Ekoloji böhranın qarşısını almaq üçün nələr etmək lazımdır? - SƏDR BİLDİRİB

"Son illər qlobal miqyasda ekoloji böhran dərinləşib. Bu, iki amillə bağlıdır. Birincisi, qlobal istiləşmə, buzlaqların əriməsi, ozon qatının zədələnməsi kimi obyektiv səbəblərdir. İkincisi isə antropoloji amillərdir. Məsələn, su resurslarının çirklənməsi birbaşa dağ-mədən sənayesi müəssisələrinin fəaliyyətinin nəticəsidir. Meşə zolaqlarının azalması kənd təsərrüfatı sahələrinin genişlənməsindən irəli gəlir. Qlobal iqlim dəyişikliklərinin əsas səbəblərindən biri də meşə fondunun məhv edilməsidir. Elə Azərbaycanda da son 30 ildə yaşıllıqlar xeyli dərəcədə məhv edilib. Bu da istixana qazlarının artmasına gətirib çıxarıb. Qlobal miqyasda ekoloji böhran o qədər dərinləşib ki, artıq beynəlxalq təşkilatlar bununla bağlı həyəcan təbili çalırlar. BMT-nin dayanıqlı inkişaf proqramı ekoloji, sosial və iqtisadi problemlərin həlli ilə bağlı çərçivə proqramları təqdim edir". Bu sözləri SİA-ya açıqlamasında Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.

Sədr qeyd edib ki, Azərbaycanın 30 il işğal altında qalmış Şərqi Zəngəzur və Qarabağ torpaqlarında meşə fondumuz məhv edilib, su resurslarımız çirkləndirilib, yeraltı filiz mədənlərimiz vəhşicəsinə talan edilib: "2020-ci ildən sonra erməni vandalizminə son qoyuldu. Amma yenə də qarşımızda böyük vəzifələr dayanır. 2024-cü ilin Prezident İlham Əliyev tərəfindən "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması bizləri sevindirdi. Bu, qarşımızda müəyyən vəzifələr qoyur. Yaşıllıq sahələri genişləndirilməlidir. Bildiyiniz kimi, Bakı və Abşeron ərazisində düzən və dağətəyi yerləri çoxdur. Su resursları və yaşıllıq ərazi az olsa da, bunu həll etmək mümkündür. Ulu Öndər Heydər Əliyev 1969-cu illəri nəzərdə tutaraq öz çıxışında deyirdi ki, həmin vaxtlar Bakıda ağaclar çox seyrək idi. Amma daha sonra Bakı yaşıllıqlar diyarına çevrilib".

"Qarşımızda dayanan əsas vəzifələrdən biri su resurslarını qənaətlə istifadə etmək, gənclərdə ekoloji şüuru inkişaf etdirməkdir. Hesab edirəm ki, bununla bağlı təhsil proqramlarına özündə ekoloji bilgiləri əks etdirən dərsliklər əlavə olunmalıdır. Artıq uşaq yaşlarından hər bir şəxs öyrənməlidir ki, maddi maraqlar naminə ağaclara qəsd etmək olmaz. Belə addımlar atan insanlara qarşı cəzalar sərtləşdirilməli, cərimələr artırılmalıdır. İnsanlar bilməlidir ki, bir ağacı məhv etsə, hətta həbs oluna bilər. Bəzi Avropa ölkələrində daha sərt tədbirlər də görülür.

Fikrimcə, bu baxımdan medianın üzərinə böyük yük düşür. Bu barədə ətraf-mühitə aşılayan sosial çarxlar hazırlamalıdır. Eyni zamanda, maarifləndirmə ilə bağlı Qeyri Hökumət Təşkilatlarının üzərinə böyük yük düşür.

30 ildə itirdiyimiz yaşıllıqları bərpa etməyin zamanıdır. Qarşıda duran əsas vəzifələrdən biri də Bakı şəhərinin nəqliyyat problemini həll etməkdir. Tıxaclardan qurtulmaq üçün yaşıl nəqliyyat növlərinə keçidi sürətləndirməliyik, velosiped yolları uzadılmalıdır, mopedlərin hərəkətinə şərait yaradılmalıdır, xüsusi nəqliyyat xətləri çəkilməlidir. Elektomobillərin ölkəyə gətirilməsi ilə bağlı stimullaşdırıcı addımlar atılıb, amma bu proqram daha da genişləndirilməlidir. Aztəminatlı ailələr üçün elektromobillərə əlçatanlıq təmin olunmalıdır",- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə