“Böyük dayaq” əsəri haqqında geniş məlumat verilib FOTOLAR

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 nömrəli filialı Azərbaycanın ən yeni dövr ədəbiyyatının görkəmli simalarından biri Mirzə İbrahimovun yaradıcılığında mühüm yer tutan, sovet dövrü Azərbaycan ədəbiyyatında kənd həyatının problemlərindən bəhs edən ilk roman “Böyük dayaq” əsəri haqqında məlumat təqdim edib.

Baş İdarədən SİA-ya bildirilib ki, təqdimatda həm yazıçı, həm də onun əsəri haqqında geniş məlumatlar yer alıb.

Yaradıcılığı xalq həyatı, xalq taleyi ilə möhkəm bağlı olan Mirzə İbrahimov görkəmli nasir, dramaturq, publisist, alim və fəal ictimai xadim kimi tanınıb.

Mirzə İbrahimovun “Böyük dayaq” (1957) romanı sovet dövrü Azərbaycan ədəbiyyatında kəndin mənəvi həyatından və problemlərindən, eləcə də şəxsiyyətə pərəstiş dövrünün törətdiyi çətinliklərdən bəhs edən ilk romandır. Məlumdur ki, sovet dövrü Azərbaycan ədəbiyyatında kənd həyatı birtərəfli şəkildə təsvir olunub. Bu, bir tərəfdən sosialist realizmi deyilən yaradıcılıq metodunun, digər tərəfdən isə şəxsiyyətə pərəstiş dövrünün tələbləri ilə bağlı olub.

“Böyük dayaq” romanının əsas süjet xəttini kolxoz təsərrüfatının inkişaf yolları, ona rəhbərlik üsulu, habelə ailə-məişət zəminində yenilik və mühafizəkarlığın konflikti təşkil edir. Əsərin baş qəhrəmanı Rüstəm kişi bütün hadisələrin mərkəzindədir və ya onlarla əlaqəlidir. O, “Yeni həyat” kolxozunun sədridir. Müəllif təsərrüfata bu adı verməklə həm də ölkənin və xalqın gələcəyi haqqında özünün estetik idealını ifadə edir. Əsərdə Rüstəm kişi bütün ziddiyyətləri ilə bərabər, əsasən müsbət surət kimi təqdim olunur. O, İkinci Dünya müharibəsində mərdliklə döyüşən, işgüzar, pak təsərrüfat rəhbəri, Muğanın timsalında Vətənin gələcəyini dərindən düşünən bir insan kimi səciyyələndirilir. Bütün bunlarla bərabər, şəxsiyyətə pərəstişin əsas əlamətləri və acı aqibəti də onun simasında bədii şəkildə canlandırılıb. Onda öz xidmətlərinə güvənmək və hamıya böyüklük etmək meyli vardır. Bu cəhət isə onu səhvlərə, zorakı hərəkətlərə sövq edir. Rüstəm kişi güman edir ki, o, kolxozda bütün adamlardan üstündür. Yastı Salman, Lal Hüseyn, Yarməmməd kimi hiyləgər, yaltaq adamların şirin tərifindən xoşlanır. Köhnəliklə yenilik arasında ziddiyyətin olması səbəbindən o, get-gedə ailəsindən və xalqından uzaq düşür. Oğlu Qaraşın şəhərdə oxuduğu zaman sevdiyi Mayanı evə toysuz gəlin gətirməsi, əvvəlcə Rüstəm kişinin ürəyincə olmur. Maya kəndə gəldikdən sonra istər Rüstəm kişinin ailəsində, istərsə də təsərrüfatda bir yenilik, bir canlanma əmələ gəlir.

Lakin ailədə Qaraşla Maya arasında yaranmış anlaşılmaz münasibətlərdən Yastı Salman və digərlərinin məharətlə istifadə etməsi ziddiyyəti daha da dərinləşdirir.

Son nəticədə Rüstəm kişinin dilindən “xalqdan böyük dayaq yoxdur” etirafının səsləndirilməsi əsərin əsas ideyası kimi ümumiləşdirilir.

Müəllif yeniliyi təmsil edən Maya, Qaraş, Şirzad, Qızyetər, Pərşan və başqalarının simasında kəndin sağlam mənəvi simasına işıq salıb. Səkinə və Telli arvad da yenilik tərəfdarlarına həmfikir obrazlardır.

“Böyük dayaq” romanı müəllifin millilik və müasirlik mövqeyində dayanan bir sənətkar olduğunu sübut edir. Əsər əsasında eyniadlı film də çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə