İki il öncə Qarabağda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı və rəşadəti hesabına tarixi ədalət bərpa olundu. Cəmi 44 gün ərzində 27 il kağız üzərində qalan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 4 Qətnaməsi icra olunaraq tarixdə bənzərinə rast gəlməyin bəlkə də mümkün olmayacağı bir nailiyyətə imza atıldı. Bu böyük nailiyyət bölgədə tamamilə yeni bir geostrateji vəziyyətin yaranmasına gətirib çıxardı. Bu həm də dövlətimiz üçün qarşıya qoyulmuş ən böyük məqsədin – Qarabağ probleminin həll olunması və yeni məqsədlərin təyin olunması mənasına gəlirdi. Bu mənada post-müharibə dövrü bir çox strateji istiqamətlərlə xarakterik oldu ki, sözügedən istiqamətlərdən biri də 1988-1991-ci illərdə Qərbi Azərbaycandan - doğma torpaqlarından qovulmuş minlərlə soydaşımızın tarixi torpaqlarına qayıdışı ilə bağlı idi.
Mövzu ilə bağlı fikirlərə keçmədən öncə bir nüansı xatırlatmaq istərdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hakimiyyəti dövründə hər zaman öz doğum günlərini xalqımızla, daha dəqiq həssas sosial təbəqənin nümayəndələri ilə birgə keçirmişdir. Məcburi köçkünlər, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Silahlı qüvvələrimizin nümayəndələri ilə müxtəlif illər ərzində görüşlər baş tutmuşdur. Bu bir növ rəmzi məna daşıyır. Azərbaycan Prezidentinin bu il öz doğum gününü Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olaraq və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə birgə keçirməsi də şübhəsiz ki, rəmzi məna daşıyır və bu məsələnin artıq dövlət rəhbərimizin xüsusi diqqətində olduğunu nümayiş etdirir. Təbiidir ki, ərazi bütövlüyümüz bərpa olunmadan, Qarabağ problemi həll olunmadan bu məsələyə diqqət ayırmaq hələ tez idi. Ancaq indi, bu mövzuda da tarixi ədalətin bərpa olunması üçün zaman yetişib. Necə ki, 27 ildən sonra Qarabağda, Şərqi Zəngəzurda ədalət qələbə çalıb, bəlli bir müddətdən sonra da Qərbi Azərbaycanımızda da ədalət yerini tapacaq. Çünki o torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır. Düzdür, bunu deməklə ölkə başçımız ya da xalqımızın heç bir nümayəndəsi ərazi iddia etmək niyyətində deyil. Azərbaycan tarixin heç bir dövründə başqa ölkələrin, dövlətlərin torpaqlarına göz dikməyib və bundan sonra da bu dəyişməyəcək. Ancaq onu da unutmaq olmaz ki, bu məsələlər tarixin tozlu səhifələrində itirilməyəcək qədər dəyərlidir. Bu, bizim milli kimliyimizin bir parçasıdır və gənclərimiz tarixi Azərbaycan torpaqlarını unutmamalıdır.
Qərbi Azərbaycana tarix nöqteyi nəzərindən qısaca baxış keçirək. Qərbi Azərbaycan - indiki Ermənistan Respublikasının əhatə etdiyi, tarixən Ermənistan azərbaycanlılarının sıx şəkildə yaşadığı coğrafi məkandır. XX əsrdə müxtəlif zamanlarda azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi nəticəsində hazırda Ermənistan Respublikasında azərbaycanlılara məxsus heç bir yaşayış məntəqəsi qalmamışdır. Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə müsəlmanların deportasiyası üç mərhələdə aparılıb: birinci mərhələ 1905–1920-ci illər; ikinci mərhələ 1948–1953-ci illər; üçüncü mərhələ 1988–1991-ci illəri əhatə edir. Sonuncu deportasiyada 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tarixi mədəni abidələri, dini müəssisələri, məktəb, xəstəxana və digər binaları darmadağın edib.
Təkcə 1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məxsus 2000-dən artıq qəbristanlıq dağıdıb. Ermənilər tarixən azərbaycanlılara, türklərə qənim kəsildikləri halda bu faktlar gizlədilib, dünya ictimaiyyəti isə bu məsələlərə diqqətsizlik göstərib. Təəssüf ki, Qarabağ məsələsində olduğu kimi bu məsələdə də dünya ictimaiyyətinin mövqeyi dəyişməz olaraq qalmaqdadır. Bu gün Şuşa-Xankəndi yolunda öz legitim hüquqları çərçivəsində Azərbaycana məxsus təbii sərvətlərin talanmasına etiraz edən ekofəallara qarşı üst-üstə açıqlamalar səsləndirən, bunu Qarabağda yaşayan əhalinin blokadaya alınması kimi qələmə verən dünya birliyi əsil işğala, soyqırıma, vandalizmə səsini çıxartmağa acizlik göstərir. Nə qədər dəhşətli olsa da reallıq budur. Dünya birliyinin bir çox mərkəzləri beynəlxalq hüququ çoxdan tərk edib və hadisələrə kimlərinsə şəxsi maraqlarının təmin olunması kontekstindən yanaşır. Azərbaycan Prezidentinin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı dediyi kimi, bizim təbii sərvətlərimiz istismar edilir, daşınır. İstənilən beynəlxalq hüquqi normaya görə təbii sərvətlərimizi istismar edənlər cinayətkardırlar. Ancaq bu gün bu vəziyyət tamamilə təhrif edilmiş tərzdə təqdim olunur. Yenə yalan, yenə iftira, yenə böhtan, kim bunu edir, biz hamımız yaxşı bilirik. Ancaq hansı ölkənin nə etməsindən asılı olmayaraq Azərbaycan azad müstəqil siyasət yeridən bir ölkədir və ölkəmizə heç bir kənar qüvvə təsir edə bilməz. Necə olsa da dövlətimiz hər zaman öz əzmkar, milli maraqlara əsaslanan siyasətini və tarixi ədalətin, beynəlxalq hüququn bərpası naminə fəaliyyətini davam etdirəcəkdir.
Sonda bir daha vurğulamaq istərdim ki, Qərbi Azərbaycan tarixi Azərbaycan torpağıdır və həmin torpaqların hər qarışı bizə məxsusdur. Gələcək zamanlarda biz Qərbi Azərbaycana qayıdacağıq. Əlbəttə ki, müharibə ilə, topla, tüfənglə yox. Amma mütləq qayıdacağıq. Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə dövlət başçısı kifayət qədər ciddi yol xəritəsi ortaya qoydu. Bu öz növbəsində Qərbi Azərbaycan məsələsində tarixi dönüş, beynəlxalq hüquq çərçivəsində BMT Nizamnaməsinə əməl etməklə sülh şəraitində Qərbi Azərbaycanın fəthi deməkdir. Görüşdə Azərbaycan Prezidenti bir nüansı da qeyd etdi ki, Qərbi Azərbaycan İcmasının hazırda fəaliyyət göstərəcəyi binada yerləşmiş qarabağlılar artıq Qarabağa ya qayıdıblar, ya da qayıtmağa hazırlaşırlar. Burada yerləşən Qərbi azərbaycanlılar da qayıdacaqlar. Bu günə qədər verdiyi hər bir vədə əməl edən Prezident İlham Əliyevin bu vədinin də reallaşacağına ən kiçik şübhə yoxdur. Gün gələcək bu mötəbər görüşlər Qərbi Azərbaycan torpaqlarında baş tutacaq, bizlər öz doğma torpaqlarımızda azad, firavan ömür sürəcəyik.
Xəyalə Cavanşirli
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB