“Korrupsiya ilə mübarizə koronovirus əleyhinə mücadilə qədər aktual məsələyə çevrilib” ÖZƏL-MÜNASİBƏT

Korrupsiya bir bəladır və bu bəla koronovirus bəlasından daha təhlükəlidir desəm yəqin ki, səhv etmərəm, çünki virus nə vaxtsa son tapacaq, amma korrupsiya isə dövlətçiliyimizə, millətimizin gələcəyinə vurulan zərbədir. Bu sözləri SİA-ya müsahibəsində politoloq Yusif Bağırzadə deyib.

Politoloqun sözlərinə görə, məhz bu səbəbdəndir ki, bu gün korrupsiya ilə mübarizə koronovirus əleyhinə mücadilə qədər aktual məsələyə çevrilib.
"Cənab Prezidentin uzun illərdir ki, korrupsiya ilə mübarizə sahəsində atdığı addımlar, aparılan davamlı siyasət bu gün artıq öz bəhrəsini verməkdədir. İcra hakimiyyəti başçılarının həbsi, nazirliklərdə aparılan yoxlamalar, korrupsiyada adı hallanan dövlət məmurlarının işdən uzaqlaşdırılması və s. bu kimi hallar bir daha onu göstərir ki, aparılan siyasət dövlət idarəçiliyi sisteminin bütün sahələrini əhatə etməklə strateji xarakter daşıyır və dövlətimiz üçün çoxşaxəli əhəmiyyətə malikdir.
Yeni Baş Prokurorun təyin edilməsi də bu istiqamətdə atılan addımların ən vacib tərkib hissələrindəndir. Belə ki, bu təyinat yeni təyin edilmiş Baş Prokurorun korrupsiyaya qarşı mübarizə sahəsində uğurlu təcrübəsini daha geniş miqyasda tətbiq etməyə imkan verəcək.
Eyni zamanda yaxın vaxtlarda korrupsiyaya qarşı mübarizə komissiyasının tərkibinin də dəyişdirilməsi istiqamətində addımlar atılacaq ki, bu da heç şübhəsiz mübarizənin effektliyinin artmasına gətirib çıxaracaq. Mərkəzi hakimiyyət və yerli icra hakimiyyəti qurumlarında aparılmış əməliyyatlar, başlanmış araşdırmalar bütün dövlət qurumalarında sağlamlaşmanın vüsət almasına təkan verəcək.
Lakin xüsusi olaraq qeyd olunmalıdır ki, korrupsiyaya qarşı mübarizə təkcə bu və ya digər dövlət qurumunun vəzifəsi olmamalıdır. Bu mübarizədə hər bir vətəndaşımızın üzərinə vəzifə düşür. İctimai nəzarətin artırılması, baş verən neqativ hadisələrlə bağlı müvafiq qurumların məlumatlandırılması, korrupsiya faktlarının ictimailəşdirilməsi bu bəla ilə mübarizədə olduqca vacib şərtlərdən biridir", deyə Yusif Bağırzadə bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə