İyulun 21-də Misirin Azərbaycandakı səfirliyi ölkənin milli bayramı - İyul İnqilabının 65-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib. Əvvəlcə Azərbaycanın və Misirin dövlət himnləri səsləndirilib. Misirin Azərbaycandakı səfiri xanım Suzan Cəmil Nuh inqilabdan ötən illərdə ölkəsinin keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, bu il Misir ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından 25 il ötür. Qardaşlıq, dostluq prinsipləri üzərində qurulan bu əlaqələr iki ölkənin daim qarşılıqlı dəstəyi ilə davam edib.

Diplomat xüsusi vurğulayıb ki, Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ və ətraf ərazilərinin geri qaytarılmasına və bütün torpaqları üzərində suverenliyinin bərpa edilməsinə yönəlmiş haqlı mövqeyi ilə bağlı BMT və İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi bütün qətnamələrin Misir tərəfindən dəstəklənməsi bunun bariz nümunəsidir. Suzan Cəmil Nuh bildirib ki, böyük Misir xalqı terrora qarşı mübarizəsində ona dəstək olan bütün dost və sülhsevər ölkələrin fəaliyyətini yüksək qiymətləndirir.

İqtisadiyyat naziri Şahin Mustafayev əlamətdar bayram münasibətilə Misir xalqını Azərbaycan Hökuməti adından təbrik edib. O bildirib ki, Azərbaycan ilə Misir arasında əlaqələr yüksək səviyyədədir. Ölkələrimiz arasında mədəni əlaqələr hələ qədim dövrlərdən mövcud olub. Azərbaycanın müstəqilliyinin bərpasından sonra bu münasibətlər digər sahələr üzrə də inkişaf etməyə başlayıb. Nazir ölkələrimiz arasında əlaqələrin həm ikitərəfli, həm də çoxtərəfli formatda xoş ənənələrə əsaslandığını bildirib. Azərbaycan-Misir əlaqələrinin bir çox sahələrdə uğurla inkişaf etdiyini vurğulayan Şahin Mustafayev hər iki ölkənin mövqelərinin beynəlxalq təşkilatlarda üst-üstə düşdüyünü söyləyib.

Nazir iqtisadi və mədəni sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinin son illərdə imzalanmış sənədlərdə əksini tapdığını qeyd edib. Misirin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin ədalətli mövqeyini dəstəklədiyinə görə təşəkkürünü ifadə edib. Şahin Mustafayev vurğulayıb ki, Azərbaycanın İslam dünyasına böyük rəğbət və dəstəyi nəticəsində bu il Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Nazir deyib ki, əlaqələrimizin ən intensiv olduğu sahə ticarətdir. Bu sahədə inkişaf üçün yaxşı potensial var. Bu yaxınlarda keçiriləcək Hökumətlərarası Komissiyanın dördüncü iclası bu sahədə əməkdaşlığa töhfə verəcək.

Qəbulda dövlət və hökumət rəsmiləri, səfirlər, ictimaiyyət nümayəndələri, deputatlar iştirak ediblər.(AZƏRTAC)

Bütün xəbərlər Facebook səhifəmizdə