Qərb Rusiya-Türkiyə əməkdaşlığından ehtiyatlanır..?

Ehtimal edilir ki, Avropa İttifaqı Türkiyəyə öz baxışını çatdırmağa və ümumiyyətlə vəziyyəti dəyişməyə çalışır

"...Qərb ölkələri Rusiya ilə Türkiyə arasında inkişaf edən münasibətləri həyəcanla izləyir. Onlar iki dövlətin enerji və ticarət sahəsində potensial birgə fəaliyyətindən narahatdırlar”.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Financial Times” öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, altı qərb rəsmisi Rusiya və Türkiyənin ticarət və enerji sahələrində yeni sazişlər bağlamaq niyyətinin narahatlıq doğurduğunu etiraf ediblər. Bu qərar Rusiya və Türkiyə dövlətlərinin liderləri Vladimir Putin və Tayyib Ərdoğanın danışıqlarından sonra məlum olub.

Adının açıqlanmasını istəməyən Avropa rəsmilərindən biri “Financial Times”a Avropa İttifaqı Rusiya ilə Türkiyə arasında inkişaf edən münasibətləri diqqətlə izlədiyini bildirib.

Nəşrin digər həmsöhbəti isə Ankaranın Moskvaya qarşı davranışını “fürsətçi” adlandırıb. Onun sözlərinə görə, Avropa İttifaqı Türkiyəyə öz baxışını çatdırmağa və ümumiyyətlə vəziyyəti dəyişməyə çalışır.

Qeyd edək ki, “Financial Times” ilə danışan rəsmilər Türkiyəyə qarşı heç bir məhdudlaşdırıcı tədbirin hələ müzakirə edilmədiyini etiraf ediblər.

Yeri gəlmişkən, bütün dövlətləri “öz çətiri altında görmək istəyən” Birləşmiş Ştatlar Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan yayınmağa çalışanların xoşagəlməz nəticələrlə üzləşəcəkləri ilə bağlı dəfələrlə xəbərdarlıq edib.

Xatırladaq ki, avqustun 5-də Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın Rusiyanın Soçidəki iqamətgahında götüşü olub. İki siyasi liderin görüşü Rusiya dövlətinin başçısının kabinetində baş tutub. Xüsusilə, Soçidəki danışıqların yekunları üzrə prezidentlər ticarətin artırılması, nəqliyyat və turizm sahələrində əməkdaşlıq barədə razılığa gəliblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə