Deputat: "“Star” neft emalı zavodunun açılış tarixi hadisədir" MÖVQE-ÖZƏL

"Qardaş və dost Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi tarixi bir hadisədir. Bu, Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun, müttəfiqliyinin daha bir əyani nümunəsidir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

O bildirib ki, iki dövlət, iki ölkə rəhbəri daim hafizələrdə yaşayacaq, yaddaşlardan silinməyəcək bir tarix yazdı.

Onun sözlərinə görə, bütün dünya bir daha Azərbaycan-Türkiyə qardaşlığının və tərəfdaşlığının əbədiliyinin, dönməzliyinin şahidi oldu: “Dünyada, yerləşdiyimiz coğrafiyada, regionumuzda çox böyük təlatümlər, qlobal siyasi, iqtisadi, diplomatik, hərbi kataklizmlər, qarşıdurmalar, terror aktları, müharibələr yaşanır. Özü də bunların birinin həlli tapılmamış, yenisi əlavə olunur. Ölüm, aclıq, yoxsulluq, səfalət baş alıb-gedir. Amma bunların fonunda həm Azərbaycan, həm Türkiyə gündən-günə inkişaf edir, dünyadakı yeri və nüfuzunu daha da artırır. Hər iki dövlət bu gün yerləşdiyi coğrafi məkanın təhlükəsizlik, sabitlik və inkişaf adasına çevrilib. Bunlar da, təbii ki, hər iki dövlətin uzaqgörən və müdrik liderlərinin çox düşünülmüş, balanslaşdırılmış, praqmatik və realist daxili və xarici siyasət kursu ilə bağlıdır".

Deputat söyləyib ki, məhz iki ölkə liderinin müdrikliyi, uzaqgörənliyi sayəsində ölkələrimiz, dövlətlərimiz qan-qadalardan, çalxantılardan kənarda qala bilib, inkişaf və tərəqqi yolu ilə addımlamaqdadır: "Bu baxımdan, dünən qardaş ölkədə yeddi il öncə təməli, özülü atılmış “Star” zavodunun açılışı həm əlaqələrimizin inkişafında, həm də iqtisadi inkişafımızda mühüm rol oynayacaq, öz müsbət töhfələrini verəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, bir daha onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə uğurla çatırıq".

E. Səlimov qeyd edib ki, Prezidentin ötən gün açılış mərasimində bu layihənin həyata keçməsinin əsas səbəbinin Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı olduğunu ifadə etməsinin artıq şərhə ehtiyac yoxdur: "Münasibətlərin səviyyəsini və gələcək perspektivlərini görmək, müəyyənləşdirmək üçün, bundan artıq, bundan yüksək fikir səslənə, ifadə edilə bilməz”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...