Sofiyada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə ölkəmizin Bolqarıstandakı səfirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə Sofiya Beynəlxalq Film Festivalı çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu “Əli və Nino” filmi nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, gecədə Bolqarıstanın Prezident Administrasiyasının, Xarici İşlər Nazirliyinin, Sofiya Şəhər Meriyasının, eləcə də Bolqarıstanın digər dövlət və özəl qurumlarının nümayəndələri, bu ölkənin aparıcı QHT və KİV təmsilçiləri, ölkədə akkreditə olunan diplomatik missiyaların rəhbərləri, Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan diasporunun üzvləri, həmçinin Film Tənqidçilərinin Beynəlxalq Federasiyasının (FİPRESCİ) baş katibi Klaus Eder, Bolqarıstan Film Tənqidçilərinin Gildiyasının sədri Bojidar Danev və digər kino xadimləri iştirak ediblər.

Bu festival Mərkəzi və Şərqi Avropada əsas film tədbirlərindən hesab olunur. Festival 2010-cu ildə Film İstehsalçıları Assosiasiyalarının Beynəlxalq Federasiyası (FİARP) tərəfindən akkreditə olunub və Bolqarıstanda FİARF tərəfindən tanınan yeganə film festivalıdır.

Gecənin açılışında çıxış edən səfir 2018-ci ilin Azərbaycan tarixində bir sıra yubileylərlə əlamətdar olduğunu, belə ki, cari ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edildiyini deyib. Bildirib ki, AXC-nin yaranması Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Səfir 100 il bundan əvvəl qadınlara səsvermə hüququ verən AXC-nin müsəlman Şərqində qadınlara bərabər siyasi hüquqlar verən ilk dövlət olduğunu və bu göstəriciyə görə bir çox Avropa ölkələrini qabaqladığını əlavə edib. N.Qurbanova qonaqlara 2018-ci ilin Azərbaycan Prezidenti tərəfindən “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu deyib, hökumət tərəfindən bu əlamətdar hadisənin qeyd edilməsi ilə bağlı il ərzində nəinki ölkə daxilində, eləcə də xaricdə silsilə tədbirlərin keçiriləcəyi barədə məlumat verib.

Səfir N.Qurbanova cari ilin, həmçinin Azərbaycan milli kinematoqrafiyasının 120 illik yubileyi ilə əlamətdar olduğunu bildirib. Səfir milli kinematoqrafiyamızın ilk qısametrajlı səssiz filmi olan “İlişdin” filminin 1898-ci il avqustun 2-də nümayiş edildiyini və həmin tarixin Azərbaycan Milli Kino Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb.

Bildirib ki, gecədə nümayiş olunacaq “Əli və Nino” filmi sözügedən yubileylərlə yaxından bağlıdır. Filmin Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsi fonunda iki gəncin məhəbbət hekayəsindən bəhs etdiyini vurğulayan N.Qurbanova bir tərəfdən filmdə müsəlman Azərbaycan gənci ilə xristian gürcü qızı arasında məhəbbətin təsvir olunduğunu, digər tərəfdən Azərbaycanda AXC-nin yaranmasından əvvəl və sonra cərəyan edən siyasi proseslərin əks olunduğunu bildirib. O, filmdəki hadisələrin Tbilisi, Tehran, Dağıstan, eləcə də Bakıda İçərişəhər, Gəncə və Dağlıq Qarabağda Azərbaycanın mədəni mərkəzi olan və hazırda Ermənistan tərəfindən işğal altında olan Şuşada cərəyan etdiyi barədə məlumat verib.

Filmin, həmçinin Azərbaycanın qədim dinlərarası tolerantlıq və multikulturalizm ənənələri ilə bağlı olduğunu qeyd edən səfir Azərbaycanda İslam, xristianlıq, iudaizm və digər dinlərin və etiqadların qarşılıqlı əlaqəsindən, müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində birgə yaşayışından danışıb və ADR hökumətinin çoxsaylı millətlərdən formalaşdığını xüsusilə vurğulayıb.

Daha sonra film barədə məlumat verən səfir ekran əsərinin eyni adlı roman əsasında lentə alındığını bildirib. Qeyd edib ki, əsər 30-dan çox dilə tərcümə olunub və XX əsr ədəbiyyatının orijinal nümunələrindəndir. O, filmin beynəlxalq premyerasının 2016-cı ilin yanvarında ABŞ-da “Sundance” Beynəlxalq Film Festivalında, Avropa premyerasının 2017-ci ildə Brüsseldə Avropa Parlamentində keçirildiyini əlavə edib.

Sonra film nümayiş olunub və izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Filmin nümayişindən sonra ziyafət təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...