Ermənistan seçkiləri – Paşinyan “demokratiyasının” ilkin “təzahürləri” ANALITIK

Ölkə daha acınacaqlı duruma doğru sürüklənəcək

Ermənistanda növbədənkənar parlament seçkiləri başa çatdı və baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın “Mənim addımım” seçki bloku digər siyasi güclərdən daha çox səs topladı. Lakin bu seçkilərin “demokratik” ab-havada keçməsini bəri başdan inkar etmək olar. Daha dəqiq desək, məhz bu seçkilərdə də ciddi qanun pozuntuları, bülletenlərin kütləvi şəkildə səsvermə urnalarına atılması faktları qeydə alındı ki, bu amil Ermənistandakı mövcud siyasi vəziyyətin heç də demokratikləşmə xarakterli olmadığını sübuta yetirdi. Əbəs deyil ki, Ermənistan polisi, prokurorluğu, ombudsmanı çoxsaylı pozuntular barədə rəqəmlərlə çıxış edib, bu məsələlərin “araşdırılacağını” deyirlər. Hətta bu pozuntular daxilində cinayət tərkibli əməllərin də olduğu məlumatlarda bildirilir.

Daha bir fakt erkən seçkilərdə seçicilərin kəskin passivliyinin qeydə alınması oldu. Bu passivlik həm də belə deməyə zəmin yaradır ki, erməni xalqı hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, artıq öz müqəddəratının yaxşılığa doğru gedəcəyinə inanmır. İstər seçkiöncəsi təbliğat-təşviqat kampaniyaları dövründə, istərsə də seçki mühitində baş verən qarşıdurmalar, ziddiyyətlər Ermənistanın siyasi-iqtisadi böhrandan çıxa bilməyəcəyini qəti olaraq proqnozlaşdırmaqdadır.

Yeri gəlmişkən, seçkilərdə az insanın iştirak etməsi elə Nikol Paşinyanın özü tərəfindən də etiraf olunub, lakin bu etirafın arxasında dayanan bəhanə gülünc təsir bağışlayır. Misal üçün, bu barədə yazan Sputnik Armeniya Paşinyanın seçicilərin məntəqələrə gedərək səs verməmələrini onların daha öncəki seçkilərdə olduğu kimi, həmin məntəqələrə nəqliyyat vasitəsi ilə aparılmaması ilə əlaqələndirib. "Heç bir siyasi güc seçicilərini məntəqələrə aparmır", deyə Facebook səhifəsində canlı yayıma çıxan "Mənim addımım" seçki blokunun lideri Paşinyan seçiciləri fəal olmağa səsləyib. Bu zaman həmin iddiaya qarşı bir sual yaranır: əgər “Mənim addımım” bloku özünə bu qədər güvənərək, seçkilərin demokratik dəyərlərə cavab verdiyini iddia edirlərsə, nəyə görə xalq kütləvi şəkildə onlara dəstək göstərmədi? Çünki “məxməri inqilab” zamanı az-çox bu kütləvilik, dəstək görünürdü. Lakin 7 aydan sonra bu hal müşahidə olunmadı. Artıq nəticəyə gəlmək olar ki, Paşinyan eyforiyası son akkordlarını vurur və o, get-gedə reytinqini itirəcək. Artıq sonuncu parlament seçkiləri də bunu kifayət qədər təsdiq etdi.

Daha bir maraqlı məqam seçki günü baş verən müxtəlif hadisələrdir. Demokratiyadan dəm vuran Paşinyan hətta bölgələrdə özü də səsvermə günü “Mənim addımım” blokunun təbliğatını aparıb. Məsələn, Ermənistanın Vayotsdzor vilayətinin Malışka kəndində fəaliyyət göstərən 36/29 saylı məntəqəsindən 10 metr kənarda Paşinyanın lideri olduğu “Mənim addımım” seçki blokunun təbliğatını əks etdirən plakat asılmışdı ki, bu barədə Ermənistanın aysor.am saytı yazmışdı. Həmin məlumatda bildirilmişdi ki, qanun pozuntusu ilə bağlı seçki komissiyasına məlumat verilsə də, hələlik heç bir tədbir görülməyib.

Daha bir qanun pozuntusu barədə “Azatutuyun” radiosu qeyd edib. Erməni radiosunun qeyd etdiyinə görə, əlavə polis gücü dörd avtobus vasitəsi ilə Vanadzora göndərilib. Radionun suallarını cavablandıran polislər Vanadzora getmə səbəblərini seçki prosesi ilə əlaqələndiriblər.

Lori vilayətinin polis idarəsinin rəisi Aram Kazaryan da bu informasiyanı təsdiqləyib. Lakin digər sualları cavablandırmaqdan yayınıb. “Suallarınıza cavab üçün Ermənistan polisinin mətbuat xidməti ilə əlaqə saxlaya bilərsiniz”, deyə Kazaryan növbəti dəfə suallara cavab verməkdən imtina edib. Məhz bu faktın özü də regionlarda ciddi seçki pozuntularının baş verməsindən xəbər verir. Əks halda, əlavə polis gücləri avtobuslarla həmin ərazilərə göndərilməzdi.

Qarşıdurmalara köhnə və təzə sistemin tərəfdarları arasında da baş verib. Misal üçün, Respublika partiyasından olan namizəd, bu siyasi təşkilatın sədr müavini Armen Aşotyan Facebook səhifəsində ABŞ-ın «System of a Down» rok-qrupunda çıxış edən Serj Tankyana onun və təmsil olunduğu öncəki hakimiyyət barədə bəyanatına görə cavabdehlik daşıdığını deyib. “Serj Tankyan bu gün Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərinə münasibət bildirib və nədənsə, öz emosional statusunda məhz mənim sözlərimi şərh edib”, yazan Aşotyan qeyd edib: “Serj, sən nə qədər məşhur olsan da, sevilsən də, ölkəmizin adını nə qədər uca tutsan da, bütün mənalarda öz sözlərinə görə qanun qarşısında cavab verməli olacaqsan. Sən “20 il ərzində ölkəni taladıqdan sonra Aşotyan yazır ki, təbliğat-təşviqat kampaniyasının müddəti qısa olub” deyə qeyd edərkən ya öz iradən olmadan, ya da düşünülmüş şəkildə cinayət barədə məlumat verirsən, şəxsən mənə qarşı ittiham irəli sürürsən və ümid edirəm ki, Ermənistan polisi buna reaksiya verəcək, əks halda, birdəfəlik nəticəyə gəlmək olar ki, ölkəmizdəki ədalət quramadır. İnanıram ki, sən bu sözlərini sübuta yetirmək üçün Ermənistanın güc strukturlarına dəvət olunacaqsan. Artıq elə bir zaman gəlib ki, hər kəs dediklərinə və etdiklərinə görə cavab verməli olacaqlar”.

Armen Aşotyan həmçinin qeyd edib ki, o 12 günlük təbliğat müddətinin az olması barədə irəli sürdüyü öz sözlərini növbəti dəfə təsdiq edir. “Hə, 12 gün azdır, lakin mən səni və sənin ideya əqidədaşlarını təəssüfləndirməli olacağam: biz bu 12 gündə əlimizdə və imkanımızda olan hər şeyi təqdim edərək, komandamızın potensialını göstərdik...”.

Ermənistanın Respublika partiyasından növbədənkənar parlament seçkilərinə qatılan Vaqram Baqdasaryanın da seçki ofisi ciddi qanun pozuntuları barədə xəbər yayıb. Vanadzor şəhərinin bir sıra seçki məntəqələrində kənar şəxslərin müdaxiləsi ilə açıq-aşkar şəkildə instruktajlar alırlar – bir əllərində 4 saylı (Paşinyanın “Mənim addımım” seçki blokunun nömrəsi) bülletenini, digər əllərində isə başqa bülleten paketlərini tutaraq, seçki urnasına yaxınlaşır, sonra da həmin insanların nəzarəti altında nümayişkəranə şəkildə bülleten paketlərini istifadə edilməmiş bülletenlər üçün ayrılmış yerə atırlar. Məhz bundan sonra hər kəsə məlum səsvermə həyata keçirilir, yəni 4 nömrəli bülleten urnaya atılır.

Yeri gəlmişkən, seçkiləri müşahidə edənlər də bir sıra məntəqələrdə xoşagəlməz hallarla qarşı-qarşıya qalıblar. “Tsarukyan” blokundan olan regional seçki komissiyasının üzvü alkoqol sərxoşluğu altındadır”. Bu barədə Facebook səhifəsində “İnformasiyalı vətəndaşlar ittifaqı” QHT-nın rəhbəri Daniel İoannisyan yazıb.

O, digər statusunda yazıb ki, regional seçki komissiyasının N6/08 saylı vəsiqəsini daşıyan üzvü müşahidəçini söyüb və onu mənqədədən kənara qovub. “Bu, müşahidəçinin ona insanların növbəsiz şəkildə və açıq səs verməyə cəhd etdikləri zaman baş verdi”, deyə erməni QHT-nin müşahidəçisi qeyd edib.

Spitakda isə seçkilər başa-çatar-çatmaz bütün şəhərin işıqları söndürülüb və bunun təxribat olduğunu açıq-aydın hiss etmək mümkündür. Məhz polis güclərinin hər məntəqə qarşısına növbə çəkmək üçün hüquq-mühafizə əməkdaşlı göndərməsindən sonra kəsilmiş elektrik bərpa edilib.

Beləliklə, bənzər hallar kifayət qədərdir və onların hər biri barədə ayrı-ayrılıqda yazarsaq, buna nə vaxt, nə də zaman yetişməz. Sadəcə, fakt budur ki, Ermənistanda keçirilmiş erkən parlament seçkiləri bu ölkənin xilası deyil, daha ağır vəziyyətə doğru sürüklənməsinə necə deyərlər, təkan verəcək. Artıq, seçkilər və həmin seçkilər ərəfəsində və sonrasında baş verənlər də bu cür qənaətə gəlməyə kifayət qədər zəmin yaradır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə