Dəyərli ziyalı, pedaqoji elmlər doktoru, professor, Azərbaycan pedaqoqikasının inkişafında, musiqimizin, mədəniyyətimizin təbliğində çox böyük işlər görən, misilsiz xidmətləri olan, yüzdən çox kitabın müəllifi Fərahim Balakişi oğlu Sadıqov mənə bir yazı göndərib, oxumağı və bu yazını təbliğ eləməyi xahiş elədi. Həm də bir məsələni də vurğuladı və dedi: “Ən maraqlısı budur ki, sənə göndərdiyim bu yazının müəllifi peşəkar musiqiçi deyil. Amma Azərbaycan xalqına, müsiqisinə, əsasən də qarmon sənətinə çox böyük vurğunluğu olan əsl azərbaycanlıdır. Bir vaxtlar məşhur qarmonçalanlarla dostluq eləyib. Məşhur qarmonçalan, mərhum sənəkarımız Abutalıb Sadıqovla da dost olublar. O, Xalq artisti, virtuoz sənətkarımız Aftandil İsrafilovla çox yaxın dostluq əlaqələrindədir. Onun yazdığı bu oçerk-portret cizgiləri də böyük sənətkarımız Aftandil İsrafilovun 80 illik yubileyi ərəfəsində, yaradıcılığına çox yaxşı bir töhfə ola bilər. Hacı Naili Musabəyli Aftandil İsrafilovun vurğunudur. Aftandil İsrafilovla çox isti münasibətləri var. Yazını oxu və lazım olan kimi təbliğ elə. İnanıram ki, sənin də xoşuna gələcək”.

Mən lap uşaqlıq illərindən tanıdığım, haqqında “Bir alim ömrünün səlnaməsi” adlı kitab yazdığım professor Fərahim Sadıqovun təfəkkürünə yaxşı bələd olduğumdan bilirdim ki, o, hər adamı belə tərifləmir. Yalnız onun ürəyincə olan və peşəkarlıqla yazılanları belə tərifləyir.

Yazını oxudum. Açığı məndə belə qənaət yarandı ki, Hacı Naili Musabəylinin Aftandil İsrafilov haqqında yazdığı bu yazını peşəkar musiqiçilər belə yüksək sənətkarlıqla, peşəkarlıqla yaza bilməz. Bu yazı, sözün həqiq mənasında Xalq artsisti Aftandil İsrafilov yaradıcılığına çox böyük töhfədir. Onun haqqında yazıların ən kamillərindən, ən maraqlılarından biridir. Ona görə də belə qərara gəldim ki, qardaş Türkiyədə yaşayan belə bir həmyerlimizlə oxucuları daha yaxından tanış eləyim. Qoy həmvətənlərimiz bir daha yaxından tanış olsunlar ki, bizim belə savadlı, dünya səviyyəsində tanınmış eloğlumuz var.

Hacı Naili Musabəyli, Türkiyənin Ankara şəhərində anadan olub. Ana tərəfi Şuşadan, ata tərəfi isə Qərbi Azərbaycandadır. Babaları, təqribən XIX əsrin sonlarına doğru Azərbaycandan Türkiyənin Qars şəhərinə gəlib və burada yerləşiblər. Bu yazının müəllifi Hacı Naili Türkiyənin ən yaxşı Üniversitetlərindən Orta Doğu Teknik Üniversitesinin (ODTÜ) Mühəndislik Fakültetinin İnşaat mühəndisliyi bölümünü qurtarıb. Dünyanin bir çox ölkəsində, o cümlədən Türkiyə, Almaniya, Səudiyyə Ərəbistanı, İraq, Əfqanistan,Qırğızistan, Qatar, Özbəkistan,Azərbaycan kimi ölkələrdə nəhəng layihələrdə səlahiyyətli mühəndis və müdür vəzifələrində işləyib. Onun axırıncı işi də məhz Azərbaycan doğal qazının Türkiyə üzərindən Avropaya çəkilməsi layihəsi olan TANAP layihəsidir və Hacı Naili bunu da böyük müvəffəqiyyətlə, uğurla başa çatdırıb.

Yuxarıda yazdıqlarımdan gördünüz ki, Hacı Naili Musabəylinin əsl peşəsi mühəndislik olsa da, Azərbaycan xalqına və Azərbaycan musiqisinə sevdası, onu ilk dəfə 1986-cı ildə Bakıdakı qohumlarinin dəvəti ilə doğma şəhərinə gətirib çıxartmışdır. O gündən bu günə kimi də Hacı Naili Vətən ilə əlagəsini heç vaxt kəsməmişdir. Desəm ki, Hacı Naili Azərbaycanla nəfəs alır, millətini öz canından daha çox sevir, bu daha dəqiq olar.

Azərbaycan musiqisinə sevdası isə, Sovet dövründə məşhur müğənnimiz, musiqi sahəsində özünün məktəbini yaratmış Zeyneb Xanlarovanın Türkiyəyə konsert proqrami ilə qastrola getdiyi vaxt özünü daha geniş büruzə vermiş və getdikcə daha da inkişaf etmişdir. Həmin vaxtı Hacı Nailinin yaşı az olsa da bu konsertlərdə qarmonun səsinə vurulmuş və sonrakı illərdə qarmon çalmaq üçün çox böyük səy göstərmişdir. İlk dəfə Aftandil İsrafilova canli qulaq asmaqdan ötrü də, Xalq artistinə və onun ifasına məhəbbətlə yanaşmışdır. Hacı Naili klassiq Azərbaycan qarmon ifaçıları ilə də sıx əlaqə yaratmış və hətta qarmon düzəldən ustalarla da müəyyən vaxtlarda Azərbaycan qarmonunun yığılmağı barəsində də geniş müzakirələr aparmış və bununla bağlı qeydlərini eləmişdir.

Klassik Azərbaycan ustad qarmon ifaçıları ilə vaxt olduqça biraraya gələn Hacı Naili Musabəyli, ustad qarmonçalanların solo ifa elədiyi “Qarmon Axşamları” Layihəsində bir dinləyici kimi də iştirak etmişdir. Qardaş Türkiyənin Ankara şəhərində yaşayan və Türkiyədə tanınan, hər yerdə böyük hörmətlə qarşılanan Hacı Naili Musabəyli ailəlidir. İki övladı var. Qardaş Türkiyədə Azərbaycanı ən yüksək səviyyədə təbliğ edən, ölkəmizin uğurlarını, xalqımızın qədim musiqi sənətini, ədəbiyyatını, tarixini, diaspora işini yorulmaz həvəslə dünya xalqlarına çatdıran Hacı Naili Musabəyli kimi eloğlanlarımızla hamımız fəxr eləməliyik. İnanıram ki, onun bu peşəkar yazısı- Aftandil İsrafilov yaradıcılığı ilə bağlı çox gözəl portret cizgiləri kimi hamının xoşuna gələcək və ustad sənətkarın 80 illik yubileyinə maraqlı, layiqli bir töhfə olacaq.

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

Aftandil İsrafilovun ifaçılıq mədəniyyəti və sənətkarlıq xüsusiyyətləri - (Aftandil İsrafilov-80)

(Portret cizgiləri)

Azərbaycan musiqisinin kökləri çox qədimdir və Azərbaycan xalqı uzun əsrlərdir ki, ədəbiyyatı, mədəniyyəti və incəsənəti ilə həmişə seçilən bir xalq olmuşdur. Yəni azərbaycanlıların fərdi olaraq hər sahədəki üstünlükləri də göz qabağındadır. Bu xalqdan hər bir sahədə çoxlu liderlər çıxmış, o cümlədən elm, siyasət, ədəbiyyat və incəsənət sahəsində də adlarını dünya tarixinə yazdıran çox insanlar olmuşdur. Onlar bu üstün şəxsi istedadları ilə ictimaiyyətin ürəyinə yol tapıb, öz fikir və yaradıcılıqları ilə müxtəlif sahələrdə gördükləri işləri dünya miqyasına qaldıra, çıxara biliblər. Deməli, bu xalq dünya xalqları arasında seçilən və fəxr olunası bir xalqdır. Ona görə də yazarlarımız dünyanın ən qədim xalqlarından biri olan bu xalqı lazım olan kimi təbliğ eləməlidirlər.

Fərdi istedadın çox qüvvətli olması, ələlxüsus incəsənət aləmində solo ifaların güclənməsinə və bunların geniş yayılmasına gətirib çıxartmışdır. Hətta deyə bilərik ki, yüksək səviyyəli fərdi istedadla müqayisədə ansambl ifaçılığı qeyri-mütənasiblik təşkil etmişdir. Çünki ansambldakı hər bir güclü ifaçı öz yüksək şəxsi istedadını nümayiş etdirmək istəmişdir ki, bu da ümumi səslənmədə həmahəngliklə bağlı müəyyən problemlərin ortaya çıxmasına səbəb olmuşdur. Bütün bunlarla yanaşı, bu ifaçılar öz alətləri ilə ifa etdikdə artıq “solist ifaçı” statusu qazanmış və beləliklə, instrumental musiqi ifaçılığı inkişaf etmişdir. Hətta yüksək musiqi zövqünə malik Azərbaycan xalqı, musiqi məclislərində xanəndələrlə yanaşı, solist instrumental ifaçıların da əsərlərinə qulaq asmış və bu məsələdə çox tələbkar olmuşlar. Bunun nəticəsində isə solo ifaçılar öz üzərində daha da məsuliyyətlə işləyərək, xalqın zövqünə uyğun yeni-yeni əsərlər ərsəyə gətirmişlər. Cəsarətlə deyə bilərik ki, Azərbaycanda əhalinin sayı ilə müqayisədə solist instrumentalçıların sayı xeyli dərəcədə yüksəkdir. Bu elə dünya xalqları arasında ən böyük göstəricidir. Fikrimizcə, bunun ən mühüm amilini muğam musiqisində axtara bilərik. Çünki, muğam sənəti ifaçıdan həm improvizə, həm də yaradıcı fikir tələb edir ki, bunun da fəlsəfi düşüncə və alət üzərində məhsuldar işləməklə əmələ gəldiyinin tam qənaətindəyik.

Belə böyük, amma çox lazımlı müqəddimədən sonra, indi də əsas mətləbə keçək. Artıq milli musiqi aləti statusu qazanmış Azərbaycan qarmonunun keçmişdən bu yana kimi çoxsaylı ustad ifaçıları olmuşdur. O cümlədən Əhəd Əliyev, Teyyub Dəmirov, Məmmədağa Ağayev və digərləri... Bu ustadlar solo ifaları ilə Azərbaycan qarmonunun təkmilləşməsi və xalqın ürəyində yer tapmasında mühüm rol oynamışlar. Ustad sənətkarların ifaları xalq arasında geniş rəğbət görmüşdür ki, bu da musiqi həvəskarlarının qarmon alətinə marağını daha da artırmışdır. Onların ifalarına qulaq asıb öz sənətləri üzərində işləyərək və musiqi məclislərində ifa edə-edə püxtələşərək sənətdə öz sözlərini deməyə səy göstərmişlər. Elə bu zamanlarda Azərbaycan qarmonunun ən nəhəng dörd nümayəndəsi sənət aləmində özünü göstərməyə başlamışdır: Abutalıb Sadıqov, Teyyub Teyyuboğlu, Zakir Mirzəyev və Aftandil İsrafilov.

İfaçılıq məktəbini yaradan sənətkar

Yuxarıda adlarını sadaladığımız keçmiş ustadların ifasından bəhrələnmiş Aftandil İsrafilov da öz yolunu və qarmon ifaçılıq məktəbini yaradan təkrarolunmaz bir qarmon sənətkarıdır. Aftandil İsrafilov hər ifasında öz dəsti xettini qoymuş və ürəkdən çaldığı əsərlərə, necə deyərlər can vermişdir. Aftandilin ifasındakı muğam, lirika və rəqslər dinləyicilər, xüsusilə də qarmonçalanlar tərəfindən çox böyük rəğbətlə qarşılanmış və bu əsərlər qısa müddət ərzində bütün qarmon ifaçılarının repertuarına daxil olmuşdur.

Azərbaycanın Xalq artisti Aftandil İsrafilovun qarmon ifaçılığının, Türkiyədə doğulmuş, burada boya-başa çatmış bir Azərbaycan türkü və qarmon həvəskarı, habelə peşəkar bir mühəndis kimi məndə oyatdığı təəssüratların əsas məqamlarına diqqət çəkmək istərdim ki, bunlar aşağıdakılardan ibarətdir:

Aftandil İsrafilovun qarmon ifaları mənim fikrimcə tamamilə ürək çalğısıdır və Xalq artisti yeri gəldikdə musiqinin tələb etdiyi nöqtələrdə lazımi texnikadan da istifadə etməyi bacarır. Lakin onun ifasında bütöv ürək duyğuları səslənir və bu ifalar dərin məna kəsb edir. Əslində bu ifa Aftandilin öz ürəyinin səsidir və burda fəlsəfi məna çalarları həddindən artıq yüksək səviyyədədir.

Aftandilin çaldığı qarmon hər nə qədər yaxşı qarmon olsa da, bu alət məhz onun əlində belə ecazkar səslənir. Azərbaycan qarmon sənətinin ən usta ifaçılarının çalğısına canlı qulaq asmış bir şəxs kimi deyə bilərəm ki, bilavasitə Aftandilin qarmonunda ifa edənlərin ifasındakı səslənmələr, ustadın çalğısındakı kimi alınmır. Öz qarmonunun bütün xüsusiyyətlərini bilən Aftandil ondan hansı şəraitdə necə səs çıxartmağın mümkün olduğuna çox yaxşı bələddir. Əslində, sanki qarmon da, Koroğlunun Qır at misalı, dilə gəlib deyir ki, “məni Aftandil çalsın”...

Aftandil İsrafilov ifa edəcəyi musiqi nömrəsini əvvəlcədən çox diqqətlə seçir və ifa edərkən melodiyanın xırdalıqlarına çox fikir verir. Tar və kamança kimi alətlərdəki imkanlar qarmonda olmadığından, heç də hər rəqs və muğamı bütün çalarları ilə səsləndirmək mümkün olmur. Çünki qarmonun səs düzümü buna imkan vermir. Bəzi səslərdən istifadə etmək lazım gəldiyində də bunu yalnız sürüşdürmələr və körük vasitəsi ilə müəyyən qədər etmək mümkündür ki, bu da ifaçıdan ilk öncə böyük ustalıq tələb edir.

Onun çaldığı əsərləri seçib çala bilmək üçün, ifaçının yaxşı muğam biliyinin olması mütləq şərtdir. Beləliklə, ancaq bu halda mahnı düzgün təhlil oluna bilər. Bu da onu göstərir ki, Aftandil, Azərbaycan muğamlarını çox dərindən bilən bir ifaçıdır.

Aftandildəki qeyri-adi bir xüsusiyyəti ondadır ki, o, hansı bəstəkarın hansı əsərinin qarmonda yaxşı səslənəcəyini hiss edə bilir və ancaq bundan sonra əsər üzərində işləməyə başlayır. Bu cür ifa olunmuş əsərlərin hamısı xalqın böyük rəğbətini qazanmışdır.

Yuxarıda da qeyd etdiyimiz kimi Aftandilin qarmondakı təsirli ifasının bir sirri də onun muğam bilgisində və bunun qarmon alətindəki səslənməsini çox yaxşı duymasındadır. Aftandil əsərin hansı tonallıqdan ifa olunacağına da çox diqqət yetirən sənətkardır. Misal üçün, keçmiş qarmon ustadları “Bayatı-Şiraz” muğamını qarmonun “sol” kökündə ifa edirdilərsə, Aftandil bu muğamı adətən bir ton bəmləşdirərək “fa” kökündə ifa etmişdir. Burada qarmonun diyez-bemol alterasiya işarətləri(qara dillər) bir balaca artıq istifadə olunsa da, onun verdiyi effekt, əsərin daha şirin səslənməsinə gətirib çıxarır. Eləcə də burada barmaq quruluşu və barmaq sürüşdürmələri yaxşı əhəmiyyət kəsb edir. Körüyün istifadəsi isə tamamən sirli bir dünyadır. Qarmondakı notların fərqli səslənməsində körük də çox mühüm rol oynayır. Bunlara əlavə olaraq, sağ əlin qarmonun qrifi üzərindəki hərəkəti və qrif üzərinə göstərdiyi təzyiq də, ifanın yaxşı səslənməsində əsas amillərdəndir.

Muğamın ifası zamanı Aftandil bəzi zidd notlardan da istifadə edərək, biri-birinə qovuşaraq həmahəng yaradan və yumuşaq səslənən (qonsanans)əmələ gətirmişdir, Əslində onun istifadə elədiyi bu iki səslə əsərdə zidd səslənən və həmahəng yaratmayan (disonans) səslənməgözlənirdi. Ustad ifaçı bu ziddiyyətdən də məharətlə istifadə edərək əsərlərinə fərqlilik qazandırmışdır.

Aftandilin ifasına qulaq asdıqda, həmin ifanın daha əvvəl bu cür səslənmədiyinin şahidi oluruq. Burada qarmonun ecazkar səsi ilə yanaşı mahnı və ya muğama yanaşma tərzinin də əhəmiyyəti çoxdur. Aftandil İsrafilov, xüsusən lirik mahnıları çalarkən, qarmonu sanki mahnını ifa edən xanəndə avazı tərzində dilləndirir. O, xanəndənin istifadə etdiyi xırdalıqları və düz oxuma qaydasını alətə uyğun hala gətirərək qarmona yaraşdırır.

Aftandil İsrafilovun qarmon çalmağında üstü açılmayan bir başqa sirr də mövcuddur. Mən burada haşiyə çıxaraq demək istəyirəm ki, bu ifa əslində bəşərin ifası kimi deyil, İlahinin Aftandil vasitəsilə insanlara bəxş elədiyi və zövqün hiss edilməsi üçün büruzə verilən ifadır. Məncə, bu səslənmə insanın özü-özlüyündə fikirləşib ortaya çıxardığı bir səsləndirmə ola bilməz. Bu ifada hər şey o qədər dəqiq və səmərəlidir ki, bunda insanın zövqünə zidd olan bir nöqsan tapmaq qeyri-mümkündür. İfadakı səlislik və dəqiqlik duyumlu dinləyicinin zövqünün ən yuxarı səviyyəsindədir.

Məhz buna görə də Aftandil İsrafilovun ifası ekzotik bir ifa tərzidir. Onun ifasında səslənən bəzi musiqilər, bilinən və əvvəl ifa olunan tərzindən tamam fərqlənmişdir. Aftandil bəzi ifalarında ritmin sürətini xeyli aşağı salaraq və mahnının əsas məzmununa da sadiq qalaraq elədiyi improvizasiyalarla melodiyanı müsbət mənada, tamam başqa bir formaya salmışdır. Bu haqda detalları yazacam.

Aftandilin ifasındakı cümlələr dəqiq, qısa, səlis və mənalıdır. Bu cümlələr içərisindəki fikirlər fəlsəfi olaraq bilavasitə dinləyiciyə çatmaqdadır. Həmin fikirlər Aftandilin ifasında – həm muğamda, həm də əsas musiqidə qarmonun imkanlarından istifadə edilərək çox məharətlə səslənir.

Xalq artisti, böyük sənətkar Aftandil İsrafilovun çaldığı əsərlərin bu qədər qəşəng, duyumlu alınmasının, mənə görə, digər bir səbəbi də, onun həddindən artıq dərəcədə ritm duyğusuna malik olmasındadır. Aftandil ifa etdiyi əsərlərdəki cümlələri ritmin xırdalıqlarına uyğunlaşdırır və bu əsasda ifa edir. Belə olduğuna görə səslənmə çox gözəl alınır. Cümlələr tam yerinə oturur, ifa bütövlükdə yüksək səviyyəli və sanballı olur.

Aftandilin fərdi yaradıcılıq xüsusiyyətləri

Aftandilin ifasında insanı riqqətə gətirən, onu yerindən oynatmağı bacaran çox yüksək dinamizm mövcuddur. O, ifa zamanı, xüsusən sürətli rəqs havalarını heç azalmayan, hətta insanı cuşa gətirən bir enerji ilə ifa etməyi bacarır.

Yuxarıda yazdıqlarımdan başqa, Aftandil İsrafilovun fərqli yaradıcılıq mərhələlərində yaratdığı və hər birinə böyük yaradıcılıq enerjisi qoyduğu ifalardan da bəhs etmək istəyirəm. Təbii ki, bir məqalə-oçerk çərçivəsində ustadın çaldığı bütün əsərləri təhlil etməyə imkanımız yoxdur. Ona görə də, mümkün olduğu qədər, yalnız bəzi ifalar haqqında öz rəyimi və ürək sözlərimi qeyd etmək niyyətindəyəm. İnanıram ki, mənim bu fikirlərim oxucuların da ürəyincə olacaq.

Aftandil İsrafilov 1965-ci ildən sonra nağaranın müşayiəti ilə olan ifalarında – həm muğam, həm də rəqs nümunələri ilə dinləyicilərin rəğbətini qazanmışdır. Onun ifasında səslənən “Bəstənigar” muğamı çox yüksək keyfiyyətlərə malikdir. “Çahargah” muğamının “Bəstənigar” şöbəsini geniş ifa etmək əlbəttə, çətindir. Aftandil bu muğamı çaldıqda, cəsarət edib segah muğamına keçir, orada gəzişdikdən sonra “Çahargah”a qayıdıb ifanı yekunlaşdırır. Bu ifa həm muğam biliyi, həm də yüksək bir zövq baxımından dinləyicini valeh edir.

Yenə ustad sənətkar Aftandil İsrafilovun həmən illərdəki ifalarından “Muğam və rəng”i misal çəkmək istəyirəm. Zənnimcə, bu ifa təkrarsız bir sənət əsəridir. Aftandil burada lirika melodiyanı və segah muğamından bir hissəni ifa eləyir. Onun muğam və melodiyanın daxilində ifa etdiyi ştrixləri ritmə salmaq çox çətindir. İfadakı “es” təqdirəlayiqdir. Burada körükdən istifadə ustalığı da yüksək səviyyədədir. Ramiz Həsənovun nağara ilə müşayiəti də möhtəşəmdir. “Segah” muğamının və melodiyanın ifası ilə Aftandil şedevr yaratmışdır. Qarmonun səslənməsi də çox mükəmməldir. Lent yazısı qarmonun içindəki deyil, çöldəki mikrofonla qeydə alınmışdır. Bu cür ifa, əslində qarmonun içində quraşdırılmış mikrofonla qeydə alınan ifaya nisbətən daha çətindir. Çünki səs korpusun içərisindən mikrofona yox, məhz birbaşa “dekadaki deşik” vasitəsilə mikrofona çatmaqdadır. Bu zaman müəyyən səs itkiləri ola bilsə də, professional ifaçı bunu hiss edərək yeri gəldikdə qarmonu mikrofona yaxınlaşdırmağı bacarır. Ustad Xalq artisti Aftandil İsrafilov bunun öhdəsindən yüksək səviyyədə gəlmişdir və fikrimizcə, bu ifa təkrarolunmaz bir musiqi əsəridir.

Eyni ifa qaydası ilə çaldığı “Şur muğamı” və “Qaval rəqsi” üzərindəki gəzişmələrdə Aftandil İsrafilovun gözlənilməz improvizasiyaları, buradakı fikir və barmaqları da təqdirəlayiqdir.

Aftandil İsrafilovun ilk valı təqribən 1970-ci illərdə işıq üzü görmüşdür. Onun nağara (Zöhrab Məmmədov) və balabanın müşayiəti ilə ifa etdiyi bu melodiyalar tarixə düşmüşdür. Aftandilin çaldığı (indi “Yeni Azərbaycan rəqsi” kimi bilinir) Rəqs, heyrətamiz bir ifa tərzi ilə və çox sürətli ritmdə ifa olunub. Rəqsin ifası həm texnikanı, həm də körükdən ustalıqla istifadə etməyi tələb edir. Onun ifasında səslənən “Maralı” rəqs havası, daha əvvəllər klarnetdə ifa olunmasına baxmayaraq, qarmondakı ifa ilə tamaşaçıya daha güclü təsir bağışlamışdır. Zil və bəm səslərin ifası çox gözəl səslənmişdir. Aftandilin “Tut ağacı” mahnısının solo ifası isə, tək sözlə möhtəşəmdir. Onun bu melodiyada elədikləri (ritmi aşağı salması, “Bayatı-Şiraz” muğamındakı xırdalıqlar, nağaranın təkcə ritm yox, eyni zamanda musiqini də çalması, habelə muğamın axırındakı ritmik rəqs) İsrafilovun qarmondakı möhtəşəm ifasını göz önünə gətirmişdir. Aftandil yenə bu valda “Gözəlim sənsən” mahnısını yüksək səviyyədə ifa etmişdir. Mahnının dalınca qarmonda səsləndirdiyi “Bəstənigar” muğamı isə misilsizdir. Burada Zöhrabın nağara ilə müşayiəti də çox uğurlu alınmışdır. İsrafilov valın axırında Cahangir Cahangirovun “Ana” mahnısını və arada “Segah”ı ifa etmişdir. İnanıram və qətiyyətlə deyə bilərəm ki, ölməz sənətkarımız Rəşid Behbudovun ifasındakı “Ana” mahnısı ilə Aftandilin bu çalğısı eyni səviyyədədir.

Aftandil İsrafilovun, bu ifalardan sonra yeni bir mərhələyə qədəm atdığının şahidi oluruq. Yaşlı adamların yadındadır ki, təqribən 1972-73-ci illərdən etibarən, o, həmin vaxtı ilk dəfə qarmon, klarnet və nağaradan ibarət trio ilə çıxış etməyə başladı. Aftandilin İsrafilovun, Vəli Qədimovun (klarnet) və Ramiz Həsənovun (nağara) ifaları Azərbaycan instrumental musiqisinə, demək olar ki, yeni bir üslub gətirdi. Bu trionun ifa elədiyi “Arzu” rəqsi (Ələkbər Tağıyevin bəstələdiyi “Mənim Gəncəm” mahnısı əsasında) çox yüksək dərəcəli bir ifadır. Rəqsin əvvəlində Aftandilin ifa etdiyi “Bayatı-Şiraz” muğamı və rəhmətlik Vəli Qədimovun “Segah” ifası çox gözəl səslənib, Ramizin nağarada ifası isə saat dəqiqliyi ilə dinləyiciləri valeh etmişdir. Yenə bu üçlüyün ifasındakı “Elmira” rəqsi bu səpkidə təqdirəlayiq ayrı bir sənət əsərdir. Çox əfsus ki, bu trio uzun illər davam eləmədi. Əgər davam eləsydi, onlar Azərbaycan musiqi tarixinin qızıl fondunda çoxlu belə mahnıları xalqımız üçün yadigar qoya bilərdilər...

Aftandil bu ifalardan daha sonra qarmon, klarnet, pianino, gitara, nağara, və qoşa nağaradan ibarət ansamblın müşayiəti ilə ifa etməyə başlamışdır. Bu ifalar da Azərbaycan rəqs musiqisini fərqli bir mərhələyə yüksəltmişdir. Tarixə diqqətlə baxdığımızda əvvəlcə qarmon və qaval, sonralar trio (qarmon, klarnet, nağara) və bundan sonra isə qarmon, klarnet, pianino , gitara, nağara və qoşa nağaradan ibarət ansambldakı inkişafı müşahidə edirik. Burada Aftandil İsrafilovun yaradıcı ifaları, ansamblın genişlənməsində mühüm amil olmuşdur. O, öz bəstələri olan və təqribən 1975-ci illərdə ifa etdiyi “Nazilə”, “Kamalə”, “Zemfira”, “Jalə” və sairə kimi rəqs havaları ilə musiqi aləmində yeni bir səhifə açmışdır. Dillər əzbəri olan və hətta hər məclisdə ifa olunan “Nazilə” və “Kamalə” rəqsləri artıq bütün xalq tərəfindən sevilir və demək olar ki, hər bir toy məclisində ifa edilir. Bu illərdə İsrafilovun ifasındakı “Ey Pəri” mahnısını da misal çəkmək yerinə düşər. Aftandil bu mahnını demək olar yenidən yaratmışdır. Onun bu mahnı və dalınca da muğam ifasındakı improvizələri təkrarolunmazdır. Bu, bir ustad sənətkarın yaratdığı şedevrdir.

Bu valın işıq üzü görməsindən çox qısa bir müddət sonra, Aftandil bu səpkidə ikinci val da hazırlanmışdır. Bu valda da Aftandil İsrafilovun “Simrani”, “Aynurə”, “Dağlılar” (Dağlar oğlu) və digər rəqsləri yenə eyni ansamblın müşayiəti ilə ifa olunmuş və dinləyicilərdən xüsusi rəğbət görmüşdür. Burada Aftandilin çaldığı iki əsər üzərində xüsusilə dayanmaq istəyirəm. Bunlar “Aman ovçu” və “Lirik musiqi” ifalarıdır. Aftandil, demək olar ki, “Aman ovçu” mahnısını tamamilə fərqli bir yanaşma tərzi ilə yenidən yaratmışdır. O, ritmin sürətini aşağı çəkib ifa eləməklə, mahnını dəyişdirmiş və həzin bir əsərə çevrilmişdir. Burada ifaçının elədiyi xırdalıqlar möcüzəvidir və buradakı muğam ifasına isə söz ola bilməz. İkincisi isə, bir gürcü mahnısını dəyişdirərək, onu milliləşdirib Azərbaycan sayağı ifa etməsidir. İlk dəfə qulaq asan dinləyici bunun məhz bir Azərbaycan mahnısı olduğunu düşünür. Düzdür, Qafqaz xalqlarının musiqilərində müəyyən oxşarlıqlar mövcuddur, lakin Aftandil burada, necə deyərlər bu xarici mahnıya can vermiş və onu çox yüksək səviyyədə ifa etmişdir. Bu bir daha sübut edir ki, Aftandil İsrafilovun, musiqi və mahnı seçimindəki zövqü möhtəşəmdir. Bu təkcə onun timsalında ifa tərzi yox, həm də bəstəkar işidir

Aftandil İsrafilovun, təxminən 1980-82-ci illərdə lentə yazdırdığı (qarmon, nağara, pianino, qoşa nağara ilə) ifaları da öz orijinallığı ilə fərqlənir. Bu ifalarda, bəzən pianinonun yanında sintezatordan da istifadə edilmişdir. Burada onu da qeyd etmək yerinə düşər ki, pianinoda rəhmətlik Yusif Səlimovvə nağarada rəhmətlik Rafiq Balabekov Aftandili çox yüksək səviyyədə müşayiət etmişlər. Aftandilin bu ansamblın müşayiəti ilə ifa etdiyi “Zabul-Segah” dəstgahı, zənnimcə bütöv muğamsevərlərin ürəyincə olmuşdur. O, “Zabul” muğamını və dalınca segahı məharətlə çalmış, qarmonun bütün imkanlarından yüksək səviyyədə istifadə edərək, ritmik rənglərlə birgə ürəyindəkiləri də tamaşaçıya çatdırmışdır. Bundan əlavə, Cahangir Cahangirovun “Alagöz” mahnısı da Aftandilin ifasında bir klassik əsər səciyyəsindədir. Onun pianinonun müşayiəti və öz alətinin “fa” kökündəki ifası, barmaq quruluşu çətin olsa da, əsərin səslənməsinə böyük təsir göstərmişdir. Ələlxüsus, burada çaldığı muğam hissəsi çox gözəl və peşəkar alınmışdır.

Yenə Afdandil İsrafilovun ifasındakı “Tərəkəmə” rəqs havası və “Şikayətim var” mahnısının ifası möhtəşəmdir. Ritmik rəqsləri yüksək səviyyədə ifa edən Aftandil İsrafilovun çaldığı “Kinto”, “Basqalı” ,“Qazağı”, “Xançobanı”, “Tiflisi”, “Qoçəli” və “Azərbaycan təranələri” klassik əsər səciyyəsi daşıyır. Aftandil, xüsusən “Azərbaycan təranələri” klassik və şedevr əsərini yenidən yaratmışdır. Əvvəlcə muğam üzərində gəzişmiş və sonra əsl temaya girmişdir. O, buradakı sürətli ifası ilə imkansız olan işi bacarmış və xırdalıqları layiqincə təqdim edə bilmişdir.

Ölməz sənətkar, mərhum Teyyub Dəmirovun bəstələdiyi “Qafqazı” rəqsi də Aftandilin ifası ilə çoxçalarlı və fərqli bir tərzdə alınmışdır. Melodiyanın əslinə sadiq qalan Aftandil bu ifa tərzində böyük dəyişiklik etmişdir. Asan görünməsinə rəğmən, onun işlətdiyi trellər çox mürəkkəbdir və ancaq ritmin içərisində düz yerləşdirilə bilməklə ifa oluna bilir. Bir balaca gecikmə (və ya tələsmə) rəqsin effektini tamamilə dəyişdirir və daha möhtəşəm edir.

Yuxarıda da vurğuladığımız kimi, bu yazımızda qarşımıza Aftandil İsrafilovun ifa etdiyi bütün əsərlərin təhlilini qoymamışıq. Çünki onun ifa etdiyi əsərlər haqqında yazılsa, çox böyük və maraqlı bir kitab yaranar. Biz burada yalnız, hörmətli oxuculara ustad sənətkarın bəzi seçilmiş ifaları ilə bağlı düşüncələrimizi çatdırmağa çalışmışıq.

Azərbaycan qarmonunu istər solo ifaları ilə, istərsə də SSRİ Xalq artisti Zeynəb Xanlarovanın ansamblındakı ifaları ilə dünyaya tanıtdıran, qarmonu xaricdə yaşayan azərbaycanlılara sevdirən Aftandil İsrafilov Azərbaycan qarmon sənətinin zirvəsində dayanan bir ustad sənətkardır.

Azərbaycanın dünya şöhrətli dahiləri olan Qara Qarayev, Fikrət Əmirov, Vaqif Mustafazadə kimi bəstəkar və ifaçılarını şəxsən görməmiş olsaq da, bizə böyük sənətkar Aftandil İsrafilovla tanış olmaq, sənəti ilə bağlı söhbət etmək və onun canlı ifalarını dinləmək kimi bir xoşbəxtlik nəsib olmuşdur. 80 illik yubileyi ərəfəsində ustad sənətkar Aftandil İsrafilovla görüşə bildiyimiz üçün də özümüzü çox şanslı sayırıq. Yeri gəlmişkən buradan da, xaricdə yaşayan bir Azərbaycan türkü olaraq, Azərbaycanın Xalq artisti Aftandil İsrafilovu ən səmimi duyğularımızla salamlayır, ustadı 80 illik yubileyi münasibətilə təbrik edir və ona möhkəm can sağlığı arzulayırıq. Bunu da vurğulamaq istəyirəm ki, o, bu gün qarmon ifaçısı kimi Azərbaycanın müasir klassik sənətkarıdır. Belə sənətkarlar da yüz ildə bir olur. Belə sənətkarları sevmək və onları lazım olan səviyyədə qorumaq lazımdır. Çünki Xalq artisti Aftandil İsrafilov Azərbaycan xalqının musiqi sənətində çox böyük sərvətdir.

Dünyanın məşhur xalqları həmişə ədəbiyyat, incəsənət sahəsindəki öz sərvətlərini qoruyur və həmin sərvətləri dünya xalqlarına lazım olan səviyyədə təqdim edirlər. Çox vaxt da həmin xalqları iqtisadiyyatına, var-dövlətinə görə yox, bu sərvətlərinə görə tanıyırlar və qiymətləndirirlər. Bizim millətin də dünya səviyyəsinə

çıxarmağa belə çoxlu sərvətlərimiz var. Onları dünyaya çıxarmaq, tanıtmaq və sevdirmək isə bugünkü yazarlarımızın ən böyük ali məqsədi olmalıdır.

Hacı Naili MUSABƏYLİ

Türkiyə, Ankara şəhəri

Xalq artisti Aftandil İsrafilov və Hacı Naili Musabəyli. Bakı 2014

Azərbaycan qarmonunun əfsanələri- Aftandil İsrafilov, Ağa Cabrayıl, rəhmətlik Teyyub Teyyuboğlu, Aydın Əliyev, Zakir Mirzəyev və Hacı Naili Musabəyli. Bakı 2018-ci il.

Qarmon ustadlarının iştirakıilə keçirilən ənənəvi “Qarmon Axşamı-4” tədbirindən….

Aydın Əliyev, Aftandil İsrafilov, Şəmsi Ağamalıyev, rehmətlik Xanlar Cəfərov, Habil İsmayılov, Hacı Naili Musabəyli, Hafiz Nəsirov, Aydın Salahov, qarmon müəllimi Vusal Qəhramanov, Nemət Hüseynov, Şəhriyar bəy, Taleh Qafarov. Bakı- 2020-ci il

Bütün xəbərlər Facebook səhifəmizdə