Əfv sərəncamı 6 saylı cəzaçəkmə müəssisəsində icra olunub

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub. SİA xəbər verir ki, bu cəzaçəkmə müəssisəsində sərəncam ümumilikdə altı nəfərə şamil olunub.

Əfv sərəncamı şamil olunan şəxslərə arayışları millət vəkilləri, Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin rəis müavini, general-mayor Orxan Qasımov, Ədliyyə Nazirliyinin Mətbuat xidmətinin rəisi Ləman Hüseynzadə, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər ictimaiyyət nümayəndələri təqdim edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Sərəncama əsasən, 25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 nəfər, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış 2 nəfər cəzadan azad edilib.

Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, islah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 1 nəfər cəzadan azad edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə