamamışdan əvvəl də hadisələrin içində, bölgədə idi. Hadisələrin əsas günahkarının da Rusiya olduğu heç kimdə şübhə doğurmur. Ermənilərin Cənubi Qafqaza köçürülməsində, məskunlaşdırılmasında, onlara Ermənistan adlı dövlətin qurulmasında Rusiya birbaşa iştirak edib. Eyni zamanda münaqişə ocaqları və bu ocaqları alovlandırmaq üçün vasitələr də yaradıb. Birinci Qarabağ münaqişəsi dövründə Ermənistana qələbənin qazanmasında Rusiya çox yaxından yardımçı olub. Bunu Ermənistanın keçmiş baş naziri Hrant Baqdasaryan da öz açıqlamasında deyib. Bildirib ki, 1992-ci ildə bizim ağır məğlubiyyətə uğramağımız an məsələsi idi. Lakin Rusiyanın, xüsusən də Rusiyanın o zamankı müdafiə nazirinin müavini Qaydayın bilavasitə rəhbərliyi altında hərbi yardımın təşkili Ermənistanın Qarabağda qələbə əldə etməsi üçün yetərli oldu. Keçmiş Muxtar Vilayətin inzibati ərazilərindən kənarda olan Azərbaycanın daha 7 rayonu da ələ keçirildi.

Bu gün Rusiya özünün yaratdığı problemləri həll etmən kimi imitasiyalarla məşğuldur. Başı Ukraynada müharibəyə qarışıb, dünya gücləri üstünə gəlir, çoxsaylı sanksiyalar bu ölkənin Qərblə iqtisadi əlaqələrini demək olar ki, sıfıra endirib. Moskva ölkədə başlanan sosial problemin daha da dərinləşməməsi üçün yollar axtarır. Bu yollardan biri də yeni partyorlar axtarmaqdır ki, bunun üçün də şərqə üz tutub. Bir sözlə Rusiya Cənubi Qafqazda 30 il davam edən münaqişəyə bütün gücü ilə diqqət ayıra bilmir. Çəkilib getmək də istəmir. Suriyada olduğu kimi, ara-sıra özünün varlığını göstərməklə böyük güclərə bu bölgələri asanlıqla əldən verməyəcəyini deyir. Amma Qərb koalisiyası Ukraynada oyuna gətirdikləri Rusiyanı təsir dairəsində qalan regionlardan qovub çıxarmaq üçün hər cür vasitələrdən yararlanmaq istəyir.

Ermənistanla Azərbaycan arasında hələ də imzalanmamış sülh müqaviləsinin reallaşması üçün Rusiyadan sonra Avropa İttifaqı (Aİ) da test etmək niyyətini ortaya qoymuşdu. Aİ Şurasının prezidenti Şarl Mişelin təşkilatçılığı ilə 3 görüş də keçirildi. İlk baxışda elə təəssürat yaranmışdı ki, bu formatda görüş Ermənistanla Azərbaycanın barışını təmin edə biləcək. Üçtərəfli görüşə dördüncü tərəfin, daha doğrusu Avropanın subyektlərindən birinin – Fransanın prezidentinin qoşulması görülən işlərin üstündən birdəfəlik xətt çəkdi. Şarl Mişel tərəfsiz bir lider təsiri bağışlasa da Emmanuel Makronun ermənipərəstliyi, “böyük haxçi” olması danışıqları dalana dirədi. Hətta sonuncu görüş keçirilmədən sona çatdı. Fransa Senatının və Milli Assambleyasının qətnamələri sülh danışırlarında Fransanın vasitəçilik missiyasına öldürücü zərbə vurdu. Əslində Rusiyanın başlatdığı və 3 dəfə keçirdiyi üçtərəfli görüşlərdə əvvəlki illərə nisbətən irəliləyiş gözə dəyirdi. Tam olmasa da, hər halda işğal müddətində yaranmış mənzərədən fərqli bir tablo çəkilmişdi. Avropa İttifaqının danışıqlara yeni rəng verməsi Rusiya farmatını da canlandırmışdı, yəni Moskvanın təşəbbüsü əldən vermək istəməməsi danışıqların keyfiyyətinə müsbət təsir göstərmişdi. Rəqabət öz sözünü deyirdi. Makronun lüzumsuz müdaxiləsi isə…

Yei gəlmişkən Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva özünün "Twitter" səhifəsində yazıb ki, Avropa İttifaqının Ermənistana missiya göndərməsi bu ölkənin öhdəliklərini yerinə yetirməkdən yayınması üçün bəhanə olmamalıdır. O qeyd edib ki, missiya sərhədlərin delimitasiyası prosesi də daxil olmaqla, Azərbaycan və Ermənistan arasında normallaşma prosesini pozmaq üçün istifadə edilməməlidir. Xatırladaq ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədinə növbəti missiyanın göndərilməsi barədə razılıq verib. Missiyanın ilkin mandatı iki illik nəzərdə tutulacaq, operativ qərargahı isə Ermənistanda yerləşəcək. Mülki əməliyyatlara Aİ-nin Xarici Fəaliyyət Xidmətinin Mülki Planlama və Davranış (CPCC) üzrə idarəedici direktoru Stefano Tomat rəhbərlik edəcək. Yaxın gələcəkdə yerli səviyyədə əməliyyatlara nəzarət etmək üçün missiya rəhbəri təyin ediləcək.

Bu arada isə Fransa prezidenti Emmanuel Makron Fransanın Erməni Təşkilatları Koordinasiya Şurasının (CCAF) həmsədrləri Ara Toranyan və Murad Papazyanla görüşüb. Görüş zamanı qondarma erməni soyqırımı, Laçın yolu ilə bağlı məsələlər və Ermənistanın təhlükəsizliyi ətrafında müzakirələr aparılıb. Təbii ki, erməni təşkilatlarının rəhbərlərinin prezident səviyyəsində qəbul olunmasını Parisin anti-Azərbaycan siyasətinin bir parçasıdır. Əslində Toranyan və Papazyan siyasi meydanda erməni diasporunun təmsilçiləri kimi maskalansalar da, onların terrorçuluq fəaliyyəti, qaranlıq siyasi keçmişi bir çoxlarına məlumdur. Yelisey sarayında qəbul olunan Ara Toranyan və Murad Papazyan əslində kimdir?

Ara Toranyan (Jan-Mark Ara Toranyan) – ASALA terror təşkilatının rəhbəridir. Terrorçu Monte Melkonyan öldürüldükdən sonra təşkilatın lideri Ara Toranyan olub. O, Türkiyə əleyhinə ciddi fəaliyyəti ilə tanınır. Fransada erməni lobbisinin rəhbəri Jan-Mark Ara Toranyan 1980-ci illərdə Orli hava limanında 1983-cü ildə törədilmiş dəhşətli təxribatın arxasında duran ASALA-nın (Ermənistanın Azadlığı Naminə Gizli Erməni Ordusu) sözçüsü idi. Həmin terror aktında ikisi türk, dördü fransız olmaqla səkkiz nəfər ölümüşdü, 55 nəfər isə yaralanmışdı.
Toranyanın Fransanın hazırki hakimiyyəti ilə yaxın əlaqələri var. 2021-ci ilin 25 aprel tarixində Fransa prezidenti qondarma erməni soyqırımı abidəsini ziyarət edərkən Toranyan da onun yanında olub. Jan-Mark Ara Toranyan Avropada Azərbaycan əleyhinə qəbul olunan qətnamələrin əsas təşəbbüskarlarındandır. O, hazırda Fransada erməni lobbisinə də rəhbərlik edir.

Murad Papazyan – Fransada Azərbaycan əleyhinə təşkil olunan kampaniyaların əsas rəhbərlərindəndir. Ötən il iyulun 19-da Fransadakı erməni təşkilatları koordinasiya şurasının (CCAF) həmsədri, “Daşnaksütyun” təşkilatının bürosunun üzvü Murad Papazyanın rəhbərliyi ilə “Daşnaksutyun” partiyasının və beynəlxalq səviyyədə terror təşkilatı kimi tanınan ASALA-nın ideoloji tərəfdaşları və davamçıları olan “Gənc daşnaklar” (FRA Nor-Seround) fraksiyasının üzvləri Parisdəki Azərbaycan səfirliyi qarşısında mitinq keçirmişdi. Həmçinin Papazyan Azərbaycan diasporunun Ermənistan səfirliyi qarşısında təşkil etdiyi qanuni aksiyanın qarşısını almağa çalışan şəxslərdən biri olub. Papazyan bu məqsədlə Parisin meriyasından başlayaraq bütün aidiyyəti instansiyalara yazılı müraciət etmişdi. Amma onun diasporamızın qanuni aksiyasına mane olmaq cəhdləri alınmayıb və əksinə, aksiya polis və jandarmlar tərəfindən mühafizə olunub. Papazyan həmçinin baş nazir Nikol Paşinyanın əsas əleyhdarlarındandır. O, 2022-ci ilin avqustunda verdiyi açıqlamada Nikol Paşinyana qarşı sərf fikirlər səsləndirmişdi. Bildirmişdi ki, Paşinyan Ermənistanı avtoritar dövlətə çevirir. Ötən il İrəvana səfərə gələn Murad Papazyan “arzuolunmaz şəxs” elan olunduğu üçün hava limanından geri qaytarılmışdı.

Göründüyü kimi, Ara Toranyan ASALA, Murad Papazyan isə “Daşnaksutyun” terror təşkilatının siyasi meydandakı əsas fiqurlarıdır. Makronun isə terrorçuları, siyasi fəaliyyəti anti-Türkiyə və anti-Azərbaycan məqamlarla dolu olan şəxsləri Yelisey sarayında qəbul edir. Rəsmi Paris Azərbaycana qarşı hətta terrorçularla da ittifaq yaratmaqdan belə çəkinmir, onlarla bir masaya əyləşir. Makronun Murad Papazyanla görüşü Paşinyan hakimiyyəti üçün də açıq mesajdır. Çünki Papazyan Paşinyanın əsas əleyhdarlarından hesab olunur. Məlum olur ki, Makron Cənubi Qafqaza daxil olmaq üçün anti-Paşinyan ittifaqı ilə də əməkdaşlıq etməyə hazırdır. Beləliklə, bu faktlar sübut edir ki, rəsmi Paris Cənubi Qafqazda sülhə heç bir töhfə vermək niyyətində deyil. Əksinə yeni münaqişə ocağı yaratmaq, gərginliyi artırmaq üçün terrorçularla ittifaq qurmağa çalışır. Ona görə də Parisin Azərbaycan-Ermənistan sülh prosesində iştirakı, ona hər hansı söz haqqının verilməsi mümkünsüzdür.

Yanvarın 23-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı ABŞ dövlət katibi Azərbaycan ərazisində Laçın dəhlizində yaranmış vəziyyətlə bağlı narahatlığını bildirib. Antoni Blinken ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına sadiqliyini ifadə edib və sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini bildirib. Prezident İlham Əliyev Laçın-Xankəndi yolunda hər hansı blokadanın olmadığını qeyd edərək, 2022-ci il 12 dekabr tarixindən etibarən 980-nə yaxın nəqliyyat vasitəsinin bu yoldan keçidinin təmin olunduğunu vurğulayaraq, onların 850-dən çoxunun Rusiya sülhməramlılarına, 120-dən artığının isə Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus olduğunu deyib. Eyni zamanda, Azərbaycan Prezidenti Qarabağda yaşayan 90-a yaxın xəstə və tibbi yardıma ehtiyacı olan şəxsin Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə Ermənistana aparılmasının təmin edildiyini vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, bütün bunlar Laçın-Xankəndi yolunun Azərbaycan tərəfindən bağlanmadığını göstərir.

Dövlətimizin başçısı vurğulayıb ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarı dayandırılmalı və həmin ərazidə Azərbaycanın daimi monitorinq və təftiş aparmaq imkanı təmin edilməlidir. Azərbaycan Prezidenti Ermənistan tərəfindən 2021-ci ilin istehsalı olan minaların qanunsuz olaraq Laçın yolundan istifadə edilərək daşındığını bildirib. Prezident İlham Əliyev ölkəmizin sülh prosesinə və Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərin normallaşdırılmasına sadiq olduğunu qeyd edib. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistan ilə Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın təqdim etdiyi beş prinsip əsasında yalnız ikitərəfli münasibətlərin normallaşdırılmasını özündə ehtiva etməlidir.

Prezident İlham Əliyev Azərbaycanın Qarabağ iqtisadi zonasında yaşayan mülki erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında təmin olunacağını qeyd edib. Telefon söhbəti əsnasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın xarici siyasətinin əsas amili tərəfdaş dövlətlərin maraqları ilə milli mənafelərimizi qarşılıqlı əməkdaşlıq sahəsində inkişaf etdirməkdir. Bu gün respublikamızın Amerika Birləşmiş Ştatları və Avropa Birliyi ölkələri ilə münasibətlərinin qarşılıqlı tərəfdaşlıq səviyyəsində davam etdirilməsi Prezident İlham Əliyevin dünyada möhkəmlənən şəxsi nüfuzunun, siyasi qətiyyət və hazırlığının nəticəsidir. Cənubi Qafqazda siyasi, hərbi, iqtisadi qüdrəti ilə liderliyini qoruyan Azərbaycan artıq bölgədə sabitliyin təminatı üçün önəmli reallıqların müəllifi, təşəbbüskarıdır.

Amerika Birləşmiş Ştatları ilə münasibətlərin tərəfdaşlıq səviyyəsində inkişafı Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir. ABŞ Prezidenti Co Baydenin xalqımızın milli bayramlarında, o cümlədən Müstəqillik Günündə dövlət başçımız İlham Əliyevə göndərdiyi təbrik məktubları qarşılıqlı əməkdaşlığın 30 illik uğurunun ifadəsidir. Bu etimad o deməkdir ki, ABŞ-ın Cənubi Qafqazdakı siyasətində Azərbaycan amili, Prezident İlham Əliyevin qətiyyəti xüsusi önəm daşıyır. ABŞ Prezidentinin Avropa və dünyanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın roluna verdiyi yüksək qiymət azərbaycanlı həmkarı İlham Əliyevin enerji mənbələrini şaxələndirmək siyasətinin Qərbdə çox ardıcıl izləndiyinin etirafıdır.

Azərbaycanın tam potensialına nail olunması, o cümlədən şaxələndirilmiş iqtisadiyyatın təşviqi, bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması ilə iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal məqsədlərə töhfənin verilməsi, qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi istiqamətində İlham Əliyevin davamlı addımları ABŞ tırıfindən alqışlanır.

Cənubi Qafqazda davamlı sülhün, iqtisadi tərəqqinin bərqərar olması üçün əlverişli şəraitin formalaşdığı bir zamanda ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, kommunikasiyaların açılmasında, insanlararası təmasların yaradılmasında mühüm rol oynaya biləcəyi real görünür. Azərbaycan tərəfimizdən təqdim olunan beş prinsip əsasında Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın dəyərli töhfə verə biləcəyi qənaəti də aktuallığını qoruyub saxlayır. Ermənistanın işğalından azad edilən ərazilərin minalardan təmizlənməsinə yardım edən ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsi zamanı itkin düşmüş 4000-ə yaxın soydaşımızın taleyinin aydınlaşdırılması məsələsində ölkəmizə dəstək göstərəcəyinə ümid edilir. İnanmaq olar ki, Azərbaycanla ABŞ-ı birləşdirən dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcək və genişlənəcək.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə