“Dövlət və şirkətlər Azərbaycanla ortaq layihələrin icrasına can atırlar” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“30 ölkəni təmsil edən 300-dən çox şirkətin rəhbərlərinin və təmsilçilərinin iştirakı ilə keçirilən “Bakı Enerji Həftəsi” enerji sektorunun bütün sahələrini əhatə etdiyinə görə unikallığı ilə seçilir və Azərbaycanın, ətraf mühitin qorunması əsas götürülməklə, enerji sektorunun diversifikasiyası istiqamətində atdığı addımlarını nümayiş etdirir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Kərimli deyib.

Deputat bildirib ki, Azərbaycan bu gün enerji sahəsindəki əməkdaşlıq imkanlarını, ixrac və tranzit potensialını genişləndirməklə yanaşı, öz təşəbbüsləri ilə qlobal enerji təhlükəsizliyinə də böyük töhfə verir: “Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, müasir dünyada baş verən geosiyasi qarşıdurmalar fonunda enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib və bir çox hallarda ən önəmli komponent funksiyasını yerinə yetirir. Bu prosesdə ən önəmli məqam idxaldan asılı olan ölkələrin özlərinə ən etibarlı və uzunmüddətli tərəfdaş tapmalarıdır. Azərbaycan isə özünü, hələ “Əsrin müqaviləsi”nin imzalandığı zaman kəsiyindən, bütün maneələrə, kataklizmlərə baxmayaraq, öhdəliklərinə sonunadək sadiq qalmaqla ən etimadlı tərəfdaş kimi təsdiqləyib. Ölkəmizə sabit enerji təchizatçısı kimi yanaşılmasının, dünyanın müxtəlif qütblərini təmsil edən ölkələrin Azərbaycanla uzunmüddətli əməkdaşlığa can atmalarının təməlində də məhz bu amil dayanır. Təsadüfi deyil ki, ABŞ Prezidenti Co Baydenin Azərbaycan Prezidentinə məktubunda ölkəmizin qlobal enerji təhlükəsizliyinin, xüsusilə Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından biri olaraq qaldığı vurğulanır. Bu, çox önəmli bir dəyərləndirmə olmaqla yanaşı, Azərbaycanın qlobal enerji sektorunda artan rolunun göstəricisi kimi də qiymətləndirilə bilər. Azərbaycan, sadəcə öz resursları və tranzit imkanları ilə qlobal enerji təhlükəsizliyinə töhfə vermir, eyni zamanda istinad mənbəyi, dayaq rolunu oynayır və bu amil özünü Bakıda keçirilən Enerji Həftəsində də büruzə verir.

Prezident İlham Əliyevin “bizim sözümüz imzamız qədər dəyərlidir” deyimi özünü bütün istiqamətlərdə olduğu kimi, enerji sektorunda da göstərir və qlobal məsuliyyət kontekstində unikal nümunə yaradır. Azərbaycanla son 30 il ərzində imzalanmış bütün müqavilələr tam şəkildə və nəzərdə tutulan müddətdə icra olunub. Bu səbəbdən də ölkəmizlə ənənəvi enerji sahəsində əməkdaşlıq edən dövlət və şirkətlər qarşılıqlı əlaqələrinin bərpaolunan enerji sahəsində də genişləndirilməsində maraqlı tərəf kimi çıxış edir və Azərbaycanla ortaq layihələrin icrasına can atırlar”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə