O xalq xoşbəxtdir ki, onun ən ağır, ən dəhşətli anlarında, xilaskara ehtiyac duyanda, meydana onun öz içərisindən dahi bir şəxsiyyət çıxır, xalqını bəlalardan xilas edir, onu burulğandan çıxarır və yaşadır. XX əsrin ən böyük siyasətçisi, dünya azərbaycanlılarının lideri, xalqımızın bəşəriyyətə bəxş etdiyi ən nadir siması Ulu Öndər Heydər Əliyev də belə şəxsiyyətlərdəndir. Onun Azərbaycan rəhbərliyinə gəldiyi otuz il respublikamızın tarixində çətin və inqilabi dəyişikliklər dövrü kimi əbədi iz qoyub. Ölkəmiz əsrin əvvəllərində neft ilə, əsrin ortalarından xeyli keçdikdən sonra isə, böyük siyasi və dövlət xadimi Ulu Öndən Heydər Əliyevlə şöhrət tapıb. Xalqımızın görkəmli xadiminin otuz illik fəaliyyəti dövründə gördüyü işlərin misli-bərabəri yoxdur. Xalqın mentalitetinə yaxşı bələd olan, insanlarla dil tapmağı bacaran, eyni zamanda qəti və sərt mövqeyi ilə fərqlənən Ulu Öndər Heydər Əliyev üçün Azərbaycanı irəliləyiş yoluna çıxarmaqdan ötrü çox vaxt lazım gəlmədi. Dahi Öndərin səriştə və prinsipiallıqla həyata keçirdiyi sosial iqtisadi və mədəni-siyasət tezliklə bəhrəsini verməyə başladı.

Ötən əsrin 70-ci illərin əvvəllərindən başlayaraq respublikada müsbət dəyişikliklərin mehini hamı hiss edirdi. Əvvəlki rəhbərlərin dövründə prespektivdə heç nə görməyən insanlarda, sözün əsl mənasında, canlanma yaranmışdı. Respublika ədalətli rəhbərin haqsızlığa, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə kursunu, iqtisadiyyatın dirçəlməsi, insanların rifah halının yaxşılaşdırılması üçün səylərin, elm və təhsilin, mədəniyyətin inkişafına göstərdiyi qayğını alqışlayır və ona hər cür kömək etməyə hazır olduqlarını bildirirlər. Azərbaycan yeni bir intibah dövrünə qədəm qoymuşdu.

Özünəməxsus iş üslubu, ünsiyyət qabiliyyəti sayəsində, ilk növbədə, insanların fəal surətdə ictimai-siyasi proseslərə, quruculuq işlərinə fəal qoşulmasına nail olan Ulu Öndər Heydər Əliyev Azərbaycanın problemlərini İttifaq hökuməti qarşısında qaldırır və onların mərhələ-mərhələ həllinə nail olurdu. Respublikanın paytaxtı Bakı nəhəng tikinti meydançasını xatırladır. Paytaxtımızda yeni mikrorayonlar, yaşayış massivləri tikilir, sosial-mədəni təyinatlı obyektlər ucalır, yaşıllıqlar, park

və xiyabanlar salınır. Vaxtilə boz qayalardan başqa gözə heç nə dəyməyən Əhmədli və Günəşli yaylalarında, sözün əsl mənasında, şəhər içində şəhər yaradılmasını, metropoliten stansiyalarının sürətlə inkişafı, Xəzərin sahilində "Dostluq" bağının salınması və bir neçə belə faktı sadalamaq olar. O dövrdə istifadəyə verilən Kondinsionerlər Zavodunun, "Şelflayihətikinti" Birliyinin Bakıda və respublikanın rayonlarında tikilən başqa sənaye obyektlərinin barəsində daha dərin təsəvvür yaranır. Kənd təsərrüfatındakı nailiyyətlərin də miqyası çox böyük idi. Azərbaycan meyvə-tərəvəz yetişdirilməsində öncül mövqe tuturdu. Respublika üzümçülüyün və pambıqçılığın inkişafında misilsiz nailiyyətlər qazanmışdır. Bununla paralel rayonlarda mükəmməl emal sənayesi yaradılırdı. Ötən əsrin 70-80-ci illərdə Azərbaycanın inkişafından söhbət açarkən, Ulu Öndər Heydər Əliyevin həmişə diqqət mərkəzində saxladığı elm və təhsil, mədəniyyət sahəsindəki uğurlarını da xüsusi qeyd tmək lazımdır. O vaxtlar demək olar ki, hər gün dövlət əhəmiyyətli bir mədəni tədbir və yubiley keçirilirdi. Ya da Ulu Öndər Heydər Əliyev uzaqgörən bir siyasətçi kimi, Azərbaycanın oğul və qızlarının keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərində təhsil almağa yönəldilmələrini xatırlayaq. İndi bu kadrlar müstəqil Azərbaycanın inkişafı üçün çox iş görürlər.

Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə mükəmməl və işlək idarəetməyə stimul yaratmışdı. 1986-cı ildə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə irəli çəkilməsi ilə əlaqədar Moskvaya getdikdən sonra respublikamız sanki bir neçə il özbaşına idarə olundu. Xalqımızın müdrik oğlu bədxahların əli ilə vəzifəsindən uzaqlaşdırıldıqdan sonra isə Azərbaycan, sözün əsl mənasında, başsız qaldı. Öz doğma xalqını dərin məhəbbətlə sevən Ulu Öndər Heydər Əliyev yüksək vəzifəli şəxs idi, məkrli qüvvələr öz çirkin niyyətlərini büruzə verməyə cəsarət etmirdilər. İndi isə açıq hücuma keçmək üçün şərait yaranmışdı. Azərbaycanın səriştəsiz rəhbərliyinin biganəliyi və acizliyi də buna şərait yaradırdı. Müstəqilliyimizin ilk illərində ölkədə tez-tez baş verən hakimiyyət dəyişiklikləri Azərbaycana böyük bəlalar gətirdi. Qarabağ münaqişəsinin qarşısı vaxtında alınmadı, ermənilərin Dağlıq Qarabağda etnik təmizləmə aparmalarına, torpaqlarımızın bir qismini zəbt etmələrinə imkan verildi. 1993-cü ildə AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkəmizi daha böyük bir faciə ilə -vətəndaş müharibəsi ilə üz-üzə qoydu. Bir fəlakət Azərbaycanın parçalanması, müstəqil dövlət kimi məhv olması, cəbhədə daha böyük uğursuzluqlara məruz qalması demək idi.

Belə ağır məqamda xalq ayağa qalxdı və son sözünü dedi. Xalq sınanmış ləyaqətli oğlunu - Ulu Öndər Heydər Əliyevi respublikanın ali rəhbərliyinə çağırdı. Çünki ölkəni, xalqı belə qarşıdurmadan yalnız Ulu Öndər Heydər Əliyevin qüdrətli zəkası, uzaqgörənliyi çıxara bilərdi və çıxardı da.

Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev dünyəvi dövlətçilik qurmaq yolu tutdu. Prezident seçilərkən "Mən həyatımın qalan hissəsini xalqıma həsr edəcəyəm" deyən Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini möhkəmlətməyi, əhalinin sosial vəziyyətini yaxşılaşdırmağı, xalqın milli-mənəvi dəyərlərinin keşiyində durmağı əsas məqsəd sayırdı. Bütün bunlara nail olmaqdan ötrü dövlət başçısı 1993-cü ilin yayından bu yana gecə-gündüz çalışır, yenə gələcəyə yönələn siyasət yürüdürdü. Biz bu böyük siyasətin bəhrəsini gördük və görürük. Ölkədə hamının yüksək qiymətləndirdiyi sabitlik var, neft müqavilələri bağlanıb, ölkəyə investisiya axını başlayıb, infrastruktur inkişaf edir, cəbhədə qan tökülmür, səylər Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəldilib.

Ulu Öndərimiz Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasına, sərhədlərin toxunulmazlığının təmin edilməsinə, ölkəmizdə demokratik dəyərlərin və prinsiplərin bərqərar olunmasına, bazar iqtisadiyyatı sisteminin dayanmadan inkişafına və sosial tərəqqiyə dair, ictimai inkişafın əsas müddəalarını müəyyənləşdirmiş və Azərbaycanın inkişafı, tərəqqisi üçün sistemli fəaliyyət göstərməyi zəruri hesab etmişdir.

Ulu Öndərimiz Heydər Əliyev xalqının hərtərəfli inkişafına çalışırdı. İnsanların elmi səviyyəsinin yüksəlməsini daim ön plana çəkirdi. O, yaxşı başa düşürdü ki, savadlı bir insan yalnız yaxşı illər barədə düşünür, qurub-yaratmağa can atır.

Bu gün Azərbaycan xalqı sevinir ki, Onun layiqli davamçısı Prezidentimiz İlham Əliyev Cənabları demokratik yolla və böyük səs çoxluğu ilə 11 aprel 2018-ci il tarixində ölkəyə yenidən rəhbər seçildi.

Prezident İlham Əliyev Azərbaycanın, xalqımızın gələcəyinin daha da inkişaf etməsi üçün əlindən gələni edir. Xalq öz Prezidentinə böyük ümidlər bəsləyir. Allah Özünün və ailəsinin dayağı olsun.

Mürsəlova Ofelya,

ADPU-nun pedaqogika kafedrasının baş müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə