Avropaya qeyri-qanuni miqrasiya axınına həsr olunmuş zirvə görüşü keçirilib

İyunun 18-də Vyanada Qərbi Balkan ölkələrinin hökumət başçılarının iştirakı ilə Avropaya qeyri-qanuni miqrasiya axınına həsr olunmuş zirvə görüşü keçirilib.
SİA xəbər verir ki, Avstriyanın dəvəti əsasında təşkil olunun toplantıda Bosniya və Herseqovina, Monteneqro, Kosovo, Şimali Makedoniya və Serbiyanın hökumət rəhbərləri, eləcə də Avropa İttifaqının xüsusi nümayəndəsi Miroslav Layçak iştirak ediblər.
Konfransdan öncə Avstriyanın Federal Kansleri Sebastian Kurts mətbuata verdiyi açıqlamada bildirib ki, Qərbi Balkan ölkələri qeyri-qanuni miqrasiya axınına qarşı birgə mübarizənin tərəfdarıdırlar.
Kansler əlavə edib ki, tarixi və mədəni kontekstdə Qərbi Balkan regionu Avstriya üçün mühüm əhəmiyyətə malikdir. Ona görə də Avstriya bir sıra sahələrdə, xüsusilə də pandemiyaya qarşı mübarizə sahəsində də bu ölkələrlə sıx əməkdaşlıqda maraqlıdır. Aİ ölkələri arasında mövcud səfər qaydaları və “yaşıl pasport“ sistemi bu ölkələrlə də koordinasiya edilməlidir. Eyni zamanda, Avstriya tərəfi Qərbi Balkan ölkələrinə avqust ayından etibarən ümumilikdə bir milyon peyvənd dozası göndəriləcəyini vəd edib.
Federal Kansler həmçinin bildirib ki, konfransda Qərbi Balkan ölkələrinin Aİ-yə üzvlük perspektivləri və bu ölkələrdən keçməklə Avropaya yönələn qeyri-qanuni miqrasiya marşrutlarının qarşısının alınması imkanları əsas müzakirə mövzusu olacaq. Hazırda Yunanıstan və Qərbi Balkan ölkələrində 80 min qaçqının Mərkəzi və Qərbi Avropaya keçməyə can atdığı və pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə belə bir axının mümkün olacağı ehtimal olunur. Qeyd olunub ki, qeyri-leqal miqrasiyanın qarşısının alınması ilə yanaşı, sığınacaq hüququndan sui-istifadə edən şəxslərin readmissiyası üçün xüsusi plan hazırlanıb, hazırda bu plan Şimali Makedoniya, Bosniya və Herseqovina və Serbiyada tətbiq olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə