Lənkəranda 20 Yanvar faciəsinin 32-ci ildönümü qeyd olunub

Azərbaycan xalqının milli azadlıq mübarizəsinin zirvəsi olmuş1990-cı ilin qanlı 20 Yanvar faciəsindən artıq 32 il keçir. SİA-nın məlumatına görə, faciənin 32-ci ildönümü ölkəmizin hər yerində olduğu kimi Lənkəranda da geniş qeyd olunur, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində müxtəlif səpgili toplantılar, görüşlər keçirilərək hadisələr zamanı həlak olmuş şəhidlərin xatirəsi ehtiramla yad edilir. Yanvarın 20-də isə səhər saatlarından başlayaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların əmək kollektivləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri, minlərlə ictimaiyyət nümayəndələri Zəfər bayramı ərəfəsində başdanbaşa yenidən qurularaq üzərində şəhidlərin şəkilləri əks olunmuş qara lövhələrlə əhatələnmiş “Şəhidlər Xatirə abidə kompleksi”ni ziyarət edib önünə tər çiçəklər düzərək azadlıq uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini dərin ehtiram hissi ilə anıblar. Mərasim zamanı şəhidlərin ruhuna dualar oxunub.

Sonra İcra başçısı abidə önundə 20 yanvar şəhid ailə üzvləri və əlilləri ilə görüşüb söhbət edib, bir daha qayğıları ilə maraqlanıb.

Həmin gün saat 12:00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, nəqliyyatın hərəkəti dayanıb, maşınlardan səs siqnalları verilib.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...