ADU-da imtahanların gedişi izlənilib

Təhsil Nazirliyinin ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi İradə Quliyeva Azərbaycan Dillər Universitetində (ADU) imtahaların gedişini izləyib. ADU-dan SİA-ya verilən xəbərə görə, izləmə prosesində ADU-nun Tədris hissəsinin müdiri və Operativ Qərargahın sədri Lyudmila Muradova, fakültə dekanları və digər Qərargah üzvləri iştirak edib.

2 saylı İngilis dili fakültəsində "Azərbaycan ədəbiyyatı" və "Yüksək oxu və nitq", Alman dili fakültəsində "Ölkəşünaslıq" və Tərcümə fakültəsində "Mülki müdafiə" fənlərindən keçirilən imtahanların monitorinqini aparan Təhsil Nazirliyinin baş məsləhətçisi İradə Quliyeva bildirib ki, yay imtahan sessiyasında şəffaflığı təmin etmək və yaranacaq mənfi halları aradan qaldırılması məqsədilə nazirlikdə "Qaynar xətt" fəaliyyət göstərir.


Daha sonra ADU-nun Tədris hissəsinin müdiri və Operativ Qərargahın sədri Lyudmila Muradovanın sədrliyi ilə qərargah üzvlərinin, o cümlədən fakültə dekanlarının iştirakı ilə Fransız, 2 saylı İngilis dili, Tərcümə, Alman dili və Filologiya fakültəsində təklif və şikayətləri qəbul etmək üçün müvafiq qutular açılıb.


Xatırladaq ki, ADU-da Yay imtahan sessiyası iyunun 1-dən başlayıb. İyunun 30-dək davam edəcək yay imtahan sessiyası 5 fakültənin əyani gündüz, 1 saylı ingilis dili fakültəsinin əyani gündüz və qiyabi şöbələrində, 2 saylı İngilis dili fakültəsinin isə əyani gündüz və axşam şöbələrində aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə