Virusla uğurlu mübarizənin əsasını vətəndaş məsuliyyəti təşkil edir - MÖVQE ÖZƏL

"Son günlər koronavirusa yoluxma hallarındakı statistik rəqəmlərə fikir versək görərik ki, ümidverici nəaliyyətlər əldə olunmaqdadır. Baxmayaraq ki, hələ də gün ərzində Covid-19-a yoluxan insanlarımızın sayı 500 civarındadır, ancaq bununla bərabər hər gün sağalanların da sayı artıq yoluxanların sayına yaxınlaşır. Son zamanlar görülən tədbirlərin və karantin rejiminin sərtləşdirilməsinin müsbət nəticələrinin getdikcə artacağına ümid verir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, virusla aparılan mübarizədə yoluxanların sayının azalması əsas məqamlardan biridir: "Çox sevindirici haldır ki, insanlar arasında artıq məsuliyyət hissi də artır. İstər küçədə, istər marketlərdə və yaxud nəqliyyat vasitələrində insanlarımız birmənalı şəkildə maskalardan istifadə edirlər. Məhz bunun nəticəsidir ki, son günlər yoluxanların sayında artım müşahidə edilmir. Karantin rejiminin daha da sərtləşdirilməsi məsələsinə gəldikdə isə düşünürəm ki, insanlar məsuliyyətli davranaraq maskalar və digər qoruyucu vasitələrdən istifadə etsələr, eyni zamanda bu vasitələrdən istifadə etməyən vətəndaşlara qarşı ictimai qınaq formalaşdırsalar karantin rejiminin daha da sərtləşdirilməsinə bir o qədər ehtiyac qalmayacaq".

K.Əliyeva vurğulayıb ki, əsas məsələ insaların öz məsuliyyətini dərk etməsidir: "Hər birimiz bu qaydalara riayət etməklə dövlətimizin bu günə qədər gördüyü tədbirlərə öz dəstəyimizi vermiş olacağıq. Dövlətimiz öz vətəndaşının sağlamlığı üçün bütün vasitələrdən istifadə edib. Karantin rejiminin tətbiq olunduğu ilk dövürlərdə virusun yayılma tempi çox aşağı olub. Lakin karantin rejiminin yumşaldılmasından sonra virusun yayılma arealı genişləndi. Bu isə o deməkdir ki, nə olur olsun, hansı tədbirlərin alınmasından asılı olmayaraq vətəndaş məsuliyyəti aparılan işlərin gedişatında həlledici rol oynayır. Ümid edirəm ki, insanlarımız məsələnin mahiyyətini daha da dərindən dərk edərək bundan sonra daha məsuliyyətli olacaq və bu bəladan birlikdə mübarizə aparmaqla qurtulmuş olacağıq".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə