Brend, yoxsa adi saatlar?- ARAŞDIRMA

Qədim dövlərdə zamanı ölçməyə çalışan ayrı-ayrı xalqlar müxtəlif üsullardan istifadə ediblər. Ən qədim saatlar Günəş saatları hesab olunur. İlk Günəş saatını düzəltmək qədim misirlilərin ağlına gəlib. Onlar Günəşin hər gün müntəzəm bir hərəkətlə doğmasını, müəyyən vaxtlarda göy üzünün eyni nöqtələrində olmasını, sonra batmasını müşahidə edərək ən qədim saatı kəşf ediblər. Bu saat meydanın yüksək bir yerində qoyulan daşdan ibarət olub. Qədim misirlilər Günəşin hərəkəti əsnasında bu daşın kölgəsini izləməklə vaxtı ölçüblər. Yeri gəlmişkən, saat əqrəbinin sağa hərəkət etməsi də buradan yaranıb. Belə ki, Misir Yer planetinin şimal yarımkürəsində, ekvator xəttinə yaxın yerləşən ölkədir və Günəş çıxanda qədim misirlilərin düzəltdikləri saatda kölgə dərhal qərbdə meydana gəlir, Günəş yüksəldikcə kölgə şimala, yəni sağa doğru hərəkət edirdi. Daha sonralar, çarxlı, mexaniki, batareyalı saatlar yaradılanda da istiqamət dəyişmədi və beləcə, əqrəbin soldan sağa doğru hərəkəti günümüzədək gəlib çıxdı. Maraqlıdır ki, Avstraliya kimi ekvatorun cənubundakı ölkələrdə, Günəş doğarkən daşın kölgəsi cənuba düşür və Günəş yüksəldikcə sola doğru dönməyə başlayar. Kim bilir, bəlkə ilk saat orada kəşf edilsəydi, bu gün əqrəblər əks istiqamətdə hərəkət edə bilərdi. Beləliklə, artıq eramızdan əvvəl III minilliyin ortalarında ən bəsit saat mövcud idi. Həmin dövrdə Qədim Misir və Yunanıstanda vaxtı üfüqi və şaquli sferblatlı Günəş saatı ilə hesablayırdılar.

Günəş saatından sonra su saatı yaranıb. Su saatının yaranması isə qədim yunan riyaziyyatçısı, mühəndisi və ixtiraçısı Ktesibiosun adı ilə bağlıdır. O, bizim eradan əvvəl II əsrdə qədim Misirdə yaşayıb. Su saatı düzəldilənədək insanların istifadə etdiyi günəş saatı ilə vaxtı yalnız gündüzlər ölçmək mümkün olurdu. Amma su saatı icad olunandan sonra vaxtı gecələr də ölçmək mümkün olub. Su saatları ilkin vaxtlarda dibində deşik olan qabdan ibarət idi. Qaba müəyyən miqdarda su tökülür, su axıb qurtardıqda vaxt ötüb keçirdi. Bu saatların çatışmayan cəhəti onlarda suyun sürətinin sabit olmaması səbəbindən vaxtın qeyri-dəqiq ölçülməsi idi. Belə ki, qabda suyun həcmi dəyişdikcə qabın dibindəki təzyiq də dəyişirdi ki, bu da suyun axın sürətinə birbaşa təsir edirdi. Digər tərəfdən deşiyin çirklənməsi də saatın dəqiqliyini aşağı salırdı. Sonralar mühəndis Ktesibios bu problemləri aradan qaldırmaq üçün yeni konstruksiya təklif edib. Qabdakı deşiyin dəqiqliyini artırmaq üçün o, deşiyi qızıldan və ya xüsusi daşlardan hazırladı.

Günəş və su saatlarından sonra qədim insanlar qum saatlarını icad ediblər. Ələnmiş narın qumu ortası boğma şüşə qaba tökür və sonra qabı tərsinə çevirirdilər. Ammu bu saatın yanında kimsə növbə çəkməli idi ki, qum şüşənin alt hissəsinə tökülüb qurtaran kimi, yenidən qabı tərsinə çevirsin. Qum saatı bərabər sürətli hərəkət prinsipi əsasında işləyirdi. Tarixi mənbələrə görə, 1259-cu ildə böyük Azərbaycan alimi Nəsirəddin Tusinin Marağa rəsədxanasında Ay və Günəş tutulmasını, gecə-gündüz bərabərliyi anlarını müşahidə edən müxtəlif cihazlardan əlavə Günəş saatı və su saatı olub.

Günəş saatları

Günəş saatları bəşəriyyətin əsrlər boyu vaxtı ölçmək üçün istifadə etdiyi bir saat növüdür. Mərmər və ya daş döşəmə üzərində xüsusi hazırlanmış şaftın kölgəsinin hərəkətinə görə vaxtı ölçməyə kömək edir. Bu hərəkət Günəşin zahiri hərəkətinə uyğun olaraq baş verir.

Su saatları

Su saatları demək olar ki, günəş saatları qədər köhnədir. Tək qabdan ibarət su saatlarında qab su ilə doldurulur və dibində dəlik olur. Su qabdan boşaldıqca, qabın içindəki işarələr nə qədər vaxt keçdiyini göstərir. Yəni bildiyimiz zaman qavrayışından fərqli bir məntiqə malikdir.

Atom saatları

Hidrogen və ya sezium atomunun sarkaç kimi istifadə edildiyi atom saatlarının ilk nümunəsi 1949-cu ildə ABŞ-da hazırlanmışdır. 1967-ci ildə atomun təbii tezliyi yeni qlobal zaman vahidi kimi tanındı, lakin praktiki olaraq istifadə edilə bilən bir növ deyil.

Qum saatları

14-cü əsrdə ortaya çıxan qum saatından saat kimi deyil, bəzək əşyası kimi və ya oyun oynayarkən istifadə edilib. Ümumiyyətlə, qısa müddətlərin ölçülməsi üçün istifadə olunur.

Mexaniki əqrəbli saat

Orta əsrlərdə mexaniki saatların kəşfi zamanın daha dəqiq ölçülməsinə imkan yaradıb. Dünyada ilk sadə mexaniki saat 1335-ci ildə İtaliyanın Milan şəhərində düzəldilib. Sonralar illər ötdükcə mexaniki saat daha təkmilləşdirilib. Müasir mexaniki saatın ixtiraçısı 1657-ci ildə kəfkiri idarəedici detal kimi saata daxil edən X.Hüygensdir. Saatın sonrakı təkmilləşməsi ingilis saatsazı U.Klementin, C.Qraqamın, sonra yenə də Hüygensin adı ilə bağlıdır. XVI əsrin sonunda dəqiqə əqrəbi, 1760-cı ildə saniyə əqrəbi meydana çıxıb. Ardınca saatlarda ayın tarixini, həftənin günlərini göstərən əlavə mexanizmlər qoyulub.

Qüllə saatı

1300-cü ildən başlayaraq Avropa ölkələrində qüllə saatları düzəldilib. Bəzi məlumatlara görə, ilk qüllə saatı Fransanın Strasburq şəhərində ucaldılıb. Qüllə saatları çox güc tələb edən mexanizm üzərində qurulurdu. Dünyadakı məşhur qüllə saatlarından biri də Çexiyanın paytaxtı Praqada düzəldilib. Təəssüf ki, həmin saatlar müasir dövrə qədər qorunub saxlanılmayıb.

Divar, stolüstü, cib və qol saatları

XV əsrin ikinci yarısından sonra saat istehsalında yeni təkmilləşmələr baş verib və ardınca divar, stolüstü, cib və bilək saatları yaradılıb. İlk cib saatları XIX əsrin əvvəllərində istehsal olunub.

1800-ci ildə isə dünyada ilk elektrik və elektromexanki saatlar buraxılıb. Daha sonralar elektron saatlar istehsal olunub. Elektron saatlar zamanı ölçən cihazların inkişafı sahəsində tamamilə yeni keyfiyyət mərhələsi təşkil edir. Müasir dövrdə də saat istehsalı üzrə yeni üsullar işlənib hazırlanmaqdadır. Bu gün saatlar təkcə zaman cərəyanını dəqiqliyi ilə göstərən mexanizm deyil, onlar həm də insanların cəmiyyətdə çəkisini göstərən vasitəyə çevirilib.

Saatlar ölkəsi

Müasir dünyada İsveçrə ənənəvi saat ölkəsi kim tanınır. Bu gün ən yaxşı, möhkəm, dözümlü, sukeçirməz və digər keyfiyyətlərinə görə fərqlənən saatlar İsveçrə saatları hesab olunur. Hazırda dünyanın bir sıra ölkələrində saat muzeyləri fəaliyyət göstərir. Belə tanın muzeylərlərdən biri Rumıniyanın Ployes şəhərində yerləşir. Bu, Şərqi Avropada yeganə olan Qədim Saatlar Muzeyidir. 1963-cü ildə yaradılan muzeydə 500 növdə gün, qum və su saatları qorunur.

Sosioloq Əhməd Qəşəmoğlu: “Bizim insanlarımızın sağlamlıq mədəniyyəti deyilən bir şey var ki, onların bu barədə məlumatı yoxdur. Bəzən insanlar gedib Çinin istehsal etdiyi mallardan alırlar. Faktorlardan biri də budur ki, insanların bu barədə məlumatları azdır və onlar düşünmürlər ki, belə mallar onların bədənlərində qorxulu və təhlükəli xəstəliklərə səbəb ola bilər. Digər tərəfdən insanların maddi vəziyyətidir ki, hər bir insan zəngin deyil, kasıb insanlar da var. Onların imkanları çatmır ki, gedib brend mallar və s. alsınlar. Bu mözuda həm əhalinin məlumatlılıq dərəcəsi rol oynayır həm də iqtisadi vəziyyət rol oynayır. Eyni zamanda bu məsələlərlə bağlı maarifləndirmələr danışılmadığı üçün bu istiqamətdə maarifləndirmə prosesi getmir”.

“LONGİNES” saat mağazasının mütəxəssisi Elşad Əliyev: “Saatlar bir-birindən çox şeylərinə görə fərqlənirlər. Brend mağazalara gələn müştərilər saatlardan anladığı üçün artıq hansı saatı əldə edəcəklərini bilirlər. Avropa ölkələrinə nisbətən bu saatlar elə də bahalı saatlar deyil. Burada ən əsası mexanizm fərqidir. Mexanizm fərqi ondan ibarətdir ki, məsələn, bahalı brendlər İsveçrədə fabrikdə istehsal olunur. Təbii ki, ucuz saatların keyfiyyəti yoxdur, onların tərkibi hansısa bir sadə materialdır, ya da kvarsdır. Bir müddətdən sonra həmin saat xarab olduqda o saatı tullayırlar, utilizasiya edirlər. Ancaq bu saatların illərlə ömrü var ki, bu saatlar nəsildən-nəslə, babadan nəvəyə keçir və miras olaraq qalır. Elə insanlar var ki, həddən artıq varlıdır, ancaq qolundakı saatın maksimum qiyməti bizim pulla götürsən 400 manat edir. Halbuki həmin insan istəsə ən bahalı saatları, məsələn, 2.000.000 dəyərində olan saatları belə alıb istifadə edə bilər. Bu, insandan insana dəyişir. Elə insan da var ki, gəlib kreditlə götürür, yəni saat həvəskarları gəlib bu cür bahalı saatlardan alırlar. Bəzi saatlar var ki, mexanizmdən əlavə üzərində brilyant və qızıldan istifadə olunur. Məsələn, saatların istifadəsində qızıldan nə üçün istifadə olunur? Bu sualın cavabı, sadəcə, həmin saatın hazırlanmasında material üçün istifadə olunur. Brilyantı isə cəlb etmək üçün, məsələn, bəzi xanımlar dəbdəbəli görünmək üçün brilyant qaşlarla bəzədilmiş saatlardan istifadə edirlər. Əslində, saat üçün ən önəmli faktor vaxt göstərən bir mexanizmin olmasıdır. Saatlar var ki, onda xronoqraf və ya saniyəölçən olur. Hal-hazırda İsveçrə saatlarının demək olar ki, bazarda 30%-ni elə bir məhsul öldürüb ki, arıq İsveçrə saatları elə də çox satılmır. Səbəb isə bazarda “Apple” və “Samsung”-un elektronik saatları birinci yeri tutur. Lakin yenə də o saatlar İsveçrə saatları kimi ola bilməz”.

Ticarət mərkəzinin saatlar üzrə satıcısı Nailə Quliyeva: “Təbii ki, fərq keyfiyyətdən irəli gəlir. Brend saatlarla adi ucuz saatlar həm qiymətinə, həm də keyfiyyətinə görə bir-birindən fərqlənir. Brend saatlar uzunömürlü olur və çox uzun zaman işlətmək olur. Ancaq ucuz saatlar təbii ki, ən uzağı 2-3 ay işləyə bilər ki, bu saatlar müəyyən vaxtdan sonra xarab olur. Brend və ucuz saatlar eyni marka olsalar da, saatları bilən adamlar hansı saatın orjinal olduğunu bilə bilərlər. Elə saatlarımız da var ki, məsələn “Tissot” saatının brendinə oxşayan saxta modeli də var ki, bilməyən insan bu saatı alıb gedir. Bəzi insanlar üçün fərqi yoxdur istər, ucuz istər bahalı saat saatdır. Ancaq xüsusi alıcılar da var ki, marka saatların kolleksiyasını yığırlar. Bunun maliyyəsi təbii ki, çox olur, lakin maddi gəliri çox olan və ya zəngin olan adam üçün onun fərqi yoxdu. Gedir və bahalı mexaniki saatlar alırlar. Bu saatların içindəki millər və s. qızıldan olur. Bahalı qaşlarla da bəzədilmiş saatlar da var ki, belə saatlar çox vaxt qadınlarda olur. Bəlkə də onlar bahalı görünmək üçün bu cür saatlar alırlar və istifadə edirlər. Saatların növləri də var ki, bu növlərə görə qiymət dəyişir. Sadə batareya ilə işləyənlər təbii ki, 10 manat kimi dəyərdə olur. Ancaq həmin markaların orjinal olmayan modelləri isə nisbətən baha, yəni 45-150 manat arasında dəyişir”.

Bəşəriyyət keçmişdə vacib bir ehtiyac olan saatın bir çox fərqli növlərini və istifadə sahələrini sınadığı halda, indi davamlı olaraq yoxladığımız telefonlarımızdan istənilən vaxt saatı görə bilirik. Bəs niyə biz hələ də saatlardan istifadə edirik? Niyə hər gün yeni modellər sınaqdan keçirilir? Çünki keçmişdən günümüzə saatların növləri dəyişsə də, saatın dəyəri heç vaxt dəyişməyib və dəyişməyəcək.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə