Kimsəsizlərin kimsəsi kimdir? - ARAŞDIRMA

"Kimsəsiz kimsə yox, var hər kəsin bir kimsəsi,

Kimsəsiz qaldım, mədət, ey kimsəsizlərin kimsəsi"

Etiraf edirəm, bu yazıya başlayanda ilk olaraq nədən və hardan başlamaq barədə xeyli düşündüm. Adətən, yazılarımı öncədən planlaşdırmıram, mövzu ağlıma gəldiyi zaman barmaqlarım klaviaturanın üzərində öz-özünə hərəkət edir, cümlələr asanlıqla ardıcıl düzülür.

Mənim fəlsəfəmə görə, planlaşdırılan yazı səmimi deyildir. Amma tənha insanlarla bağlı yazmaq istəyəndə bir qədər duruxdum. Səbəbi qeyri-səmimi olmağım deyil, əksinə, bu barədə yazmaq ağrılı olsa da, cəmiyyətə gərəkli mövzudur. Çünki bizim cəmiyyət bu barədə olduqca az məlumatlıdır və geniş bilgiyə ehtiyac var. Elə bu səbəbdən də tənha insanlarla bağlı yazımız yarandı.

Kimsəsizlər mövzusu, əslində, çox geniş mövzudur- kimsəsiz uşaqlar, kimsəsiz qadınlar, kimsəsiz qocalar və s. Biz bu yazımızı cəmiyyətin unutduğu, gözdən-nəzərdən qıraqda qalmış qocalara həsr etməyi qərara aldıq. Bu barədə bizim mətbuatda olduqca az yazılır və belə yazıların sayı barmaqla sayılacaq qədər azdır.

Son vaxtlar bir neçə dəfə qocalar evindən reportajlar da hazırlanıb, amma bu, konkret olaraq orda yaşayanlarla bağlıdır. Biz isə qərara aldıq ki, doğmaları tərəfindən tərk edilən və ya kimsəsi olmayan, amma qocalar evində yaşamayan insanlarla bağlı yazaq.

Küçədə, avtobus dayanacağında, metro künclərində çox rast gəlirik kimsəsiz, yaşlı insanlara. Kimisi neçə yerindən yırtıq paltosuna bürünüb dayanacağın bir küncünə sığınır, kimisi küçədəki zibil yeşiklərində qida axtarır, kimisi də səhərdən axşamacan küçələrdə parklarda o yan-bu yana gedir. Amma onlara bura da çox görülür. Dəfələrlə şahidi olmuşam, polislər belə insanları zorla ərazidən uzaqlaşdırırlar.

Kimsəsizlərə yardım telefonu varmı?

Bizim ölkəmizdə 70 yaşına çatmış vətəndaşlar ahıl hesab edilir. 2010-cu ilin statistikasına görə, ölkəmizdə 70 və daha yuxarı yaşlı 430 minə yaxın insan yaşayır. Onlar da əhalinin yalnız 4,3 %-ni təşkil edir.

Tənha insanların, daha dəqiq desək, tənha qocaların əksəriyyəti ailəsi tərəfindən tərk edilmişlərdir. Bir çoxunun oğul-qızı var, amma hamısı evlənib, ailə qurub ayrı yaşamağı üstün tutur. Nəticədə, ya qoca ata-ana evdən atılır, ya da el dili ilə desək “damın altında tək qalırlar”.

Heç kim bədbəxt hadisədən sığortalanmayıb, hər dəqiqə nə isə baş verə bilər. Bunun üçün qocaların ilk müraciət edə biləcəkləri konkret bir ünvan, heç olmazsa telefon nömrəsi olmalıdır. Bu cür xidmətin mövcud olub-olmadığı barədə maraqlandıq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 012 142 etimad xətti sözügedən nazirliyin bu məqsəd üçün ayırdığı telefondur. Yəni, yaşlı və kimsəsiz insanlar yardım üçün bu telefona zəng edə bilərlər. Bundan başqa, nazirliyin nəzdində əlil, tənha və ahıl insanlara sosial xidmət şöbəsi var və 012 596 50/ 06/07/08 saylı xüsusi telefonlar da bu xidmət üçün nəzərdə tutulub.

Bundan başqa, Nazirliyin Sosial Xidmətlər Agentliyi tərəfindən "Qayğı" çağrı mərkəzi yaradılıb. Yəni istənilən şəxs küçədə və digər ərazilərdə kimsəsiz birini gördükdə çağrı mərkəzinə zəng vurmaqla onun həyatını xilas edə bilər. Vətəndaşlar kimsəsiz, evsiz, çətin həyat şəraiti ilə üzləşmiş şəxslərin sığınacağa yerləşdirilməsi ilə bağlı (012) 550 57 69 nömrəsinə və Nazirliyin 142 qaynar xəttinə müraciət edə bilərlər.

Bakının Zabrat qəsəbəsində yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağın və Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi yaradılıb. Sosial reabilitasiya mərkəzləri və sığınacaqlar kompleksində müasir tələblərə uyğun şərait yaradılıb. Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün 50 yerlik Sosial Sığınacaqda müasir tələblərə uyğun qəbul-qeydiyyat şöbəsi, yataq, müayinə və müalicə, stolüstü oyunlar, kompüter və təmiz inventar otaqları, kitabxana, yeməkxana, camaşırxana və s. fəaliyyət göstərir.

“Mən pul yox, qayğı istəyirəm...”

Tənha qocalardan yazırıqsa, onda gerçək bir həyat hekayətinə də ehtiyac vardı, kimdən yazım deyə çox düşünmədim, çünki ətrafımızda kimsəsiz və qayğıya ehtiyacı olan insanlar var. Yaşadığımız həyətdə tez-tez gördüyüm yaşlı bir nənə var, bir ayağı şikəstdir. Sınıq-salxaq əl ağacına söykənə-söykənə həyətdən keçib gedirdi.

Hərdən həyətdə rastlaşanda salam verirdim, başını ağır-ağır tərpədib salamımı alırdı. Bir neçə dəfə evinə ötürmüşdüm, yükünə kömək eləmişdim. Ona görə evinin ünvanını bilirdim. Ara-sıra evinə yemək və meyvə də aparırdım.

Söhbətləşmək üçün bir neçə dəfə evinə getdim, amma evdə tapmadım. Sonra həyətdə rastlaşdıq, elə ayaqüstü bir neçə sual verdim. Dediyinə görə, iki qızı bir oğlu var, həyat yoldaşı 6 ildir rəhmətə gedib. Qızları Bakıda ərdədir, oğlu Rusiyada yaşayır. Sonuncu dəfə övladlarını həyat yoldaşı öləndə görüb, ondan sonra onunla maraqlanmırlar.

Hərdənbir, daha dəqiq desək, ildə bir dəfə oğlunun 100-150 manat pul göndərdiyini deyən qadının dediyinə görə, qış aylarında kiçik bir mənzildə kommunal xidmətlərin xərci 50 manat edir...

Mənim bildiyimə görə, qonşular da ona tez-tez kömək edirlər, yemək və paltar verirlər. Amma övlad qayğısı başqa şeydir təbii, o yoxsa pulun nə önəmi var ki? Qocalar evində yaşamaq barədə sualıma isə belə cavab verdi: “Bu ürəyimdən keçib, amma hara, kimə, necə müraciət edəcəyim barədə bilmirəm”.

Kimsəsiz ahıllar niyə intihar edirlər?

Hər gün mediada ahıl və kimsəsiz insanların ölümü ilə bağlı xəbərlər eşidirik. Söhbət ödürülməkdən yox, özünü öldürməkdən- intihardan gedir. Kimsəsiz və ya yaxınları tərəfindən tərk edilmiş qocaların intiharı olduqca üzücüdür.

Psixoloqların fikrincə, cəmiyyətdə belə insanlara qarşı diqqətli davranılmalı və qayğı göstərilməlidir. Psixoloq Aliyə Aydınova deyir ki, ahıl insanlar ömrünün ikinci uşaqlıq çağını yaşayırlar, ona görə də onlarla bir yetişkin, qoca və ahıl kimi yox, uşaq kimi davranmaq lazımdır: “Mümkün qədər qəlbləri qırılmamalıdır, qayğıları çəkilməlidir. Onlar özlərini o zaman tək hiss edirlər ki, övladlar onlarla miras üçün maraqlanırlar, sağlıqlarında qapılarını açan da olmur”.

Aliyə xanımın fikrincə, qocaları intihara sürükləyən ən başlıca səbəb də budur. “Yalnızlıq ən böyük bədbəxtlikdir, yaşlı insanların hamısı bundan qorxurlar. Yaxınları tərəfindən tərk edilmək çox ahılın kabusudur. Tək qaldıqdan sonra isə çıxış yolu kimi intihara əl atırlar”.

Sağlam Cəmiyyət Hərəkatının hüquqşünası Leyla İsmayılovanın sözlərinə görə isə, daha da üzücü olanı odur ki, çox vaxt onların ölümündən sonra övladlar arasında ev və ya başqa bir obyektin davası gedir. “Bu yaxınlarda belə bir miras davası olmuşdu, yaşlı bir qadın ölümündən bir neçə ay əvvəl evini qardaşı oğlunun adına keçirmişdi, çünkü 4 övladından heç biri ona baxmırdı. Qoca qadınla yalnız qardaşı və onun ailəsi maraqlanırmış. O da evini onlara vəsiyyət edib. Təsəvvür belə edə bilməzsiniz, 4 bacı-qardaş bir-biri ilə necə dalaşırdı ev üçün...”

Hüquqşünas qeyd etdi ki, heç kimi olmayan ahıl insanların mülkü sonda fırıldaqçılara qismət olur: “Ev və yaşlı insanlar ovuna çıxan belə insanlar uzun müddət arayıb-araşdırdıqdan sonra heç kimi olmayan bu cür insanlıarı tapır və onlarla münasibət yaradır. Min cür fırıldaq və tələ qurub axırda evi öz adına keçirməyə nail olur”.

Kimsəsizlərə necə "kimsə" olmaq ola bilərik?

Müxtəlif təşkilatların hesablamalarına görə, tənha insanın minimum şərtlərlə yaşaması üçün ən azı ayda 300 manata ehtiyacı var. Ölkəmizdə rəsmi yaşayış minimumu isə 200 manatdır. Yaşlı insanların əksəriyyəti 200-250 manat civarında pensiya alır. Geyim, yemək, kommunal xərclər və s zəruri xərclər bura daxildir. Buraya səhiyyə xərclərini də əlavə etmək lazım gəlir. Bir çoxunuza məlumdur ki, yaşlı nəslin nümayəndələrinin böyük əksəriyyətinin qan təzyiqi, şəkəri və başqa xəstəlikləri var.

Şəkər xəstələrinə təmənnasız yardım göstərilməsi və dərmanla təmin edilməsi barədə tənha qocaların bir çoxunun məlumatı belə yoxdur. Ölkəmizdə şəkər xəstələrinə xüsusi şəkərölçən aparatlar-qlukometrlər verilir ki, bu aparatlar da kənardan əldə edilə bilməz. Çünki yalnız dövlət xətti ilə paylanır.

Bundan başqa, bəzi xəstəliklərdə dərman preparatları da pulsuz paylanır, amma məlumat azlığından bir çox tənha və kimsəsiz olan insanlar bu imkandan istifadə edə bilmirlər. Yaxşı olardı ki, bu barədə tədbir görülsün. Məsələn, telekanallarda bu haqda bildiriş videoçarxları yayımlamaq olar. Bu üsul çox yaxşı effekt verər və tənha insanlar üçün də nəsə etmiş olarıq.

Bu işdə ictimai təşkilatların da böyük rolu olmalıdır. Hər şeyi dövlətdən gözləmək olmaz. Biz jurnalistlərin işi isə burada başa çatır. Peşə borcumuzu deyirəm, vətəndaşlıq, insanlıq borcumuz isə buradan başlayır...

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...