“Moskva ildən-ilə gələcəyini Pekinə girov qoyur”.

NATO rəhbəri Putinin strateji səhvinin Rusiya Federasiyası üçün nəticələrindən danışıb

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsini Rusiya liderı Vladimir Putinin “strateji səhvi” adlandırıb və Rusiya üçün bir sıra nəticələri dilə gətirib.

“...Ukrayna irəliləyərkən, Rusiya siyasi, hərbi və iqtisadi baxımdan tənəzzülə uğrayırdı”.

Bunu deyən Stoltenberqin fikrincə, Rusiyanın siyasi tənəzzülü ondan ibarətdir ki, o, qonşuları arasında - təkcə Ukraynada deyil, Qafqaz və Mərkəzi Asiyada da təsirini itirir.

...Eyni zamanda, getdikcə Çindən asılı vəziyyətə düşür. Stoltenberqin dediyinə görə, “Moskva ildən-ilə gələcəyini Pekinə girov qoyur”.

Baş katib əlavə edib ki, Rusiya ordusu qüvvələrinin əhəmiyyətli hissəsini - yüzlərlə təyyarəni, minlərlə tankı və 300 mindən çox hərbi qulluqçusunu itirib.

Onun sözlərinə görə, Rusiya indi iqtisadi baxımdan böyük təzyiq altındadır: qaz və neft gəlirləri azalır, Rusiyanın bank aktivləri sanksiyalar altındadır, mindən çox xarici şirkət ölkədə fəaliyyətini azaldıb və ya dayandırıb, ötən il 1,3 milyon insan Rusiyanı tərk edib.

“Bütün bunlar Putinin Ukraynanı işğal etməkdə etdiyi strateji səhvi vurğulayır”.

Bunu da Stoltenberq bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə