Bakıda “bulud” proqramlaşdırılmasına dair seminar keçiriləcək

Dekabrın 24-də Proqramçılar Günü "Microsoft Azerbaijan" şirkəti Bakıda İT mütəxəssislər və tələbələr üçün mobil və "bulud" proqramlaşdırmasına dair seminar təşkil edəcək. Şirkətdən SİA-ya verilən xəbərə görə, seminarda "Windows Phone 8" əməliyyat sistemi üçün mobil əlavələrin yaradılması, mobil əlavələr üçün "Windows Azure Mobile Services" xidməti, universal API-nin yaradılması və "Microsoft Office Share Point" yeni paketi üçün əlavənin yaradılması kimi məsələlər müzakirə olunacaq.

Tədbir dekabrın 24-də "Park Inn" hotelinin "Dan ulduzu" zalında keçiriləcək. Seminarda iştirak etmək istəyənlər iştirakını dekabrın 20-dək 437-38-00 telefon nömrəsinə zəng edərək və ya "azms@microsoft.com" ünvanına məktub yazaraq təsdiqləyə bilərlər.

Qeyd edək ki, 1975-ci ildə təsis edilmiş "Microsoft" korporasiyası proqram təminatı istehsalında dünya lideridir. "Microsoft" korporasiyası geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün stolüstü biznes-tətbiqlər və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, internet şəbəkəsində işləmək üçün vasitələr və hazırlama alətləri var. "Microsoft" korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən "Microsoft Azerbaijan" şirkətinin başlıca vəzifəsi elektron idarəetmə, biznes inzibatçılığı və təhsil sistemi üçün yeni məhsulları tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə