AMEA-da Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Dünən AMEA-nın Qadınlar Şurasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib.

Konfransı akademik İsa Həbibbəyli açaraq müasir müstəqil Azərbaycan dövlətinin Memarı və Qurucusu, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərindən danışıb. Bildirib ki, ömrünü dövlətinin, xalqının inkişafına, çiçəklənməsinə və rifahına həsr edən Ulu Öndərin adı Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb.
AMEA-nın vitse-prezidenti tarixə ekskurs edərək müxtəlif dövrlərdə Ümummilli Liderin dövlətin milli maraqlarının qorunması və milli şüurun inkişaf etdirilməsi, iqtisadi gücünün artması, ölkədə sosial-mədəni sferanın inkişafı ilə bağlı gördüyü işlərdən bəhs edib. O, xalqımızın həyatında və tarixində müstəsna rolu olan Dahi Şəxsiyyətin həyat və fəaliyyətinin hər bir azərbaycanlı üçün məktəb olduğunu deyib.
Akademik İsa Həbibbəyli Dahi Liderin elmi, siyasi, iqtisadi və mədəni quruculuq sahəsində, eyni zamanda, AMEA-nın bugünkü fəaliyyətində böyük xidmətlərindən danışıb. Diqqətə çatdırıb ki, Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə ölkəmizdə elmin, o cümlədən, AMEA-nın inkişafına böyük diqqət və qayğı ilə yanaşıb. Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlişindən sonra akademiyanın bağlanmaq təhlükəsi aradan qalxıb və Azərbaycan elminin yeni inkişaf mərhələsi başlanıb.
İsa Həbibbəyli onu da qeyd edib ki, hazırda ölkəmizdə Ulu Öndər Heydər Əliyevin böyük ideyaları ardıcıllıqla və dönmədən, uğurla həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev müstəqil Azərbaycanı yaradıcılıqla, yeni epoxanın reallıqlarına uyğun şəkildə böyük sürətlə inkişaf etdirərək yeni sabahlara doğru aparır.
Tədbirdə akademik İradə Hüseynova, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva və professor Rəna Mirzəzadə çıxış edərək Ulu Öndər Heydər Əliyevin müasir müstəqil dövlətimizin yaranmasında, inkişafında və beynəlxalq aləmdə tanınmasında əvəzsiz rolundan söz açıblar.
Daha sonra Toğrul Salmanzadə "Heydər-xalqım" şeirini səsləndirib.
Tədbirdə "Heydər Əliyev və dövlət qadın siyasəti" filmi nümayiş etdirilib.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...