Azərbaycan Qran-Prisi üçün marşalların qeydiyyatı davam edir Formula 1

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) nəzdində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) iyunun 5-7-də Bakıda növbəti dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisinin Marşal Proqramı üçün qeydiyyatı davam etdirir.

SİA-nın məlumatına görə, növbəti yarışın Marşal Proqramına 100-ü xarici olmaqla, ümumilikdə 1300-ə yaxın marşalın cəlb olunması nəzərdə tutulub. Proqramda yaşayış yerindən asılı olmayaraq yaşı 21-dən yuxarı olan hər kəs iştirak edə bilər.

Proqrama cəlb olunmuş marşallar Formula 1 Azərbaycan Qran-Prisinin yarış həyəcanını trekə ən yaxın yerdən yaşamaq imkanına sahib olacaqlar. Həmçinin Formula 1 yarış həftəsonunu uğurla başa çatdıran hər bir marşala Azərbaycan Avtomobil Federasiyası (AAF) tərəfindən Beynəlxalq Avtomobil Federasiyasının (FIA) marşallıq fəaliyyətinə dair lisenziya təqdim olunacaq. Marşal Proqramı haqqında ətraflı məlumatı klubun rəsmi veb-saytı və “Facebook” səhifəsindən əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə