Həmrəylik, birlik, diaspor fəaliyyəti və lobbiçiliyin inkişafı prioritet sayılır - TƏHLİL

Milli birlik, həmrəylik sayəsində çox böyük nailiyyətlərin əldə olunduğuna zərrə qədər şübhə qalmayıb. Çünki məhz birliyimizlə, həmrəyliyimizlə nələrə nail olduğumuzu öz gözlərimizlə gördük və əmin olduq ki, bu birlik bizi yalnız qələbələrə aparır. Təsadüfi deyil ki, öz xalqının taleyində müstəsna rol oynayan tarixi şəxsiyyətlər həmrəyliyi, birliyi təmin etməyə çalışıb və bununla da öz xalqına qələbələr bəxş ediblər. Məhz Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı, cənab Prezident İlham Əliyev xalqımızın, Azərbaycan xalqının milli birliyinə, həmrəyliyinə nail olmaqla, xalqımıza qələbə sevinci bəxş edən tarixi şəxsiyyətlərdir.

Həmrəyliyin və birliyin nə dərəcədə vacib olduğuna hələ ötən əsrin sonlarında, öz müstəqilliyini yenicə bərpa edən və hələ möhkəmlənməyən ölkəmizə qarşı düşmən qüvvələrin baş qaldırdıqları zaman əmin olmuşduq. Əmin olmuşduq ki, xalqımıza, dövlətimizə qarşı öz çirkin niyyətlərini həyata keçirmək istəyən qüvvələr ilk növbədə bizi daxildən parçalamağa, birliyimizi sarsıtmağa çalışırdılar. Etnik qarşıdurmalar, toqquşmalar fonunda bizim birliyimizə mane olmağa çalışanlar bununla hətta ölkədə vətəndaş müharibəsinin olmasını da istəyirdilər və bundan öz çirkin əməlləri üçün istifadə edəcəklərinə əmin idilər. O zamankı səriştəsiz hakimiyyət isə nə bunun fərqində deyildi, nə də birliyimiz barədə düşünmürdü və ancaq hakimiyyət kürsüsü uğrunda mübarizə aparırdı. Deməli, məhz onların belə mübarizələrindən sui istifadə edən düşmən qüvvələr ölkəmizə qarşı illərlə hazırladıqları işğalçılıq siyasətini yürütməyə başladılar. Çünki həmin qüvvələr ölkəmizdəki daxili çəkişmələri gördükləri zaman bunu özləri üçün münbit şərait kimi qiymətləndirərək, torpaqlarımıza silahlı basqın etdilər və təəssüf ki, öz istəklərinə nail oldular, ərazilərimizin 20-ni işğal etdilər. Bəli, o zaman məhz birliyimizin və həmrəyliyimizin olmamasından istifadə edən bədnam qonşularımız, yəni ermənilər namərdcəsinə bizə hücum çəkməyə cəsarət etdilər və öz işğalçılıq niyyətlərini gerçəkləşdirə bildilər. Həmin dövrdə də ölkəmizin məhz səriştəsiz hakimiyyəti bunun qarşısını ala bilməzdi və heç bilmədi də, çünki həmrəyliyimiz və birliyimiz olmadan bunu etmək mümkün də deyildi.

Xatırladaq ki, ötən əsrin sonlarında, həmin o xaosun hökm sürdüyü dövrdə, ölkəmiz parçalanmaq, hətta vətəndaş müharibəsi qorxusu və müstəqilliyimizin, suverenliyimizin, dövlətçiliyimizin itirilməsi təhlükəsi ilə üz-üzə qaldığımız bir zamanda xalqımız dahi rəhbərə, xilaskar liderə çox böyük ehtiyac duyurdu. Elə bu baxımdan da xalqımızın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı və ilk növbədə xaosun, parçalanmaların qarşısını aldı. Ulu Öndər həmrəyliyimizi, birliyimizi bərpa etməklə Azərbaycanın qarşılaşdığı problemlərin kökündən həllinə nail oldu. Məhz dahi rəhbərin ətrafında birləşməklə, birliyimizlə, həmrəyliyimizlə bütün problemlərin öhdəsindən gəlindi. İşğalçı ölkənin işğalçılıq əməllərinin qarşısı alındı, atəşkəs elan edildi, qırğınlara, soyqırımlara, insan tələfatına, vətəndaşlarımızın ermənilər tərəfindən işgəncələrə məruz qalmasına son qoyuldu və sabitlik bərpa edildi. Məhz sabitlik bərpa edildikdən sonra da ölkəmiz bütün istiqamətlərdə özünün inkişaf yoluna qədəm qoydu. Zəfərimizi, qələbəmizi təmin edən siyasi, iqtisdi və digər istiqamətlərdə inkişafın təməli məhz birliyimizlə, həmrəyliyimizlə qoyuldu. Buna görə də cəsarətlə deyə bilərik ki, bizim həmrəyliyimizin tələməli məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və həmin o möhkəm təməl üzərində də cənab Prezident İlham Əliyev bizim birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirməklə xalqımıza ardıcıl qələbələr bəxş etdi.

44 günlük müharibə dövründə təkcə düşmən tərəf deyil, bütün dünya ictimaiyyəti xalqımızın həmrəyliyinin, birliyinin şahidi oldu. Şahidi oldu ki, Azərbaycan xalqı öz milli dəyərlərinin, özünə məxsus olanın müdafiəsi, mühafizə uğrunda necə birləşdi və ən qısa zamanda qələbə qazanıldı. Bizim milli birliyimiz, həmrəyliyimiz bizə Zəfər qazandırdı. Həmin dövrdə hətta ölkə hüdudlarından kənarda, xarici ölkələrdə yaşayan həmvətənlərimiz də həmrəylik, birlik nümayiş etdirdi. Bizim diasporlarımız xarıci ölkədə yaşayan ermənilərin ölkəmizin haqq işinə qarşı bir sıra həmlələrinin, bəd niyyətlərinin və əməllərinin qarşısını aldı. Dəfələrlə bir neçə xarici ölkə səfirlikləri qarşısında ölkəmizin haqq işinə kölgə salmaq, müxtəlif don geyindirmək istəyən ermənilər diasporlarımızın ciddi müqaviməti ilə qarşılaşmalı oldular və öz çirkin niyyətlərini həyata keçirə bilmədilər. Məhz diasporlarımızın fəaliyyəti sayəsində bizim ölkəmizə qarşı, ölkəmiz əleyhinə yalan, təhrif olunmuş məlumatları yayan ermənilərin təbliğat maşınının fəaliyyəti məhdudlaşdırıldı, hətta ifşa edildi və onlar istədiklərinə nail ola bilmədilər. Azərbaycan həqiqətlərinin, bizim doğru işimizin bütün dünyaya çatdırılmasında, ərazilərimizin erməni separatçıları tərəfindən işğal edilməsi barədə məlumatlandırılmasında diasporlarımızın və lobbilərimizin xüsusi rolu oldu və ölkəmizin haqlı olması, milli maraqları dünya miqyasında müdafiə edildi. Bir sözlə, bizim diasporlarımız da qələbəmizə öz töhfəsini vermiş oldu. Bütün bunlar onu göstərir ki, diaspor və lobbiçilik nə qədər vacib məqamdır. Xatırladaq ki, bu həqiqətləri hər kəsdən öncə özünün uzaqgörənliyi ilə çox gözəl bilən Ulu Öndər Heydər Əliyev, xalqımızın təkidli tələbi ilə hələ hakimiyyətə yenicə qayıtdığı dövrdə məhz xarici ölkələrə səfərləri zamanı həmvətənlərimizlə görüşlər təşkil edərək, onların birləşməsini, birliyini tövsiyyə edirdi. Dahi rəhbərin tövsiyyərindən doğru, düzgün nəticələr hasil edən həmvətənlərimizin birliyi ilə diasporlarımız yarandı. Bu isə o deməkdir ki, diaspor quruculuğumuz da məhz Ümummilli Liderin adı ilə bağlıdır. Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən cənab Prezident İlham Əliyev də diaspor quruculuğuna, lobbiçiliyin inkişafına xüsusi diqqətlə yanaşır. Diqqətə çatdıraq ki, Ermənistanın hərhansı maddi problemləri ortaya çıxdığı zaman erməni diasporu həmin ölkəyə maddi yardımlar etdiyi halda, Azərbaycan dövləti xarici ölkələrdə mövcud olan diasporlarımızı özü maliyyələşdirir, hansıki bu məqam özü də ölkə rəhbərimizin diasporlarımıza diqqətinin, qayğısının bariz nümunəsidir.

Doğrudur, iqtisadi inkişaf, güclü dövlət quruculuğu, maddi imkanlar, hərbi və digər potensial güc qələbə çalmağımız, düşmənə layiqli cavab verməyimiz üçün əsaslı yol oynadı, amma həmin qələbəmizin əldə edilməsində həmrəyliyimizin, birliyimizin, diasporlarımızın fəaliyyətinin də rolu danılmazdır. Biz qələbə çaldıq, Zəfər qazandıq, amma düşmənlərimiz hələ də öz çirkin niyyətlərindən əl çəkən kimi görünmürlər. Savaş meydanında müharibə başa çatsa da, informasiya müharibəsi hələ də davam edir və nə vaxt bitəcəyi barədə də proqnoz vermək mümkün deyil. Bu baxımdan da bizim həmrəyliyimiz, birliyimiz, diasporlarımızın fəaliyyətinin genişləndirilməsi öz aktuallığını qorumaqdadır, çünki düşmənə təkcə hərb meydanında deyil, istənilən müstəvidə qalib qəlmək üçün buna indi daha çox ehtiyac duyulur. “Dəmir yumruq” olub düşmənin başını əzən birliyimiz, həmrəyliyimiz, diasporlarımızın daha da gücləndirilməsi hər zaman olduğu kimi, yenə də ən vacib məsələ hesab olunur. Təsadüfi deyil ki, ölkə rəhbərimiz, Ali Baş Komandan, cənab Prezident İlham Əliyev birliyimizə, həmrəyliyimizə xüsusi önəm verir, diasporlarımızın fəaliyyətini də yüksək qiymətləndirir. Çünki bizim bu qloballaşan dünyamızda birliyimiz, həmrəyliyimiz əvəzsizdir və xalqlar arasında sürətli inteqrasiya prosesi getdiyi bir zamanda diaspor təşkilatlarının beynəlxalq siyasətdə rolunu da artıq etiraf etməmək olmaz və bu gün dünyanın reallıqları diaspor quruculuğu istiqamətində qarşıya yeni vəzifələr qoymaqdadır. Ona görə ki, artıq diaspor təşkilatlarının rolu artmaqdadır, hansıki onların fəaliyyəti tarixi zərurətə çüvrilib və bu baxımdan da həmrəyliyimizlə, birliyimizlə yanaşı, diasporlarımızın daha da aktiv fəaliyyəti, lobbiçilik fəaliyyətinin genişləndirilməsi öz aktuallığını qoruyur, hətta prioritet olaraq qəbul edilir.

Müəllif: İnam Hacıyev

6.3.14. - "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi"

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə