44 günlük dastanın müəllifi – Azərbaycan Ordusu

Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoyulan Milli Ordumuzun yaranmasının 104-cü ildönümünə hazırlaşırıq. 1918-ci ildə Şərqdə ilk demokratik respublikanın qurulması tarixin şanlı səhifəsi kimi xatirələrdə yaşayacaq. Cəmi 23 ay yaşasa da, Azərbaycan Xalq Cümhuriyyəti özünü bütün keyfiyyətləri ilə dünyaya təqdim edə bilmişdi. Ölkənin sərhədlərini, xalqı isə daxili düşmənlərdən və xarici müdaxilələrdən qorumaq üçün təcili olaraq ordununu yaradılması lazım idi. Cümhuriyyətin qurulmasının 28-ci günündə - Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi diviziya" adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradılıb. Bu ordu Bakının yadellilərdən azad edilməsində, erməni daşnaklarına qarşı Qarabağda, Naxçıvanda, Gəncədə, Şamaxıda aparılan mübarizələrdə misilsiz şücaət göstərmiş, torpaqlarımızın azad edilməsində düşmənə qarşı mərdliklə vuruşmuşdur.

Amma 23 aylıq ömrü olan Cümhuriyyətimiz 1920-ci ildə bolşeviklər tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilərək, həmin funksiya Xalq Hərbi Komissarlığına verildi, Azərbaycan ordusunun 21 generalından 15-i bolşeviklər tərəfindən güllələndi. İkinci Dünya müharibəsindən sonrakı dövrdən 1969-cu ilədək Azərbaycanda hərbi kadr hazırlığına Sovet İttifaq rəhbərliyi yenə də qısqanc münasibət bəsləyirdi. 1971-ci ildə böyük səylər nəticəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəb olan Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. Azərbaycanın böyük oğlu Heydər Əliyev sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması da mümkün olmuşdu. Azərbaycanda hərbi məktəblərin yaradılmasında Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi çox önəmli rol oynamışdır. O Azərbaycanın müstəqil olacağına inanırdı və buna görə də ölkəmizdə hərbi məktəbin yaradılmasına çox həvəslə və israrla yanaşırdı. Vaxt gələcəkdi, Azərbaycan müstəqillik əldə edəcəkdi və erməni təcavüzünə qarşı mübarizədə Azərbaycandakı hərbi məktəbləri bitirən zabitlər ön sıralarda gedəcəkdi...

Ulu Öndər deyirdi: "Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm, C.Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona bax, bu cür baxacağam".

Azərbaycan Ordusunun formalaşdırılması sahəsində Heydər Əliyevin tarixi fəaliyyyətinin ilk addımları Naxçıvanda atıldı. Böyük dövlət xadiminin muxtar respublikadakı qısa fəaliyyəti bir daha göstərdi ki, məsqədyönlü, milli maraqları qoruyan siyasət yeridilməsi, xalqın milli maraqlar ətrafında birləşdirilməsi ən mürəkkəb vəzifələri belə həyata keçirməyə imkan verir. Heydər Əliyev parlaq zəkası və bənzərsiz təşkilatçılıq qabiliyyəti ilə həm Naxçıvanın erməni təcavüzündən müdafiəsini, həm də burada milli hərbi hissənin sağlam əsaslar üzərində formalaşmasını təmin etdi və bununla da respublikanın iqtidarında olan qüvvələrə də dövlətçilik nümunəsi göstərdi.

Ordu quruculuğunun səmərəliliyinə nail olunmasının başlıca şərtlərindən birini Heydər Əliyev xalqın qüvvəsinə arxalanmaqda, xalqla vəhdətdə görürdü. O, xalqın gücü qarşısında hər cür qüvvənin sönük olduğunu təsdiq edir və öz fəaliyyətinə də ən böyük dəstəyi xalqın etibarında və etimadında görürdü. Ölkə həyatının ən böyük problemlərinin həllində də o, məhz xalqın gücünə arxalanırdı və ölkə həyatının mürəkkəb anlarında da xalqı ayağa qaldırmağı və milli mənafelər ətrafında onu səfərbər etməyi bacarırdı.

Azərbaycanda ordu quruculuğunun yeni əsaslar üzərinə qoyulmasının və qısa müddət ərzində yeni ordunun formalaşdırılmasının başlıca şərtlərindən biri də məhz Heydər Əliyev tərəfindən bütün xalqın bu prosesə cəlb edilməsi idi. Ölkədə mövcud olan ən müxtəlif mürəkkəbliklər arasından Heydər Əliyevin müstəsna fəaliyyəti ilə respublikanın siyasi böhran və girdabdan çıxarılması adi baxışdan inanılması bir qədər çətin olan bir möcüzəyə oxşayırsa, ordunun böhrandan çıxarılması həmin möcüzənin təkrarı idi. Bu sahədə mövcud olan problemlər son dərəcə çoxşaxəli idi və müəyyən hallarda qeyri-adekvat tədbirlərin həyata keçirilməsi zərurəti də son dərəcə aktual idi. Lakin bu problemlər də həll edildi. Heydər Əliyev bu sahədə də bir möcüzə yaratdı, Azərbaycan Ordusunu məhv olmaqdan, dağılmaqdan xilas etdi, qısa müddət ərzində güclü və təşkilatlanmış bir ordu yaratdı, ordu quruculuğuna münasibətdə yeni bir baxış formalaşdırdı və Azərbaycan Ordusunu da Azərbaycanın müstəqilliyinin dəyərli reallıqlarından birinə çevirdi.

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Hərtərəfli güclənən, hərbi qüdrəti, döyüş qabiliyyəti artan Azərbaycan Ordusu böyük inkişaf yolu keçib. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın bütün strateji əhəmiyyətli sahələrində dinamik inkişafa yol açan ardıcıl və sistemli islahatları həyata keçirən dövlət başçısı ordu quruculuğuna da xüsusi diqqətlə yanaşır. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən, hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir.

Azərbaycan Ordusunun 44 günlük müharibəsini XXI əsrin müharibəsi adlandırırlar. Biz bu müharibəyə hazırlaşırdıq və bu sirr deyil. Bu barədə Prezidentimiz cənab İlham Əliyev belə deyirdi: “Hərbçilərlə görüşlərimdə deyirdim ki, əgər düşmən torpaqlarımızdan öz xoşu ilə çıxmasa, məcbur edəcəyik onları, qovacağıq torpaqlarımızdan, güc amili öz rolunu oynayacaqdır və belə də oldu, 44 günlük müharibənin hər bir günü zəfər günü idi”. Prezident, Ali Baş Komandan İlham Əliyevin qüdrətli ordumuz haqqında söylədikləri Vətən müharibəsində təsdiqləndi. Dünyanın ən güclü orduları arasında yer alan Azərbaycanın Silahlı Qüvvələrinin əsgər və zabitləri nəyə qadir olduqlarını qazandıqları zəfərləri ilə bəyan etdilər.

Müharibələr tarixində təkrarolunmaz hərbi taktika və strategiyası ilə diqqət çəkən Azərbaycan Ordusu təchizatı, nizam-intizamı, hərbi hazırlığı ilə nümunə göstərildi. Bir çox ölkələrin hərbi ekspertlərinin də qeyd etdikləri kimi , ən müasir, beşinci nəsil silahlarla təmin olunmuş Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi rəşadət XXI əsrin döyüş təcrübəsidir. Prezident İlham Əliyevin gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır fikri həyatda əksini tapdı. İndi Azərbaycan bayraqları təkcə Şuşada deyil, işğaldan azad olunmuş şəhərlərdə, kəndlərdə, yüksəkliklərdə dalğalanır. Bu zəfərin müəllif Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimizdir. Torpaqlarımızı düşmən əsarətindən öz gücü, bacarığı ilə azad edən əsgərlərimiz düşməni diz çökməyə məcbur etdi, Ermənistan rüsvayçı təslimçilik aktını imzaladı.

Bu uğurlar son illərdə ölkədə ordu quruculuğu istiqamətində aparılan islahatların, “Nəyi nə vaxt, necə edəcəyimizi bilirik” söyləyən Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik qətiyyətinin məntiqi nəticəsi idi. Bu qələbə həm də Azərbaycan –Türkiyə qardaşlığının sarsılmazlıq nümunəsi kimi tarixə yazıldı. 44 gün davam edən müharibədə xalqımıza mənəvi, siyasi dəstəyini əsirgəməyən Türkiyə əsrlərdən bəri qorunub saxlanılan qardaşlığa sadiq qaldı.

Bakının erməni işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda “Yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də biz bir yerdəyik. Yüz il bundan əvvəl Nuru Paşanın komandanlığı altında yeni yaradılmış Azərbaycan Milli Ordusu könüllülərlə birlikdə Bakını işğalçılardan azad etdi” söyləyən, hər iki qardaş ölkə arasındakı hərbi əməkdaşlığı, keçirilən birgə hərbi təlimləri yüksək dəyərləndirən Prezident İlham Əliyev fəxrlə qeyd etdi ki, Türkiyə və Azərbaycan əsgərlərinin yan-yana dayanması birliyimizin, gücümüzün göstəricisidir.

Bu gün Azərbaycan Ordusunun NATO standartlarına uyğun hazırlanmasında da bu qardaşlığın böyük rolu, dəstəyi olub. Ənənəvi olaraq hər il Azərbaycan –Türkiyə hərbi qüvvələrinin birgə iştirakı ilə keçirilən “TurAZ Qartalı” kimi digər təlimlər nəticəsində hərbi əməkdaşlıq daha da möhkəmlənir.

Paytaxtımızın Azadlıq meydanında Qələbə münasibətilə keçirilən Zəfər paradında Türkiyə-Azərbaycan birgə qardaşlığını “Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk” sözləri ilə ifadə edən Prezident İlham Əliyev Qələbəmizə Azərbaycan xalqı qədər sevinən dost ölkə ilə illərdən bəri davam edən hərbi əməkdaşlığı yüksək qiymətləndirdi.

Bəli, bu gün Azərbaycan Ordusu 44 günlük müharibədə Zəfər əldə etmiş, Şuşaya Qələbə bayrağını asmış ordudur. Xalqımızın başının dik, Azərbaycan bayrağının daim ucalarda olmasını təmin edən də silahlı qüvvələrimizdir. Yaşasın Azərbaycan Ordusu!

Aydın HÜSEYNOV,

Milli Məclisin deputatı

Bütün xəbərlər Facebook səhifəmizdə