İnqilab və Serj Sarkisyanın devrilməsi reallığı TƏHLİL

Bu ab-hava bütün Ermənistanı bürüyüb

Ermənistan parlamentinin müxalifətdən olan “Yelk” (“Çıxış”) fraksiyasının rəhbəri Nikol Paşinyanın liderliyi ilə artıq bir neçə gündür ki, davam edən kütləvi etirazlar dalğası bu ölkədə inqilab faktorunun yetişdiyini açıq-aydın göstərməkdədir. Artıq Ermənistan mediasına açıqlama verən erməni politoloqları, ictimai-siyasi şəxsləri, eləcə də xarici mətbuat da qiyamın qaçılmaz olduğunu, Serj Sarkisyan rejiminin devrilməyə doğru sürətlə irəlilədiyini qeyd edirlər.

SİA bu ölkənin aparıcı media qurumlarıından olan 1in.am saytına istinadən xəbər verir ki, bir müddət etiraz dalğasına qoşulmaqda tərəddüd edən siyasilər də Paşinyanın hərəkatına dəstək vermək qərarına gəliblər. Halbuki, bir müddət öncəyə qədər bir sıra müxalifət partiyaları, QHT-lər və s. adda ictimai birliklər gözləmə mövqeyi tuturdular.

Sasun Mikaelyan: “Hakimiyyət anlamalıdır ki, onların ikinci variantları yoxdur və hər şeylərini qoyub, bu ölkədən rədd olmalıdırlar”

Bu arada, N.Paşinyanın sədri olduğu Vətəndaş sazişi partiyasının idarə heyətinin üzvü Sasun Mikaelyan ölkə müxalifətinin bir hissəsindən dəstək almağa başladıqlarını bildirib və qeyd edib ki, bütün hallarda hakimiyyət qan tökmədən getməyə məhkumdur: “Tezliklə qələbəmizi qeyd edəcəyik. Hakimiyyət anlamalıdır ki, onların ikinci variantları yoxdur və hər şeylərini qoyub, bu ölkədən rədd olmalıdırlar”.

Mikaelyan qeyd edib ki, nümayişlərdə cəmiyyətin müxtəlif təbəqələri iştirak edir və o, xüsusilə gənclərin onlara qoşulması vacibliyini deyib: “Gənc oğlanlarda 200-300 dram (erməni pul vahidi-R.R.) yoxdur ki, öz sevgililərinə çiçək alsınlar. Onlar başqa nə etməlidirlər ki? Əlac budur ki, çıxsınlar, döyüşsünlər və qələbə qazansınlar”.

“Qarabağ” komitəsinin üzvü Aşot Manuçaryan: “Sarkisyan ən axrıncı fahişə statusundan da aşağı səviyyədədir”

“Qarabağ” komitəsinin üzvü Aşot Manuçaryan da bildirib ki, etiraz dalğasında onların gənclərə böyük ehtiyacları var idi və bu fakt reallaşır. “Artıq gənclər ayağa qalxıblar və indi anlamağa başlayıblar ki, öz ölkəsinin ağası olmaq nədir”-deyə qeyd edən Manuçaryan əlavə edib ki, həmin gənclər yollarını azaraq, doğru olmayan nə isə edə bilərlər, ancaq onları günahlandır: “Bəzi “ağıllılar” belə gənclərn beynlərini yumaqla məşğuldrlar. Mənm həmin “ağıllılardan” soruşmaq istəyirəm ki, sizin işiniz yalnız hakimiyyətdən pul qazanmaqdan ibarətdir?”.

“Bu gənclərin atalarından oğurluq edirlər və nəticədə atalar xaricə gedirlər ki, öz ailələrini saxlasınlar. Bunlar isə heç nə etmədən, ayaqlarını rahatca uzadaraq, ailələrə göndərilən həmin pulları çeynəməlidirlər?!”-deyə Manuçaryan deyib.

Komitə sədri daha sonra bildirib: “Serj Sarkisyan artıq mövcud deyil. O, xalqla saziş bağladı və dedi ki, yeni konstitusiyanı qəbul edin, bundan sonra nə edibsə, etməyibsə, sakitcə çıxıb-gedəcək. O, xalqa anda içdi və indiyə qədər onlarla belə vədlər verib. Vədini pozan, andını pozan isə ən axırıncı fahişə statusundan da aşağı səviyyədədir”.

Fransanın “Liberation” nəşri: “Serj Sarkisyan hakimiyyəti əlində saxlamaq üçün hər şeyə hazırdır”

Fransanın nüfuzlu “Lberation” nəşrinin jurnalisti Aureliya Abdelbost yazıb ki, bir həftəyə yaxındır davam edən etiraz mitinqlərinə baxmayaraq, 2008-ci ildən hakimiyyətdə olan və hazırda həmin hakimiyyətini əldən vermək istəməyən Serj Sarkisyan minlərlə etirazçının tələblərinə məhəl qoymur. Fransalı jurnalist məqaləsində Nikol Paşinyanın “Bu gün mən Ermənistanda məxməri inqilabın başladığını bəyan edirəm” fikirlərini gətirir və yazır ki, bənzər hal 1989-cu ildə Çexoslovakiyada baş vermişdi. “Lakin xalq etirazları 63 yaşlı Serj Sarkisyanın həftənin çərşənbə axşamı günü hakim Respublika partiyasından baş nazir seçilməsinə mane olmadı” Aureliya Abdelbost yazıb.

“Nouvelles d’Armenie” jurnalının baş redaktoru Ara Toranyan: “Sarkisyana yalnız bir iş qalırdı, partiyasının hakimiyyəti idarə etməsi üçün özü-özünü baş nazir təyin etsin...”

Məqaləsində Fransa erməni təşkilatlarının koordinasiya şurasının (CCAF) həmsədri, “Nouvelles d’Armenie” jurnalının baş redaktoru Ara Toranyandan da sitat gətirən fransalı jurnalist qeyd edir: “İki maksimumu əldə etdikdən - yəni iki dəfə prezident seçildikdən sonra o, dövlət başçısı olmaq üçün hər şey etdi. Ssenari əvvəlcədən yazılmışdı, prezident özü-özünü sələfi kimi görmək istəyirdi, ancaq bunu edə bilmədiyi üçün 2015-ci ildə konstitusiya islahatları ilə bağlı referendum təyin etdi ki, bu da prezident rejiminin parlament rejimi ilə əvəzlənməsi ilə nəticəsini tapdı. Sarkisyana yalnız bir iş qalırdı, partiyasının hakimiyyəti idarə etməsi üçün özü-özünü baş nazir təyin etsin...”

Politoloq Stepa Safaryan: “Sarkisyan və onun partiyası xalqın başqa yolunun olmadığını zorla dərk etdirərək, sadə erməniləri belə düşünməyə vadar etdi.”

“Liberation” nəşrinə açıqlama verən erməni politoloqu Stepa Safaryan isə bildirib ki, hətta etirazlar hadisələrin gedişinə mane ola bilməsə belə, baş verənlər erməni xalqı üçün pozitivdir: “Onlar Respublika partiyasına nümayiş etdirirlər ki, vətəndaş mövqeyindən çıxış etdiyini iddia edən siyasi partiya demokratiyanı müdafiə etməlidir və heç bir halda hər şeyin ona məxsus olduğunu, qarşısına çıxan maneələrə məhəl qoymayaraq, nə istəsə edə biləcəyi amilini düşünməməlidir.

Sonda isə bildirilir ki, Safaryana görə, ermənilər mövcud Sarkisyan rejiminə simpatiya duymayıb və duymayacaq da: “Lakin Sarkisyan və onun partiyası xalqın başqa yolunun olmadığını zorla dərk etdirərək, sadə erməniləri belə düşünməyə vadar etdi”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə