Almaniya qoşunları “İncirlik” aviabazasından çıxarılır

Bundesver qoşunlarının Türkiyənin “İncirlik” aviabazasından çıxarılması davam edir. Almaniyanın “Der Spiegel” nəşrinin Müdafiə Nazirliyindəki mənbəyə istinadla məlumatına görə, 10 gün əvvəl havada yanacaq dolduran “Airbus A310 MRTT” təyyarəsi İordaniyadakı aviabazaya yollanıb. Bu günə kimi Türkiyədəki aviabazanı təyyarələrə xidmət edən təqribən 20 nəfər tərk edib.

“İncirlik” aviabazasında təqribən 260 alman hərbi qulluqçu, xüsusi optika ilə təchiz edilmiş 6 “Tornado” kəşfiyyat təyyarəsi və 1 havada yanacaq dolduran təyyarə olub. Onlar “İslam dövləti” terrorçu qruplaşmasının Suriyadakı və İraqdakı mövqelərinə havadan zərbələri dəstəkləyiblər. Bundan sonra Almaniya aviasiyası və döyüş kontingenti İordaniyada yerləşəcək və beynəlxalq antiterror koalisiyasının əməliyyatlarında iştirak etməyə davam edəcək. Almaniya hərbçiləri Türkiyə ərazisini iyulun sonuna qədər tərk etməlidirlər. Plana görə, qoşunların köçürülməsi oktyabr ayında başa çatmalıdır.

Bundesver qoşunlarının çıxıb getməsinə Almaniya bundestaqının qalmaqallı qətnaməsi səbəb olub. Qətnaməyə görə, 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələr “erməni xalqının soyqırımı” kimi tanınıb. Buna cavab olaraq, Türkiyə hökuməti Almaniya parlamenti deputatlarının “İncirlik”də yerləşən hərbi kontingentə baş çəkməsinə qadağalar qoyub. Berlinin 2016-cı ilin iyulunda baş tutmayan qiyamdan sonra ölkədən qaçmış türkiyəli hərbçilərə siyasi sığınacaq verməsi daha bir səbəb olub. Türkiyə Prezidenti haqlı olaraq Almaniyanı terrorizmi, o cümlədən PKK terror təşkilatının Suriya cinahını - YPG təşkilatını dəstəkləməkdə ittiham edib.

Bütün xəbərlər Facebook səhifəmizdə