Uşaqların tərbiyəsi ilə KİM MƏŞĞUL OLMALIDIR? - SORĞU

Valideynlər övladlarına hər şeyin ən yaxşısını vermək üçün çox güc və enerji sərf edirlər. Günümüzdə isə uşaqlarının tək savadlı olması deyil, eyni zamanda dünyagörüşlü olması da bir çox valideyn üçün çox böyük önəm kəsb edir. Lakin bəzən kənardan müdaxilələrin olması valideynin uşaqlarını istədiyi kimi böyüdə bilməməsi və uşaqların ərköyün olması ilə nəticələnə bilər. Bu cür kənar müdaxilələrdən birincisi isə nənə və babaların uşaqların könlünü xoş tutmaq üçün atdıqları yanlış addımlar olur. Bəs həqiqətən bir uşağın tərbiyəsində valiyenlər qədər nənə və babanın da rolu böyükdürmü? SİA olaraq şəhər sakinlərinin fikirlərini öyrənməyə çalışdıq:

Şəhər sakini Vasif Əsədli: "Adətən övladların tərbiyə olunmasında oğlan uşaqlarına ata, qız uşaqlarına isə ananın nəzarəti daha güclü olur. Eyni zamanda nümunəvi ailədən söhbət gedirsə, təbii ki, orada nənə və babanın rolu böyük olur. Məsələn, bizim ailədə uşaqlarımız daha çox nənə və babanın yanında olub və hər zamanda onların uşaqlara xeyri olub ki, ziyanı olmayıb".

Şəhər sakini Raifə Qasımova: "Uşaqların tərbiyəsi əsasən valideynlərindən asılıdır. Yəni ilkin tərbiyəni birinci valideyn verməlidir. Nənə və babanın isə dünya görüşü daha çox olduğu üçün uşaqlara verə biləcəkləri tərbiyə də daha yaxşıdır. Hər bir halda isə bir uşağın cəmiyyətə yararlı olması həm ana və ata, həm də nənə və babanın verdiyi tərbiyəyə bağlıdır".

Şəhər sakini Elçin Əhmədov: "İlk növbədə valideyn uşaqları ilə məşğul olmalıdır, xüsusilə də analar. Çünki ata işə gedir. Adətən uşaq daha çox anasını görür və ondan öyrənir. Amma uşağın gələcəyi üçün baba və nənənin də uşağın tərbiyəsində böyük rolu olur.

Şəhər sakini Bəyim Mirzəyeva: "Ailədə uşaqların tərbiyəsində ata ilə ananın rolu böyükdür. Həmişə deyirlər ki, uşaq ailənin güzgüsüdür. Uşaqlar nənə və baba yanında böyüdükdə isə uşaq daha ərköyün olur. Ata və anasına başqa cür davranır".

Şəhər sakini Yaşar Rzayev: "Birinci növbədə uşaqların tərbiyəsində ananın rolu çox böyükdür. Təbii ki, burada ananın savadı, dünyagörüşü də mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, ailədə uşağın tərbiyəsi ilkin olaraq anadan asılıdır, amma atanın da rolu danılmazdır. Baba və nənə isə dünyagörmüş insanlar olduğu üçün uşaqların layiqli övlad olmasına təsir göstərir. Hesab edirəm ki, uşaqların yaxşı bir vətəndaş olaraq böyüməsi üçün ailədə həm milli dəyərlərə, həm də dini dəyərlərə üstünlük verilməlidir".

Şəhər sakini Rəna Əlizadə: "İlk öncə uşaqların tərbiyəsinə ana və ata nəzarət etməlidir. Çünki nənə və baba uşaqları daha ərköyün böyüdür. Bəzən ana və atanın icazə vermədiklərinə nənə və baba icazə verir. Bu da uşağın tərbiyəsində böyük rol oynayır".

Şəhər sakini Pərviz Xankişiyev: "Uşağa ümumiyyətlə baba və nənə baxmamalıdır. Çünki bu zaman uşağın tərbiyəsi düzgün olmayacaq. Nənə və baba uşaqları hər zaman əzizləyər, şirin sözlər deyər, amma acı söz deyə bilməz. Ona görə də, ən əsası valideynlərin verdiyi tərbiyədir".

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə