Açıq havada satılan qidalara üstünlük verənlər - XƏBƏRDARLIQ! - MÜTƏXƏSSİSLƏR AÇIQLADI

“Küçədə satılan məhsullardan qarpız və yemiş günəş şüalarından uzaq olmalıdır. Əgər bu açıq havada satılırsa, onların heç olmasa üstünə bir vasitə örtmək lazımdır. Yəni, üstü bağlı olub, kölgəli yerdə satılmalıdır. Qarpızla yemişin qabığı olduğu üçün üzərinə günəş şüası dəymədiyi təqdirdə açıq havada satışının heç bir təhlükəsi yoxdur. Təhlükə mənbəyi olan riskli qidalardır. Məsələn, ət, ağartı məhsulları və onlardan hazırlanan qidalar buraya daxildir. Bu məhsullar günəş şüası altında qaldıqda təhlükə mənbəyinə çevrilir. Həmçinin, şəffaf qablarda olan içkilər, yağlar və sular günəş şüalarından mühafizə olunmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında qida texnoloqu Ağa Salamov deyib.

Onun sözlərinə görə, çox vaxt açıq havada ət məhsulları, qatıq, süd, qaymaq, kərə və nehrə yağı satılır: “Bu kimi qidalar təhlükə mənbəyidir və onlardan uzaq durulmalıdır. Həmçinin, balıq və toyuq məhsullarının da açıq havada satılması zərərlidir. Bütün bunlar soyuducu şəraitində olmalıdır. Çünki, riskli qidalar qrupuna daxildirlər”.

Ağa Salamov sözlərinə belə davam edib: “Nəzərə alsaq ki, yay ayıdır suların özü də soyuq olmalıdır. Əsasən, xırda marketlərdə sular elə düzülür ki, günəş şüaları düz üzərinə düşür. Yəni, hətta sular belə istər yayda, istər qışda günəş şüalarından mühafizə olunmalıdır. Şüa suyun kimyəvi tərkibini dəyişə bilər”.

Məsələ ilə bağlı sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova münasibət bildirib: “Ümumiyyətlə, küçə ticarəti və onun ziyanları haqqında danışdıqda bu mövzu xüsusilə yay aylarında daha aktualdır. Çünki, biz qida məhsullarının satışından danışırıqsa, bir çox məhsullar yüksək temperaturda, yaxud günəş şüası altında saxlandıqda öz keyfiyyətini itirir. Həmçinin, bir çox hallarda da zəhərlənməyə səbəb olur. Buraya əsasən, uşaqlar üçün nəzərdə tutulmuş pateklənmiş məhsullar daxildir. Elə məhsullar var ki, bəzən satılmır və günlərlə günəş şüası altında qalır. Bunlarla həssas orqanizmi olan uşaqlar qidalandıqda daha çox təhlükəyə məruz qalır. Onlarda həzm sistemi pozulur və bağırsaqlarda problem yaranır”.

Məhsəti Hüseynova sözlərinə davam edib: “Ümumiyyətlə deyərdim ki, günəş şüası altında satılan məhsulların paketlənmişi olsa belə, alınması məsləhət görülmür. Bundan başqa adi suyun belə üzərində yazılır ki, 22-25 dərəcədən yuxarı temperaturda günəş şüası altında saxlanılmamalıdır. Yaxşı, olar ki, belə məhsullar sərin, qaranlıq və quru yerdə saxlanılsın. Amma biz görürük ki, saatlarla günəş şüası altında qalan məhsullar sonradan soyuducuda qoyularaq yenidən satılır. Bu zaman isə suların keyfiyyəti aşağı düşür və tərkibi dəyişir”.

“Qarşıdan Qurban bayramı gəlir. Yenə də, əsas təhlükə mənbəyindən biri ət məhsullarıdır. Bəzən olur ki, ət məhsulları sanitar-gigiyena qaydalarına uyğun olmayan yerlərdə kəsilir. Həmçinin, bu ətlər günün isti vaxtlarında saatlarla hətta günlərlə açıq havada qalır. Ət də zülal tərkibli olduğu üçün daha tez xarab olur. Bu zaman da orqanizm üçün çox zərərli ola bilər. Açıq havada satılan məhsullara meyvə-tərəvəzlər də daxildir ki, bunlarda da bir çox çarpaz və fiziki çirklənmə olur. Bir çox hallarda bəzi meyvələr var ki, yuyulmadan istifadə olunur. Bunlar da çox təhlükəlidir. Çünki, yuyulmayan meyvələr istifadə olunsa belə, üzərindəki qabıq açıq havada kifayət qədər çirklənməyə məruz qalır. Eyni zamanda, bu kimi məhsullardan uzaq durmaq, əgər alırıqsa yaxşı-yaxşı yumaq lazımdır".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə