Azərbaycan şərabları Çindao sərgisində

Çinin Şandun vilayətinin Çindao şəhərində Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) təmsil olunan ölkələrdən Çinə idxal olunan məhsulların sərgi-yarmarkası keçirilib. Çin İşgüzar Şurasının və Çindao Şəhər Xalq Hökumətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin açılış mərasimində çıxış edən vilayət hökumətinin və ŞƏT katibliyinin rəsmiləri sərgi-yarmarkanın Şanxay Əməkdaşlıq Təşkilatı ölkələri arasında ticarət əlaqələrinin və iqtisadi əməkdaşlığın inkişafını, bu ölkələrdən Çinə idxalın çoxalmasını təşviq etmək olduğunu deyiblər.

Sərgi-yarmarkada təşkilatın üzvü, müşahidəçisi və dialoq üzrə tərəfdaşı olan ölkələrdə istehsal olunan müxtəlif növ məhsullar satışa çıxarılıb. Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş statusu ilə təmsil olunan Azərbaycanın Çindəki səfirliyinin hazırladığı milli stenddə ölkəmizdə istehsal olunan ixracyönümlü və rəqabətqabiliyyətli məhsullar, əsasən şərab və spirtli içkilər nümayiş etdirilib. Azərbaycan stendini ziyarət edənlərə ölkəmizdəki əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, çap materialları təqdim edilib. Çindao sakinlərinin Azərbaycan məhsullarına marağı böyük olub.

Tədbir çərçivəsində Azərbaycanın turizm potensialına dair təqdimatda ölkəmizdə bu sahənin inkişafından, Bakıda və regionlarda müasir tələblərə cavab verən turizm mərkəzlərinin fəaliyyətindən söz açılıb.

Təqdimat zamanı Azərbaycanın turizm potensialına, Bakının “Ekspo-2025” Ümumdünya Sərgisinə ev sahibliyi üçün namizədliyinə, Azərbaycanda təşkil olunan beynəlxalq əhəmiyyətli tədbirlərə dair videoçarxlar nümayiş olunub. Həmin çarxlar sərginin davam etdiyi 3 gün ərzində geniş ekranda mütəmadi göstərilib.

Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı yerli jurnalistlərə müsahibəsində ölkəmizin son illər müxtəlif sahələrdə qazandığı uğurlar, Prezident İlham Əliyevin iki ölkə arasında münasibətlərin inkişafına verdiyi əhəmiyyət, Azərbaycan ilə Çinin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq imkanları barədə məlumat verib.

Çin kütləvi informasiya vasitələrinin sərgi-yarmarka haqqında hazırladığı materiallarda ölkəmiz, habelə Azərbaycanın tədbirdə fəallığı barədə danışılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...