İnformasiya və kommunikasiya texnologiyaları hərtərəfli inkişafa xidmət edir - TƏHLİL

Təsir dairəsi dövlət strukturlarını, vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti və bütövlükdə insanların həyat tərzini əhatə edən informasiya və kommunikasiya texnologiyaları artıq cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib. Hazırda dünyamızı informasiya və kommunikasiya texnologiyaları olmadan təsəvvür belə etmək mümkün deyil, çünki davamlı olaraq inkişaf etməkdə olan cəmiyyət məhz həmin texnologiyalar sayəsində inkişafdadır. Məhz bu səbəbdən də bütün sahələri əhatə edən, eləcə də bütün sahələrə siraət edən informasiya və kommunikasiya texnologiyalarının tətbiq dərəcəsi hər bir ölkənin, hər bir cəmiyyətin elmi, iqtisadi potensialının göstəricisi hesab olunur.

Elektron biznesin rolunun gündən-günə artdığı dünya bazarında ölkələrin iqtisadi rəqabət aparmaq qabiliyyəti həmin ölkələrin informasiya və kommunikasiya texnologiyalarından effektiv istifadə səviyyəsindən asılıdır. Eyni zamanda, informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və demokratiyanın inkişafının əsas göstəricilərindəndir. Dünya təcrübəsi göstərir ki, hər bir ölkənin hərtərəfli inkişafına xidmət edən informasiya və kommunikasiya texnologiyaları, eyni zamanda, əhalinin sosial-iqtisadi vəziyyətində mövcud olan problemlərin daha tez, daha sürətli və effektiv həll olunması, eləcə də yoxsulluq səviyyəsinin aşağı salınması üçün də tutarlı vasitələrdəndir. Deməli, informasiya və kommunikasiya texnologiyalarının inkişafı istiqamətində ölkələrin ardıcıl tədbirlər görməsi, bu sahənin inkişafına diqqət ayırması, xüsusi yer verməsi tamamilə məntiqidir. Məhz bütün bunlar nəzərə alınaraq, ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarından istifadə sahəsində müvafiq addımlar atılıb, hətta demək olar ki, bütün sahələrdə, bütün istiqamətlərdə bu texnologiyaların tətbiqində ciddi uğurlar qazanılıb və ümumiyyətlə, bu istiqamət dövlət siyasətinin prioritetlərindən birinə çevrilibdir.

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi məqsədi ilə ölkəmizdə aparılan islahatlar deyilənləri təsdiq edir və təbii ki, məqsəd innovasiya yönümlü fəaliyyətin daha da inkişaf etdirilməsi, gücləndirilməsi, daha informativ cəmiyyətin qurulmasıdır. Belə bir cəmiyyətin qurulması üçün də dövlətimiz öz dəstəyini göstərir, hansıki sözügedən istiqamətdə inkişafın daha da sürətli olması üçün həmin dəstəyin rolu danılmazdır. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi üzrə innovasiya fəaliyyəti ilə məşğul olan subyektlərə stimullaşdırıcı xarakterli maliyyə ayrılması, müxtəlif yeni texnoloji vasitələr və mexanizmlərin hazırlanması istiqamətlərində yardımlar məhz dövlətimizin dəstəyidir və bunu da hər birimiz müşahidə etməkdəyik.

Azərbaycanda tətbiq olunan "Elektron Hökumət", eləcə də “ASAN xidmət” ölkəmizdə elektron xidmətlərin yaradılması istiqamətində ən parlaq nümunələrdəndir. Bu kimi elektron xidmətlər öz növbəsində, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması, sürətləndirilməsi baxımından əvəzsizdir. Sözsüz ki, dövlət başçısının, cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən və prioritet məsələlərdən olan operativlik, şəffaflıq, müasirlik, texnoloji imkanların artırılması cəmiyyətimiz, Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

Diqqətə çatdıraq ki, hazırda bütün dünyada müşahidə edilən hərbi toqquşmalarda belə təkcə silah gücünə üstünlüklər əldə edilmir, əksinə, görürük ki, informasiyanın və yüksək texnologiyaların tətbiqi hesabına üstünlüklər əldə edilir. 44 günlük müharibə dönəmində hər kəs bir daha əmin oldu ki, yüksək texnologiyaların tətbiqi sayəsində qələbəni ən qısa zamanda əldə etmək mümkündür və bu sahədə ölkəmizin təcrübəsi bütün dünyada həm öyrənilir, həm də tədris olunur. Bu isə onu deməyə əsas verir ki, ölkəmizdə digər sahələrlə yanaşı, informasiya və kommunikasiya texnologiyalarının inkişafı, tətbiqi sahəsində dinamik inkişaf, irəliləyiş var və bu, bütün dünyada qəbul olunur. O da qəbul olunur ki, Azərbaycan informasiya və kommunikasiya texnologiyalarının inkişafı, tətbiqi sahəsində nəinki Ermənistandan, eləcə də bir çox ölkələrdən dəfələrlə üstündür. Biz həmçinin onu da gördük və əmin olduq ki, informasiya və kommunikasiya texnologiyalarının inkişafı ölkənin təkcə sosial-iqtisadi həyatında deyil, bütün sahələrində öz müsbət təsirini aydın şəkildə göstərməkdədir.

Xatırladaq ki, silah gücünə həll edilən bəzi məsələlər bu gün informasiya meydanının köməyi ilə də yoluna qoyula bilinir və görünüyü kimi, internet həm də getdikcə savaş meydanına çevrilir. İndi hər cür informasiyanı əldə etmək, yaymaq üçün texnologiyanın son uğurlarından istifadə etmək şansı var. Kompüter və internet həyatımıza sürətlə daxil olmaqda, az qala hava, su kimi istifadə olunmaqdadır. Bu prosesdən geri qalmaq da mümkün deyil. Əslində, geri qalmaq yox, irəliləmək daha məqsədəuyğundur, çünki ölkəmiz, onun tarixi, mədəniyyəti, siyasi sistemi haqqında informasiyaları, eləcə də Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq bu gün daha vacibdir. Hərb meydanında Azərbaycanın mükəmməl qələbəsi ilə, düşmənin isə, təslimiyyət aktı olan kapitulyasiya sənədinə imza atması ilə savaş bitsə də, informasiya cəbhəsində savaş hələ davam edir. Ermənistan dövləti, erməni diasporu və lobbisi, xaricdə yaşayan ermənilər Azərbaycan barədə yalan informasiyalar yaymaqla ölkəmiz barədə həqiqətləri özr-basdır etməyə, öz məkrli niyyətlərini reallaşdırmağa çalışırlarsa, deməli, informasiya cəbhəsində də qələbə qazanmaq, düşməni məğlub etmək gərəkir. Daha dəqiq desək, tariximizi, mədəniyyətimizi, bizə məxsus olan dəyərləri, elə qələbəmizi də, uğurlarımızı da, haqlı, ədalətli mövqeyimizi də dünyaya çatdırmaq bu gün hər zaman olduğundan daha vacib hesab olunur. Bu baxımdan, Azərbaycanda informasiya cəmiyyətinin formalaşması prosesində ölkənin milli informasiya təhlükəsizliyi sisteminin yaradılması, informasiya fəzasının təhlükəsizliyinin və vətəndaşların informasiya hüquqlarının müdafiəsinin təmin edilməsi informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən mütəxəssislər qarşısında duran əsas vəzifələrdən sayılır.

Çox sevindirici haldır ki, hazırda Azərbaycan informasiya və kommunikasiya sahəsində qazandığı naiiyyətlərə görə dünyanın inkişaf etmiş ölkələri ilə eyni sıradadır. Ölkəmiz bu istiqamətdə artıq ciddi irəliləyişlərə nail olub və Azərbaycan Prezidenti cənab İlham Əliyevin gərgin əməyi, ciddi səyləri, bu sahəyə göstərdiyi diqqət və qayğı sayəsində əldə edilən nailiyyətlərin yaxın gələcəkdə daha da artacağı, sözügedən sahənin daha da inkişaf edəcəyi zərrə qədər şübhə doğurmur.

Müəllif: İnam Hacıyev

6.3.13. "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi"

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə