Ermənistanda real sektor: Real çöküş İİTKM-in ŞƏRHİ

Beynəlxalq qurumların hesablamalarına görə, Ermənistandaartım tempinin cari ildə neqativ zonada olacağı, ortamüddətli dövrdə isə aşağı olaraq qalacağı proqnozlaşdırılır. Belə ki, “FitchRatings” təşkilatının 2020-ci ilin oktyabr ayında verdiyi proqnozlara əsasən iqtisadi artım tempi cari ildə -6,2 faiz, növbəti ildə isə 3,2 faiz təşkil edəcəyi gözlənilir. Buna səbəb kimi Covid-19 pandemiyasının təsiri ilə ölkədə iqtisadi aktivliyin aşağı düşməsi və Dağlıq Qarabağ münaqişəsinin yenidən başlanılması göstərilir. Ortamüddətli dövrdə isə Beynəlxalq Valyuta Fondu iqtisadi artım tempinin 2019-cu ilə nəzərən daha aşağı səviyyədə olacağını proqnozlaşdırıb və bunu iqtisadi artımın öz potensial səviyyəsinə yaxınlaşması ilə izah edib.

Ermənistanda iqtisadiyyatda yaradılan əlavə dəyərin ən böyük hissəsi indi iflic olan sənayenin payına düşür. Sәnayemәhsulunun təxminən üçdə ikisi emal sənayesində, üçdə biri isə mәdәnçıxarma və digər sektorlarda istehsal olunub. Emal sənayesində məhsuldarlığı aşağı olan sahələr, o cümlədən qida mәhsullarının istehsalı, içki istehsalı, tütün mәmulatlarının istehsalı, metal istehsalı daha çox paya malikdir. İqtisadiyyatın digər əhəmiyyətli bir hissəsini kənd təsərrüfatı təşkil edir. Belə ki, 2018-ci ilin sonuna kənd təsərrüfatı məşğulluqda 33 faiz, ÜDM-də təxminən 15 faiz paya malik olub.

Ümumi daxili məhsulun xərc komponentlərini təhlil etdikdə iqtisadi artımın hərəkətverici qüvvəsinin ev təsərrüfatlarının istehlak xərcləri olduğunu görə bilərik. 2019-cu ildə qeydə alınmış 7,6 faizlik iqtisadi artıma istehlak xərcləri 10,8 faiz bəndi, o cümlədən ev təsərrüfatlarının istehlak xərcləri 9,3 faiz bəndi, investisiyalar -3,1 faiz bəndi, xalis ixrac -0,1 faiz bəndi töhfə verib.

İstehlak xərclərinin əsas maliyyələşmə mənbələrindən biri xarici ölkələrdəngöndərilən pul baratlarıdır ki, bu məbləğ də azalır. 2019-cu ildə xaricdən daxil olmuş pul baratlarının ÜDM-də xüsusi çəkisi 10,9 faiz təşkil etmişdir ki, bu da iqtisadiyyatın xarici faktorlardan asılılığını göstərir.



Mənbə: Ermənistan Respublikasının Mərkəzi Bankı

Son 5 ildə Ermənistanda idxalın ixracı üstələməsi nəticəsində xalis ixrac iqtisadi artıma müsbət töhfə verə bilməyib. İxracın məhsullar üzrə strukturunda mineral maddələr, qiymətli metallar və daşlar, habelə digər metallar cəmi ixracda təxminən 50 faiz paya malikdir ki, bu da iqtisadiyyatın əmtəə qiymətlərindəki dəyişikliklərə həssas olduğunu deməyə əsas verir. Onu da qeyd edək ki, son 10 ildə ixracın məhsullar üzrə strukturunda əhəmiyyətli dəyişiklik baş verməyib.

2001-2008-ci illərdə iqtisadi artımın hərəkətverici qüvvəsini əsas kapitala yönəldilmiş vəsaitlər təşkil edib. Belə ki, həmin dövrdə xaricdən daxil olan pul baratlarının artımı tikinti bumuna səbəb olub. 2009-cu ildə daşınmaz əmlak bazarında köpüyün partlaması nəticəsində investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların iqtisadiyyatda rolu azalmağa başlayıb. Belə ki, birbaşa xarici investisiyalar son 10 ildə azalan dinamikaya malik olub və ÜDM-də xüsusi çəkisi 2009-cu il ilə müqayisədə 6,9 faiz bəndi azalaraq 2019-cu ildə 1,9 faizə enib. Halbuki, bu göstərici ötən il Moldovada 5 faiz, Gürcüstanda 7,2 faiz, Albaniyada 7,9 faiz, Estoniyada 9,4 faiz təşkil edib. Birbaşa xarici investisiyaların son illərdəki strukturuna diqqət yetirdikdəxarici vəsaitlərin yarıdan çoxunun dağ mədən sənayesinə və enerji sektoruna yönəldiyini görə bilərik.

Ermənistanda ixracı və investisiyaları artırmaq və bununla da dayanıqlı və rəqabət qabiliyyətli iqtisadiyyat qurmaq üçün bir sıra məsələlər, o cümlədən institutlar, rəqabət, demoqrafiya və infrastruktur ilə bağlı problemlər həllini tapmalıdır.

Məlum olduğu kimi, infrastruktur ixraca və ölkənin birbaşa xarici investisiyalar üçün cəlbediciliyinə təsir göstərən başlıca amillərdəndir. Qeyd edək ki, Ermənistanda cəmi yükdaşımaların həcminin 84 faizi, sərnişindaşımalarının isə 88 faizi avtomobil yollarının payına düşür. Avtomobil yollarının keyfiyyətinə görə 2019-cu ildə dərc olunan “Qlobal Rəqabətlilik Hesabatı”nda (bundan sonra – Qlobal Rəqabətlilik Hesabatı) Ermənistan 141 ölkə arasında 91-ci yerdə qərarlaşmışdır. Avtomobil yollarının keyfiyyətinin aşağı olmasının başlıca səbəbi dövlət büdcəsindən yolların tikintisi və saxlanması üçün kifayət qədər vəsaitin ayrılmamasıdır. Belə ki, 2016-cı ildə avtomobil yollarının saxlanmasına yönəldilən xərclərin ÜDM-ə nisbəti 0,14 faiz (12 milyon Avro) təşkil etmişdir ki, bu da Ermənistanın İnkişaf Strategiyasında nəzərdə tutulan hədəf göstəricisindən (ÜDM-in 0,25 faizi) aşağıdır.

Ölkədə demoqrafik və sosial-iqtisadi vəziyyətlə əlaqədar əmək qabiliyyətli əhalinin sayında azalma müşahidə olunur. Belə ki, gənclər arasında işsizlik səviyyəsi yüksək olduğundanəmək qabiliyyətli əhali ölkəni birdəfəlik tərk edir. 2018-ci ilin sonuna gənclər arasında işsizlik kişilərdə 31 faiz, qadınlarda isə 46 faiz olub. Əmək qabiliyyətli əhalinin sayına mənfi təsir göstərən digər bir amil1990-cı ilin əvvəllərindən 2000-ci ilədək yeni doğulan uşaqların sayında qeydə alınan azalmadır. Ümumilikdə Avropa Yenidənqurma və İnkişaf Bankına əsasən 2008-2017-ci illəri əhatə edən dekadada əmək qabiliyyətli əhali 14,5 faiz azalıb.

Məxməri inqilabdan sonra Ermənistanda korrupsiya ilə mübarizə sahəsində bir sıra tədbirlər, o cümlədən korrupsiya və vergidən yayınma ilə bağlı təhqiqatların başlanılması, bəzi keçmiş dövlət məmurlarının həbs edilməsi həyata keçirilib. Bununla belə, Ermənistanın Qlobal Rəqabətlilik Hesabatında korrupsiya göstəricisi üzrə mövqeyində (141 ölkə arasında 91-ci yer) yaxşılaşma baş verməyib. Dünya Bankı tərəfindən dövlət idarəetməsi sahəsində 2019-cu il üzrə aparılan qiymətləndirmələrin nəticələrinə əsasən Ermənistan region ölkələrindən geri qalır.

Dövlət idarəetməsində qeyd edilən problemlərin nəticəsi olaraq siyasətçilərin bizneslə əlaqəsinin yaranması, habelə daxil bazarın həcminin kiçik olması, ölkənin quru sərhədlərinin əhəmiyyətli hissəsinin bağlı olması iqtisadiyyatda rəqabəti məhdudlaşdırsa da, korrupsiya ilə mübarizə sahəsində əldə edilmiş ilkin uğurlar rəqabətin güclənməsinə təkan verib. Belə ki, idxalda qeyri-rəsmi inhisarçılığın və gömrük orqanlarında korrupsiyanın azaldılması ilə bağlı görülmüş işlərin nəticəsində ərzaq məhsullarının idxalı ilə məşğul olan şirkətlərin sayında artım baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə