Bakıda Latviyanın milli bayramı qeyd edilib

Latviyanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – Müstəqilliyinin 99-cu ildönümü münasibətilə rəsmi qəbul təşkil edib. Qəbulda çıxış edən səfir Yuris Maklakovs müstəqilliyinin elan olunmasından ötən 99 ildə Latviyanın keçdiyi inkişaf yolundan danışıb.

Latviya-Azərbaycan münasibətlərindən bəhs edən səfir ölkələrimiz arasında möhkəm siyasi əlaqələrin olduğunu deyib. O vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ilin iyul ayında Latviyaya rəsmi səfəri iki ölkə arasında münasibətlərin daha da inkişafına təkan verib. Həmin səfər çərçivəsində Azərbaycan ilə Latviya arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə də daxil olmaqla bir sira mühüm sənədlər imzalanıb. Diplomat xatırladıb ki, gələn il hər iki ölkə müstəqilliklərinin 100 illiyini qeyd edəcək.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Azərbaycan hökuməti adından Latviya xalqını milli bayram münasibətilə təbrik edib. Azərbaycan ilə Latviya arasında qurulan əlaqələrin tarixindən danışan nazir ölkələrimiz arasında əlaqələrin genişlənməsi istiqamətində xeyli işlər görüldüyünü, yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına töhfə verdiyini diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə