Batut gimnastikası və tamblinq üzrə dünya kuboku keçiriləcək

Azərbaycan Gimnastika Federasiyası 2020-ci ilin beynəlxalq yarışlar mövsümünə batut gimnastikası və tamblinq üzrə dünya kuboku ilə start verəcək. SİA-nın məlumatına görə, fevralın 15-16-da baş tutacaq builki turnir də Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

Yarışda 30 ölkədən 150 gimnast birincilik uğrunda mübarizə aparacaq. Turnirdə ölkəmizi batut gimnastikası yarışlarında Selcan Maqsudova, tamblinqdə isə Fərid Mustafayev təmsil edəcəklər.

İki gün davam edəcək yarışların birinci günündə təsnifat, ikinci günündə isə final mərhələləri baş tutacaq. Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Xatırladaq ki, ötən il Bakıda baş tutmuş batut gimnastikası üzrə dünya kuboku da Olimpiadaya təsnifat xarakteri daşıyırdı. 2018-ci ildə isə paytaxtımız 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə ilk dəfə Avropa çempionatına ev sahibliyi edib. Gələn il Azərbaycanda ilk dəfə batut gimnastikası üzrə dünya çempionatı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...