Kök, bığsız, saqallı uşaqlar Köşə

Dünya yaranandan cinayətlər və bu cinayətlərə müvafiq də cəzalar olub. Tarixən cəzaların tətbiq edilməsi müxtəlif xüsusiyyətləri özündə birləşdirib. Bəylər, xanlar, şahlar və krallar öz hakimiyyətlərini qorumaq, iddia və tələblərini yerinə yetirmək üçün ən ağılasığmaz cəzaların tətbiq edilməsinə nail olublar. Şallaqlama, döymə vurma, qolun-qıçın kəsilməsi və nəhayət, ağlagəlməz işgəncələrlə insan həyatına son qoymaq.

Müasir dövrün tələbləri ilə insanların həyatına son qoymaq, sağlamlığına və yaşayışına təhlükə yaratmaq prinsiplərinə son verildi. Söz yox ki, ağrısız cəza olmur. Məhz buna görə də, cinayətə meyilli insanlar ağrıların tətbiq edildiyi mühitdən uzaqlaşmağa çalışırlar. Daha çox qanunsuzluğun hökm sürdüyü, özbaşınalığın at oynatdığı cəmiyyətlərdə yaşamağa meyil göstərirlər. Dünyanın bir parçısı olan Azərbaycanda beynəlxalq hüququn tələblərinə uyğun qanunlar mövcuddur. Qanunvericiliyə əsasən də, cinayət törətmiş şəxslər cəzalara məhkum olunurlar. 1998-ci ildən başlayaraq insanların ölüm hökmünə məruz qalmaları aradan qaldırıldı. Görünür, buna görədir ki, bəzi pozucu qruplar və radikal dini təriqətlər öz layihələrini icra etməkdə bir növ əl-qol açmaq imkanı qazanıblar. O təbliğatı aparmaq fikrində deyiləm ki, Azərbaycanda ölüm hökmü bərpa edilsin. Sadəcə, iki günlük uşağı quyuya atıb öldürənə, doğma qızını zorlayıb, sonra da həyatına qəsd edənə, küçədə xırda mübahisəni əsas gətirərək, gecə evə daxil olub, bir ailəni güllələyənə və digər amansız cinayətlər törədənlərə gün işığı görmək və ciyərləri dolusu hava udmaq haram olmalıdır.

Son vaxtlar məni və mənim kimi yüzlərlə insanı təəccübləndirən məqam saqqallı gənclərin daha çox üstünlük təşkil etməsidir. Az qala ümumtəhsil məktəblərində belə yuxarı sinif şagirdləri olan oğlanlar əcaib-qəraib saqqal saxlayırlar. Bəzi televiziyalarda yayımlanan teleserialara baxdıqda, adamı dəhşət bürüyür. Teleserialda rol alan aktyorların, demək olar ki, hamısı saqqallıdırlar. Saqal saxlamağın əleyhinə ola bilmərəm, ən az ona görə ki, böyük din xadimlərimiz, tarixi şəxsiyyətlərimiz saqqal saxlayıblar. Təbii ki, onların yaşları saqqal saxlamalarına imkan verib. Amma bu gün Azərbaycanda saqqal saxlamaq bir növ ənənyə çevrilib. Bir də görürsən ki, balaca boylu, kök bir uşaq saqqal saxlayır. Ən qəribəsi isə budur ki, bu uşaq üzündə tük saxladığı halda, bığını təraş edir. Buna nə ad vermək olduğunu demək çətin olsa da, iddialara görə, bu cür ənənə vəhabilikdən keçir. Deyilənə görə, vəhabi təriqətinin üzvləri özlərini vəhabi deyil, "sələfi" və ya "əhli-sünnə vəl cəmaaət" kimi təqdim etməyə çalışırlar. Ancaq onların özlərinə nə ad vermələrindən asılı olmayaraq, birmənalı şəkildə demək olar ki, bu cərəyan radikal düşüncəyə və əmələ sahibdirlər. "İŞİD" kimi qaniçən bir terror təşkilatın Suriyada və İraqda törətdikləri vəhşiliklər, nəinki yaxın illərdə, ümumiyyətlə on illər keçsə belə unudulmayacaq. Məhz vəhabilərin müəyyən qrupu "İŞİD"-in ideoloji siyasi xəttinin davamçılarıdır. Müsbət haldır ki, Azərbaycanda bu təriqətin daşıyıcılarının sayı kifayət qədər azdır. Düzdür, araşdırmalar və yayılan söhbətlər əsas verir deyək ki, bu təriqətin üzvləri fəaliyyətlərini geniş şəkildə qurmaqla sıralarını genişləndirmək fikrindədirlər. İddialara görə, bu cərəyan daha çox cəzaçəkmə müəssisələrində formalaşır və sayları artır. Necə və hansı formada? Bir dostumuzun dediyinə görə, cəzaçəkmə müəssisələrində olan vəhabilər heç nədən, o cümlədən, pal-paltardan, ərzaqdan korluq çəkmirlər. Onların özlərinə aid olan soyuducuları var. Müxtəlif qida məhsulları həmin soyuducularda saxlanılır. Əqidəcə zəif, imkansız, yanına gəlib-getməyən məhbuslar həmin vəhabilərin qurbanlarına çevrilirlər. Cəzaçəkmə müəssisələrinin özlərinin yeməkxanaları olsa da, yüksək kalorili qidalar, yemək qəbul etmək istəyində olan məhbus gözünü vəhabilərin soyuducusuna dikir.

Bu təriqətin daşıyıcılarını tanımaq heç də çətin deyil. Üzündə saqqal saxlamaları və qısa şalvar geyinmələri ilə özlərini ifşa edirlər. Arzuolunmaz faktdır ki, bəzən yetkinlik yaşına çatmayan uşaqlar da onların atdıqları tilova düşürlər. Yuxarıda qeyd etdiyim kimi, bəzi uşaqların üzlərində saqqal saxlamaları, heç nədən və heç bir əsas olmadan, eləcə də, dini bilgilərinin az olmasına baxmayaraq, dini mübahisələr etmələri təcrübəli yaşlı vəhabilərin təbliğatının nəticəsidir. Bu cür təhlükəli halların aradan qaldırılması üçün hər şeyi dövlətin üzərinə atmaq yalnışlıqdır. Hər birimizdə bir vicdan hissi olmalı, dini maarifləndirmə işi aparmalı, bir sözlə, vətəndaşlıq borcumuzu yerinə yetirməliyik.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə