Qazlı içkilərin orqanizmə hansı zərərləri var? - MÜTƏXƏSSİS AÇIQLADI

"Ümumiyyətlə, qazlı içkilər 25 yaşadək olan orqanizmə daha çox zərər verir. Bu da onunla əlaqədardır ki, o yaşa qədər inkişaf prosesi gedir. Xüsusilə, bu yaşda daha çox kimyəvi qatqı və qida boya maddələri ilə zəngin olan qazlı içkilər ölümcül xəstəliklərin yaranmasına, əqli inkişafdan geri qalmağa gətirib çıxara bilir. Qazlı içkilər eyni zamanda, ürək-damar xəstəlikləri riski daşıyır. Qazlı içkilərin tərkibində kofein var ki, bu da həm aqressivliyə, həm də diqqət yayınmasına səbəb olur. Belə insanlarda aretmiya başlayır. Bu da qazlı içkilərin zərərlərindən biridir". Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, tərkibində həddindən artıq çox şəkər olduğu üçün orqanizmin şəkər balansı pozulur: "Bunun nəticəsində insan orqanizmində piylənmə halı baş verə bilər. Bugünkü gündə Amerikada bir çox araşdırmalar göstərir ki, əksər insanlarda yaranan piylənmənin əsas səbəbi qəbul etdikləri fastfood, mənşəyi bəlli olmayan qidalarla birlikdə həm də qazlı içkilərdir. Eyni zamanda, bu içkilərin plastik qablarda olması da onun zərərini artırır. Belə ki isti temperaturda qaldıqda, günəş enerjisinin təsiri ilə plastik qabın tərkibində olan "Bisfenol A" maddəsi içkinin tərkibinə keçir. Bu da birbaşa olaraq orqanizmə təsir edir və xərçəngin yaranmasına səbəb olur".

Mütəxəssis sözlərinə davam edərək qeyd edib ki, bir stəkan qazlı içkidə 120-140 kalori olur: "Onu enerjiyə çevirmək üçün sürətli şəkildə ən azı 2500 addım atılmalıdır ki, həmin kalori orqanizmə zərər verməsin. Təəssüf ki, çoxları buna əməl etmir. Qazlı içkilər həmçinin, dişlərə zərər verir. Çünki qəbul olunan həddindən çox şəkər və kimyəvi qatqı maddələri birbaşa diş çürüməsinə səbəb olur".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə