Narkoman qadın ana ola bilər? - ARAŞDIRMA

Dünyada hər il 358 min qadın hamiləlik və doğuşun ağırlaşması səbəbindən ölür və hər il 15-19 yaşlı gən qızların 15 milyonu doğum edir. Onlardan 4 milyonu qanuni və qeyri-qanuni yollarla hamiləliyini sonlandırır.

Azərbaycanda narkomaniya xəstəliyinə düçar olmuş qadınların sayı kişilərə nisbətən az olsa da (2012-ci ildə qadınların ümumi sayı 528, 2013-cü ildə isə 539 nəfər), onların sayı ildən-ilə artır.

qadın narkomanların əksəriyyəti narkomaniyanın ən ağır forması olan inyeksion narkotik istifadəçiləridir. 2012-ci ildə belə narkoman qadınların sayı 379 olduğu halda, 2013-cü ildə onların sayı 393 nəfər olub.

Azərbaycanda 2012-ci ildən narkomaniya xəstəliyinə düçar olmuş ümumi şəxslərin sayı 27 910 nəfər olub. Onlardan 1247 nəfəri 15-24 yaş arasında olan şəxslər olduğu halda, 2013-cü ildə narkomaniyaya düçar olmuş 28 376 nəfərdən 4-ü 15-17 yaş arasında, 1324 nəfəri isə yaşı 18-24 yaş arasında olan şəxs olub. 25-29 yaş arasında olan 3850 nəfər narkomanın 43-ü qadın olub. Yeniyetmə və gənc narkomanların sayı 1 il ərzində 100 nəfər artıb.

Əvvəlki illərlə müqayisədə Azərbaycabda narkotik istifadəçilərin sayının artması tendensiyası müşahidə olunur. Belə ki, 2019-cu ildə qeydiyyatda olan narkotik istifadəçilərinin ümumi sayı 32 min 921 nəfər idisə, 2020-ci ildə 33 min 788, ötən il isə bu göstərici 34 min 602 nəfər təşkil edib.

Azərbaycanda narkomaniya xəstəliyinə düçar olmuş qadınların və yeniyetmələrin sayı kişilərə nisbətən dəfələrlə azdır. 2019-cu ildə 641 qadın və 9 yeniyetmə, 2020-ci ildə müvafiq olaraq 618 qadın və 9 yeniyetmə, 2021-ci ildə isə 566 qadın və 14 yeniyetmə qeydiyyata alınıb.

Qeydiyyatda olan narkotik istifadəçiləri arasında opioid tərkibli preparatların istifadəçiləri (F11-24 min 850 nəfər), kannabinoid (F12-9 min 752 nəfər) və psixostimulyator istifadəçiləri (F15-3 min 107 nəfər) əksəriyyət təşkil edir.

Dünyada hər üç qadından biri müxtəlif növ (fiziki, cinsi, psixoloji, iqtisadi) zorakılığa məruz qalır. Xüsusilə yeniyetmə hamilə qadınlarda zorakılığa məruz qalma nisbətinin daha yüksək olduğu bildirilir. Hər il 5 min qadın namus məsələsinə görə öldürülür.

Türkiyədə spirtli maddə istifadə nisbəti Avropa ölkələri ilə müqayisə edilir və ABŞ-dan aşağı olduğu bildirilsə də, spirt-maddə istifadə tezliyinin gündən-günə artdığı müəyyən edilir. Türkiyə Narkotik və Narkomaniya Monitorinqi Həyat Mərkəzinin (TÜBİM) məlumatlarına görə narkotik istifadəsi kişilərdə 3,5%, qadınlarda isə 2,6% təşkil edir.

Spirt istifadəsi ilə yaranan asılılıq bir çox sistemi təsir edir və fərdin fiziki, zehni, sosial, reproduktiv və cinsi sağlamlığına təsir edir.

Bunun reproduktiv sağlamlığa mənfi təsir etdiyi və reproduktiv sağlamlıq problemlərinə səbəb olduğu bildirilir Narkotika və alkoqol istifadə edən qadınlar cinsi yolla keçən infeksiyalar baxımından risk altındadır. Tədqiqatlar spirtli içkidən asılı qadınların cinsi partnyor seçimində diqqətsiz olduqlarını vurğulayır.
Onların 21,7 faizində narkomaniya zamanı reproduktiv sistem infeksiyası olduğu müəyyən edilmişdir. Qadınlara təsir edən digər mühüm problem qadınlara qarşı zorakılıqdır.
Qadınlara qarşı zorakılıq təkcə sağlamlıq problemi deyil. Spirt və ya narkotik maddə istifadə edən qadın “zəif iradəli, asanlıqla əldə oluna bilən qadın” olaraq təyin olunur. Bu səbəbdən spirtli içki aludəçisi qadınlara qarşı şiddət növləri var.

Alkoqol və narkotik aludəçisi olan qadınlar çoxlu cinsi partnyorlara sahib olmaqla, pul və ya maddə qarşılığında qorunmayan cinsi əlaqəkimi riskli cinsi hərəkətlər edə bilərlər. Buna görə bir qadının hamilə qalma ehtimalı
yüksələ bilər. İstənməyən hamiləlik nisbətləri sağlam qadınlara nisbətən spirt və maddə asılılığı olan qadınlarda daha yüksəkdir.

Maddə istifadəsi baxımından həm asılılıq prosesinin başlaması, həm də sağalması ilə bağlı araşdırmalarda kişilər və qadınlar arasında müəyyən fərqlərin olduğunu görürük. Yeniyetmə oğlanlar narkomaniya prosesinə daha tez cəlb olunur, yeniyetmə qızlar isə daha az və daha gec iştirak edirlər.

Bəs, narkotikadan istifadə qızlarda gələcək üçün hansı problemlərə səbəb ola bilər? Onların ana olması nə dərəcədə düzgündür? Onlar gələcək nəsillərə hansı mesajlar yollayır? SİA mövzu ilə bağlı həkim, ekspert və psixoloqların fikirlərini öyrənib.

Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə: “Gənclərin, xüsusilə də gənc qızların narkotik vasitələrdən istifadə etməsi faciədir. Bu, insanın həyatının ən gözəl çağında uçurumun dibinə yuvarlanması deməkdir. Təəssüf ki, insanı düşdüyü uçurumdan xilas etməyə həmişə adam olmur. Buna görə də gənclərimiz pis vərdişlərdən, xüsusilə narkotik asılılığından uzaq olmalıdırlar.

Gənc qız gələcəyin anası, bir evin xanımıdır. Narkotika qəbul edən qız dünyaya necə sağlam övlad gətirə bilər? Bu cür pis yolun yolçusu olan qadın necə yaxşı ana, yaxşı xanım ola bilər? Mən təsəvvür etmirəm ki, hansısa oğlan narkoman qızı alsın. Özəlliklə Azərbaycan kimi Şərq ənənələrinin hakim olduğu ölkələrdə bu cür həyat tərzi qəbuledilməzdir. Qızlarımız da bunun fərqində olmalıdır. Yıxılan adama əl uzatmaq, onu yerdən qaldırmaq hamımızın borcudur. Amma insan uçurumun dibinə yuvarlananada ona əl uzatmaq, düşdüyü bataqlıqdan çəkib çıxarmaq mümkün olmur. Çünki niyyətimiz nə qədər xoş olsa da, o uçurum dibinə uzanacaq qədər uzun əl-qolumuz yoxdur”.

Psixoloq Leyla Əli: “Narkotika əsrimizin bəlasıdır. Çoxları bunun sadəcə kişi cinsinin nümayəndələri tərəfindən istifadə olunduğunu düşünsə də, narkotikdən istifadə edən qadınlar da az deyil.

Qadınlar fiziki olaraq istifadə edilən maddələrin təsirinə daha çox həssasdırlar, ona görə də asılılığa daha çox meyillidirlər. Onlar özgüvənlərini artırmaq, gərginliyi azaltmaq, problemlərin öhdəsindən gəlmək və ya arıqlamaq üçün siqaret, spirtli içkilər və ya narkotikdən istifadə edirlər. Hər bir halda hər iki cinsin nümayəndəsinin bu bəlaya maraq etməsinin arxasında psixoloji səbəblər,travmalar,sevgisizlik,dəyərsizlik hissi və s. yatır.
Ana olmaq əlbəttə ki,hər bir qadının haqqıdır. Müalicə müddəti bitdikdən sonra onlar da övlad dünyaya gətirə bilərlər. Ancaq hamiləlik dövründə narkotik istifadəsi ana ilə bərabər uşağın sağlamlığı üçün də birbaşa təhlükə yaradır. Ümumiyyətlə, narkotikin istifadəsi gələcək nəsillərə mənfi nümunədir. Bu səbəbdən uşaqları elə sağlam ruhda və cəmiyyətdə böyütməliyik ki, zərərli maddələrdən həzz almaq onlar üçün xoşbəxtliyin tək açarı olmasın”.

Cərrah mama-ginekoloq Ləman Əliyeva: “Narkotik və ya alkoqolik maddələr qəbul edən hamilə qadınlar risk qrupuna aiddir. Yəni, onların həm hamiləlik dönəmində, həm də hamiləlikdən sonra dünyaya gətirdiyi uşaqlar risk qrupundadır.

Tam dəqiq olaraq hansı fəsadların ortaya çıxmasını demək olmur. Lakin, izah edilməlidir ki, bütün belə hamilələr müalicəyə yönləndirilsin. Xüsusi xəstaxanalar var ki, bu tip kateqoriya ilə məşğul olurlar. Orada düzgün müayinə və müalicə olunmalıdırlar. Çünki sonradan doğulacaq uşaqlar bütün dövrlərdə risk qrupunda ola bilər”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə